Banklar bizi necə qarət etməkdədirlər... - Al, xərclə, borclan...

Banklar bizi necə qarət etməkdədirlər... - Al, xərclə, borclan...

Banklar bizi necə qarət etməkdədirlər... - Al, xərclə, borclan...Banklar əhaliyə müxtəlif adlarda kredit təklifləri edir

Bunlardan ən geniş yayılanlarından biri də kredit kartlarıdır.

Məsələn, “Unibank”ın “Albalı Plus”, “Bank of Baku”nun “Bolkart”, “Yapı Kredi Bank”ın “Worldcard” və digər adda olan kredit kartları mövcuddur. Bir müddət öncə Azərbaycanda kifayət qədər populyarlıq qazanan bu kartlar sonradan əhalinin əsas probleminə çevrildi. Ödənişlərdə olan anlaşılmazlıqlar əhalini ciddi şəkildə borca saldı.

Baxmayaraq ki, müqavilədə kart vasitəsilə istifadə olunan hər 100 manata görə aylıq 5 manat faiz tutulması göstərilir, ancaq sonradan gələn ödəniş məbləğlərinin artıq olması və əlavə ödənilən vəsaitlərin əsas məbləğə aid olunmaması vətəndaş-bank arasında anlaşılmazlıq yaratdı. Ödəniş üçün hər ay gələn fərqli məbləğlər, ödənilən pullar və hər ay borcun şişməsi demək olar ki, heç bir müştəri tərəfindən başadüşülən olmadı.

Təsadüfi deyil ki, sonradan ödənişlərdə yaranan problemlər, əhalinin narazılıqları artdı və bank çıxış yolu kimi, kredit kartlarını nağd kreditlərə çevirdi. Əslində bu da bankların xeyrinə işləyən addım oldu. Çünki banklar bu əvəzləmədən də ən az 28 faiz əlavə gəlir əldə etdi. Çünki yeni açılan kredit xətti, yeni müqavilələr bankların şərtlərinə uyğun aparılırdı. Digər tərəfdən də əvvəl manatla verilən kreditlərin əksəriyyəti sonradan yeni müqavilələrdə dollar kreditinə çevrildi ki, bu da devalvasiyadan əvvələ təsadüf etdi. Devalvasiyadan sonra isə əhali üçün əlavə xərc yarandı ki, problemli kreditlərlə bağlı hazırkı vəziyyət deyilənlərin bariz göstəricisidir. Təsadüfi deyil ki, bu gün problemli kreditlərin həcmi ən yüksək olan banklar məhz kredit kartları verən banklardır.

Problemlər bu gün də qalmaqdadır. Onların həlli üçün təklif olunan mexanizmlər isə müsbətə doğru dəyişiklikdən daha çox əlavə problem yaratmağa hesablanmış görünür.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində kartlarda yaranan problemləri bankların yanlış sistemlə işləməsi ilə izah edib: “Gec-tez hər birimizin kredit kartlarına keçməyimiz lazım olacaq. Azərbaycanda şəffaf ödəniş, vergi sistemi, dövriyyədə olan pulların normal şəkildə qeydiyyata düşməsini, korrupsiyanın azalmasını istəyiriksə, kart sisteminə keçilməsi vacibdir. Dünyada artıq nağd alış-veriş etmək, vəsaitlərin nağd şəkildə istifadəsi azalıb. İstənilən ölkədə küçədə qəzetdən tutmuş böyük alış-veriş mərkəzlərində kartdan istifadə olunur. Azərbaycanda isə bu çox az yayılıb. Bu günə qədər də ticarət dövriyyəsinin 92 faizdən çoxu nağd vəsait üzərindən aparılır. Bu da çox ciddi problemdir.

Kartların normal şəkildə işləməsi örnəyi də var. Məsələn, Türkiyədə əhalinin demək olar ki, hamısı bank kartlarından istifadə edir, banklarla özəl müqavilələr bağlayırlar. Azərbaycanda isə bununla bağlı problemlər yarandı. Doğrudur, bunun obyektiv səbəbi oldu ki, devalvasiyadan sonra bankların verdiyi kartların ödənişləri ilə problemlər yarandı, faizlər yüksəldi, gecikmələr oldu.

Bu isə bank sektorunda yaranmış özəl durumla əlaqəli idi. Amma banklar bundan dərs çıxarmadılar, əksinə, yenidən bütün yükü vətəndaşın üzərində olan bir sistemdən istifadə etməyə qərar verdilər. Faizlər çox yüksəkdir. Bank kartlarında 25-30 arası faiz var. Bununla yanaşı bəzi yerlərdən alış-veriş edərkən əlavə xərclər yaranır. Yəni, bu cür problemlər oldu deyə, həm əhalinin gözündən düşdü, həm də bankların daha çox vətəndaşı hədəf alan siyasəti vətəndaşların bu kartlardan uzaqlaşmasına səbəb oldu”.

N.Cəfərli bank kartlarında olan mövcud problemlərdən çıxış yolunu dünya təcrübəsinin öyrənilərək tətbiq olunmasında gördüyünü deyib: “Dünya təcrübəsini öyrənərək Azərbaycanda tətbiq etməklə bu sahədə ciddi irəliləyişə nail olmaq mümkündür. Çünki nağdsız alış-verişin həcmi yüksəlməsə, vergi qaçaqmalçılığı, korrupsiya ilə mübarizə effektiv olmayacaq. Bu gün dünyada ən çox nağdsız ödəniş edən ölkə Avstraliyadır, Yeni Zelandiyadır. Məlum olur ki, vergidən yayınma hallarının ən az olduğu ölkə də məhz onlardır”.
4-10-2018, 11:01
Geri qayıt