BolgeXeber.Com » Analitika » “Onlar haradadır?” – Turizm menecmentlərinə İTTİHAMLAR

“Onlar haradadır?” – Turizm menecmentlərinə İTTİHAMLAR

26-12-2018, 15:45
Oxunub: 5 529 “Onlar haradadır?” – Turizm menecmentlərinə İTTİHAMLARAzərbaycanda ən çox tənqid olunan sahələrdən biri də turizmlə bağlıdır. İstər yayda, istərsə də qışda turizm sahəsi ilə bağlı çatışmazlıqlar ortaya çıxır.

Bildirilir ki, xidmətin aşağı səviyyədə olması bir yana, üstəlik qiymət siyasəti də ürəkaçan deyil.

Hazırda Azərbaycanda qış turizminə start verilib. Buna baxmayaraq əhalinin aztəminatlı təbəqəsi bundan yararlana bilmir. Şahdağ turizm mərkəzində xizəklərin qiyməti 40-50 manat civarında dəyişir. Bu da yerli əhalinin qiymət siyasəti ilə uzlaşmır. Ona görə də insanlar xarici ölkələrin daha ucuz başa gələn turizmindən yararlanmağa çalışır.

O zaman çatışmazlıqların səbəbi nədir?



Niyə görə qiymətlər cibimizə uyğun hesablanmır?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında deyib ki, ölkədə bir, iki ulduzlu otellər də olmalıdır.



“Bir və iki ulduzlu otellər yoxdur”



“Qış turizmi ən bahalı turizm növü hesab olunur. Ona görə də müxtəlif səviyyəli xidmətləri var. Məsələn, götürək Alp dağlarını. Fransa, İsveçrə, Avstriya və İtaliyada ən bahalı qış turizmi mövcuddur. Digər yerlər olan Finlandiya, Norveç İsveçdir ki, orada qiymət səviyyəsi ortadır. Aşağı qiymət seqmentində Bolqarıstan, Slovakiya və Polşadır ki, qış turizmi normaldır. Burada istirahət etmək olar. Azərbaycanda isə hər şey yüksək qiymətlə yaradılır. Beş ulduzlu otellər tikilsə də bir və iki ulduzlu otellər yoxdur. Buna görə də təklif olaraq Azərbaycan Turizm Assosiasiyasına Zaqatala, Qax kimi dağlıq rayonlarında qış turizmini inkişaf etdirmək üçün infrastruktur yaradılmasını təklif etmişəm”.



“Öz arşınları ilə ölçürlər”



Müşavir bildirib ki, burada ikinci əsas məqsəd menecmentin zəif olması ilə bağlıdır.



“Apardığımız müşahidələrə görə deyə bilərik ki, qış turizminin idarə olunması xarici mütəxəssislərə verilir. Xarici idarəçilik də yerli turizmimizi öz arşını ilə ölçür. Məsələn, Şahdağ turizm mərkəzində də xarici mütəxəssislər çalışır. Onlar çox məsələləri bilmirlər. Çünki bizim ekologiya sistemimiz, həyat səviyyəmiz onlara yaddır. Ona görə də Fransa və digər ölkələrin qiymət siyasətini yeridirlər. Belə olmaz! Burada nüanslı, girintili çıxışlı çox çevik qiymət siyasəti var. Görünür ki, menecment də düzgün qurulmayıb. Qış turizminə rəhbərlik edən menecmentlərin müsabiqəsini keçirsək, aydın olacaq ki, onların çatışmayan cəhətləri var. Biz turizmin inkişafından danışırıqsa və orada inkişaf sözü varsa, deməli bütün təbəqələr orada təmsil olunmalıdır. Həm daxildəki vətəndaşlarımız, həm də xaricdən gələn aztəminatlı qonaqlar da qış turizmindən istifadə etməlidir”.



“Turizm sahəsi üzrə kadrlar ortada yoxdur”



Müzəffər Ağakərimov kadrlardan da söz açıb.



“Öncə Azərbaycanda güclü və yerli kadrların potensialından tam istifadə etmək lazımdır. Halbuki, istifadə olunmur. Bundan qəti şəkildə əminəm. Çünki işin içində olduğumdan bunları bilirəm. Amma hansı səbəblərdən istifadə olunmadığını bilmirəm. 2006-cı ildən Azərbaycan Turizm İnstitutu fəaliyyət göstərir. 2000-ci illərdən Qərb Universiteti, Bakı Dövlət Universiteti, İqtisadiyyat Universiteti turizm üzrə kadrlar hazırlayır. Qusarda, Şəkidə turizm personalı hazırlanır. Onlar haradadır?! 20 il olar ki, turizm mütəxəssisləri yetişdiririk, amma ortada bir adam yoxdur. Beş ulduzlu otellərə menecmentləri müsabiqə yolu ilə qəbul etməliyik. Kim güclüdürsə, o da qalib gəlsin. Gedib xaricdən yaxşı kadr deyib gətirməyin yeri yoxdur. Elə yaxşı kadrdırsa. Fransada İspaniyada qalardı da! Çünki orada üçqat, dördqat maaş verirlər”



“Ciddi işlər görülməlidir”



Sədrin müşaviri turizmin inkişafından sözdə danışmağın mənasız olduğunu söyləyib.

“Bayaq Bolqarıstanın, Slovakiyanın ucuz qış turizmini boşuna qeyd etmədim. Bu məlumatı alandan sonra imkanım orada dincəlməyə çatır. Bu zaman həmin ölkəyə axın edən turistlərin sayı daha da çoxalacaq. Eyni siyasəti biz də edə bilərik, amma etmirik. Ölkəyə çoxlu turist cəlb etmək üçün qiymət marketinqi münasib olmalıdır.



Yoxsa ümumi formada turizmin inkişafından danışmaq mənasızdır. Əməli iş görmək lazımdır. Yoxsa belə alınmayacaq. Bu sahədə ciddi işlər görməliyik”.