BolgeXeber.Com » Analitika » Gözlənilən seçkidə daha çox iştirak edən peşə sahibləri: Müəllim, həkim, jurnalist, xadimə, usta....

Gözlənilən seçkidə daha çox iştirak edən peşə sahibləri: Müəllim, həkim, jurnalist, xadimə, usta....

11-01-2020, 15:11
Oxunub: 10 562 Gözlənilən seçkidə daha çox iştirak edən peşə sahibləri: Müəllim, həkim, jurnalist, xadimə, usta.... Azərbaycanda 2020-ci il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün indiyə qədər dairə seçki komissiyaları üzrə qeydə alınan namizədlərin siyahısı açıqlanıb. Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən məlumata nəzər saldıqda maraqlı məqamlar ortaya çıxır.



Modern.az parlament seçkilərində iştirak etməyə ən çox hansı peşə sahiblərinin maraq göstərdiyini araşdırıb.



İlk öncə onu qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası irəli sürdüyü namizədlərin məşğuliyyəti haqqında açıqlama yaymışdı. YAP-ın bildirdiyinə görə, irəli sürdüyü 123 namizəddən 32 nəfər dövlət sektorunda çalışır. 45 nəfər Milli Məclisin deputatı, 6 nəfər isə bələdiyyə üzvü olmuş namizəd YAP tərəfindən irəli sürülüb. Bundan əlavə səhiyyə sahəsi üzrə 6 nəfər, təhsil üzrə 22 nəfər, özəl sektorda çalışan 10 nəfər hakim partiya namizədi də var. YAP-ın siyahısında müvəqqəti işsiz 2 nəfər də yer alıb.



Ümumi siyahıya nəzər saldıqda isə aydın olur ki, dairələr üzrə parlament seçkilərinə ən çox təhsil işçiləri qatılmaq istəyirlər. Belə ki, hər dairə üzrə namizədliyini irəli sürən, qeydə alınan şəxslər arasında ən azı 4-5 nəfər təhsil işçisi var. Müəllimlər, məktəb direktorları, rayon təhsil şöbələrinin rəhbər və işçiləri, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları, hətta regionlarda orta məktəblərdə çalışan ocaqçı, xadimə peşəsinin sahiblərindən belə deputat olmaq istəyənlər var. Bir neçə dairədən texniki işçi və usta peşəsinin sahibləri də namizədliyini irəli sürüb.



Orta təhsilli şəxslərin də deputatlığa namizədliyi qeydə alınıb ki, bu da maraqlı məqamdır. 18 yaşı tamam olan hər kəsin parlament seçkilərinə namizədliyini irəli sürmək hüququnu nəzərə alsaq, həmin şəxslərin ali təhsili olmadan seçkilərdə iştirakı da mümkünsüz deyil.



Orta təhsilli namizədlər ən çox 74 saylı Lənkəran kənd seçki dairəsində qeydə alınıb. Bu dairədə 5 nəfər orta təhsilli namizədliyi qeydə alınmış şəxs var.



Xüsusi vurğulamaq lazımdır ki, parlament seçkilərində iştirak etmək istəyənlər arasında müxtəlif idarə və təşkilatların rəhbərləri, idarəetmə sahəsində təcrübəli şəxslər, jurnalistlər və həkimlər də üstünlük təşkil edirlər.



Diqqət çəkən məqamlardan biri də odur ki, 28 saylı Sabunçu üçüncü Dairə Seçki Komissiyasının təsdiq etdiyi namizədlərdən bir nəfəri hərbi xidmətdə olduğuna görə, namizədlikdən imtina etmək məcburiyyətində qalıb.