XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qaranlıqda qalanlar, məhsulların mənşəyi və 500 manatlıq iddia - Bakının Novruz çadırları

Qaranlıqda qalanlar, məhsulların mənşəyi və 500 manatlıq iddia - Bakının Novruz çadırlarıSon günlər Bakının müxtəlif metrostansiyalarının çıxışlarında Novruz bayramı ilə əlaqədar xüsusi çadırlar qurulub

Burada qoz, fındıq, ləbləbi, iydə və müxtəlif meyvə quruları satılır.

Cebhe.info əməkdaşı satılan malların keyfiyyətini, vətəndaşların alıcılıq qabiliyyətini öyrənmək üçün həmin çadırlardan birinə - "Gənclik" metrostansiyasının yanındakı çadıra baş çəkib.

“Əsas üstünlüyümüz tərəzidə saxtakarlığa yol verməməyimizdir”.

Səhər 09:00-dan piştaxtaları hazır olan mini yarmarkalar açılan kimi müştərilər maraq göstərməyə başlayırlar. Qoz-fındığa xüsusi diqqət yetirən satıcıya yaxınlaşaraq çadırlarla bağlı ümumi məlumat almağa cəhd etdik. Onun ilk cümləsi “Problemlərimizdən də yazacaqsınızsa, suallarınıza cavab verərəm” oldu. İşimizin problemləri qeyd etmək, həll olunması üçün vasitəçi olmaq olduğunu bildirdikdən sonra malların qiymətləri ilə maraqlandıq: “Bazardakılardan heç fərqlənmir. Hətta oradakılardan daha ucuzdur. Məsələn, 3,6,8 manata qoz var, fındıq 4-10 AZN arası dəyişir. Çərəzlərdə də qiymət o qədər baha deyil. Bazar və market qiymətləri ilə bərabər səviyyədədir. Əsas üstünlüyümüz tərəzidə saxtakarlığa yol verməməyimizdir. Bəzi yerlərdə alıcıları çəkidə aldadırlar, amma bizdə elektron tərəzilərdən istifadə olunur. Bu da səhv etməməyimizə şərait yaradır”.

“Bizə deyilib ki, bunlar satılmalıdır, satırıq”

Diqqətçəkən məqamlardan biri satıcının satdığı malların yerli və ya xarici istehsal olduğunu bilməməsi idi: “Bu haqda məlumatımız yoxdur. Bizə deyilib ki, bunlar satılmalıdır, satırıq. Müştərilər soruşanda açıq-aşkar deyirik ki, bilmirik. Sadəcə, malın qiyməti haqda məlumat veririk. Onlar da öz istəklərinə uyğun olaraq ya alır, ya da almırlar”.

Məsələ ilə bağlı, yəni həmin məhsulların mənşəyinə dair araşdırma olub-olmadığını öyrənmək üçün Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə yaratmağa çalışdıq. Qurumun mətbuat departamentinin şöbə müdürü Mansur Piriyevlə dəfələrlə əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qaldı.

Alıcılıq qabiliyyətinin ötən illərə nisbətən artıb-azalmasını soruşanda da maraqlı cavabla qarşılaşdıq: “Gəlib 100 qram qoz istəyən də var, 1 kilo alan da”.

“İşıq çəkməyə qoymurlar”

“İlk cümləniz “Problemimizi yazacaqsınızsa, suallara cavab verim” oldu. Nədən şikayətçisiniz?”,- deyə soruşduğumuzda satıcı “Azərişıq”dan gileyləndi: “İşığımız yoxdur. Çəkməyə qoymurlar. İdarədən gəlib pul tələb edirlər. İşıqdır, istifadə ediriksə, ödəməliyik. Amma burda bir aya 500 manatlıq nəsə etmirik axı? Qonşu obyektlərə də deyiblər ki, onlara işıq versəniz, sizi cərimələyəcəyik. Saat 6-7-dən sonra qaranlıqda qalırıq. Göz gözü görmür. Normal olaraq işıq üçün 50-60 manat istəsələr, verərik, amma 500 manat çoxdur axı”.

“Operator dərhal vəzifəsindən azad olunacaq, əgər…”

Şikayətçilərin müraciəti ilə bağlı “Azərişıq”la əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev şikayətlə bağlı Nəzarət Departamentinə məlumat verəcəyini bildirdi:

“Mən bunu şər adlandırardım. Heç bir “Azərişıq” əməkdaşının ixtiyarı yoxdur ki, elektrik enerjisinin istifadəsinə görə vətəndaşdan pul tələb etsin. Əgər belə bir hal baş veribsə, həmin nümayəndə vəzifəsindən dərhal uzaqlaşdırılacaq. Elektrik enerjisinin istifadəsinə icazə “ASAN Xidmət”dən alınır. İstər yaşayış yeri, istər həyət, istərsə də obyekt olsun. Bunların hamısı “ASAN Xidmət”ə müraciət etməlidir. Texniki şərt alındıqdan sonra həmin əraziyə elektrik enerjisinin verilməsi mümkündür. Kimlərsə haradasa çadır qurub və qeyri-qanuni yolla elektrik enerjisindən istifadə edirsə, bu, qayda pozuntusudur. Belə hallar yolverilməzdir. Bu halla bağlı mən indi Nəzarət Departamentinə xəbər verəcəyəm ki, məsələ araşdırılsın. Bu haqda heç bir məlumatım yoxdur. Belə bir şikayət bizə daxil olunmayıb. Vətəndaşın dedikləri doğrudursa, həmin operator dərhal vəzifəsindən azad olunacaq. Həmin satıcılar da mütləq elektrik enerjisinin texniki şərtini almaq üçün “ASAN Xidmət”ə müraciət etməlidirlər”.
Bölmə: Analitika | 28 fevral 2019 10:28





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: