Əkrəm Həsənov: “Problemli kreditlərlə bağlı vəziyyət hələ bir neçə il sürəcək”

Əkrəm Həsənov: “Problemli kreditlərlə bağlı vəziyyət hələ bir neçə il sürəcək”

Əkrəm Həsənov: “Problemli kreditlərlə bağlı vəziyyət hələ bir neçə il sürəcək”“Hazırkı vəziyyət hələ bir neçə il sürəcək”

Sentyabrın 22-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar qəbul etdi. Qərara əsasən, kredit götürən şəxslər borclarını manatın cari məzənnəsi ilə qaytarmalıdır. Son rəsmi məlumatlara görə, Azərbaycan banklarında problemli kreditlərin həcmi 1,8 milyard manata yaxınlaşıb.

Bəs bu problemin həlli necə mümkün olacaq?

“Yeni Müsavat”a danışan ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bir sıra məqamlara toxunub. Ekspert bildirib ki, ilk növbədə problemli kreditləri bölmək lazımdır: “Birincisi milli valyutada olan kreditlərdir. Bunlar çox olmasa da, yox da deyil. Bu kreditlərin ödənilməsi prosesi aydındır və bunlar qaytarılmalıdır. Xarici valyutada olan kreditlər isə əksəriyyəti təşkil edir. Konstitusiya məhkəməsinin qərarı artıq tam təsdiqlədi ki, bu kreditlər cari məzənnə ilə qaytarılmalıdır və heç bir güzəşt də olmayacaq. Prinsipcə, bu kreditlərin cari məzənnə ilə qaytarılması məsələsi artıq çoxdan bəlli idi. Ancaq Konstitusiya Məhkəməsinin son qərarında deyildi ki, heç bir güzəşt olmayacaq. Əlbəttə ki, hansısa bank istərsə, özü güzəşt edə bilər. Həm xarici, həm də milli valyutada olan kreditləri iki böyük qrupa bölmək lazımdır. Əgər krediti olanın kifayət qədər girovu varsa və bunun da cari qiyməti kreditin qalığından çoxdursa, onlar borclarını qaytarmağa çalışırlar. Çünki krediti qaytarmasalar, girovları əldən çıxacaq. Eyni vəziyyət o şəxslərə də aiddir ki, onların kifayət qədər əmək haqqı, pensiyası var. Yəni bu şəxslər də krediti qaytarmasalar, borc onların əmək haqlarından çıxılacaq. Problemi kreditlərin əksəriyyəti ikinci qrupa aiddir. Yəni bu şəxslərin demək olar ki, əmlakları və gəlirləri yoxdur. Konstitusiya Məhkəməsinin və ya digər orqanların qərarından asılı olmayaraq, həmin borc alanlar faktiki olaraq müflisdir. Yəni bunlar onsuz da krediti qaytara bilmirlər. İstər cari məzənnə olsun, istərsə də əvvəlki məzənnə. Sahibkarlarda da vəziyyət eynidir. Təbii ki, bu şəxslər krediti qaytarmayacaqlar. Çünki qaytarmaq üçün mənbə yoxdur. Vətəndaşlara gəldikdə qanun onlara özlərinin müflis olduqlarını elan etməyə imkan versə də, məhkəmələrimiz müxtəlif bəhanələrlə bu hüququ tanımırlar. Vətəndaş krediti qaytara bilməyəndə icra məmurları onları dəvət edib, həbslə qorxudurlar. Bəzi hallarda təəssüf ki, həbs də edirlər. Bununla bağlı da Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayət vermişəm. Ümid edirəm ki, yaxın zamanda bu məsələyə baxılacaq və vətəndaşların həbs qərarı götürüləcək. Vəziyyət bu cür davam edə bilməz. Vətəndaşlar onlara edilən hədələrə dair şikayət verməlidir. Şirkətlərə gəldikdə təəssüf ki, Azərbaycanda qanun icazə versə də, şirkətlərin də özlərini müflis elan etmək hallarına çox az-az rast gəlinir. Çünki məhkəmələr bundan da yayınırlar. Son zamanlar belə bir tendensiya çıxıb ki, bəzi şirkətlərin sahiblərini hüquq-mühafizə orqanları dəvət edib, qorxutmağa başlayır”.

Ekspert bildirib ki, bizim qanunvericiliyimiz sahibkarın götürdüyü kreditə görə cinayət məsuliyyəti nəzərdə tutur: “Ancaq bu, krediti qaytarmamağa görə deyil. Birincisi, qanunsuz kredit almağa görədir. Yəni tutalım saxta sənəd verib, məlumat verən zaman bankı aldadıb və sairə. İkincisi isə aldığı krediti təyinatı üzrə istifadə etmədikdə. Bu zaman isə təkcə sahibkarı deyil, bank işçilərini də məsuliyyətə cəlb etmək lazımdır. Çünki bu hallar onların iştirakı olmadan baş verə bilməz. Vəziyyət hələ bu cür formada bir neçə il də davam edəcək. Kimdən bacarsalar, ondan pulunu alıb, girovunu satacaqlar. Kimin pulu yoxdursa, ona təzyiq göstərib, həbs edəcəklər. Hansı sahibkar ki, öz hüququnu qoruya bilsə, ona təsir edə bilməyəcək. Ümumilikdə isə problem ən azı, 5 il davam edəcək. Konstitusiya məhkəməsinin son qərarı həmçinin imkan yaratdı ki, Mərkəzi Banka qarşı iddia qaldırsınlar. Ola bilər ki, yaxın dövrdə bu iddiaların şahidi olacağıq. Çünki Konstitusiya Məhkəməsi dedi ki, milli valyutanın devalvasiyasını Mərkəzi Bank edib və vətəndaşlar da bunu bilməli idilər. Lakin hər kəsin xatirindədir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov devalvasiyadan bir neçə gün öncə çıxış edərək xalqı aldatdı ki, heç bir devalvasiya olmayacaq. Buna görə də vətəndaşlar Konstitusiya Məhkəməsinin qərarına istinad edərək, Mərkəzi Banka qarşı iddia qaldıra bilərlər”.

Ekspert onu da bildirdi ki, bankların da vəziyyəti çətin olaraq qalmaqdadır: “Bankların vəziyyət düzələ bilməz. Çünki onlar problemli kreditlər məsələsini həll edə bilmirlər. Onlar güc yolu ilə problemi həll etmək istəyirlər ki, bu da mümkün olmayacaq. Banklar real güzəştlərə getmirlər. Vətəndaşlar da müxtəlif vasitələrlə krediti ödəməkdən yayınacaq. Təəssüf ki, bu məsələdən bəzi borc alan dələduzlar da istifadə edirlər. Bəzi borc alanlar elə bilə-bilə borc alıblar ki, bunu qaytarmasınlar. Onlar əksər hallarda bank rəhbərləri ilə əlbir olublar. İndi bu şəxslər də bizim dediklərimizə istinad edib, krediti qaytarmırlar. Ancaq banklar real güzəştlərə başlasaydılar, dələduzların əlində əsas qalmazdı və bankların probleminin bir qismi həll olardı. Problemli kreditlərin əksəriyyətini elə bank sahibləri ilə bank rəhbərləri özləri yaradıblar. Yəni öz şirkətlərinə, yaxınlarına kredit veriblər. Fikir də bu olub ki, kredit getsin, qayıtmasın da. Ona görə də tam obyektiv yoxlama aparılıb, bu kreditlər üzə çıxarılmalıdır. Ancaq bu iradəni görmürəm”.

Əli RAİS
1-10-2018, 11:36
Geri qayıt