XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əli Qasımovun yas yerində içdiyi zoğal arağı

Əli Qasımovun yas yerində içdiyi zoğal arağı"Çaş-baş baxıb gördüm ki, 50-60 kişilik məclis sükut içində yanıqlı-yanıqlı ehsan plovunu yeməyə məşğuldur"

“Əl yumaq məsələsi”

Yazıçı Əlfi Qasımovu çox hörmətli, vəzifə sahibi olan bir adam atasının yas məclisinə dəvət edir. Deyir, axşamçağı işdən çıxıb yollandım ora, binanı tapıb, mərtəbəni qalxdım, açıq qoyulmuş çöl qapısından içəri daxil olduğumu gördüm ki, iki nəfər böyürdən çıxıb qollarıma girdi. Ağzımı açmağa macal tapmadım. “Buyurun, buyurun” - deyə-deyə, yalan olmasın, sürüyüb saldılar bir böyük otağa və gözdən itdilər. Çaş-baş baxıb gördüm ki, 50-60 kişilik məclis sükut içində yanıqlı-yanıqlı ehsan plovunu yeməyə məşğuldur. Nimçə və qaşıq çıqqıltısından başqa səs gəlmir.

Yuxarı başdan məclis sahibi ayağa qalxıb aram-aram mənə tərəf yaxınlaşdı. Gözlərini sıxaraq içini çəkdi, ağzındakını xəfif-xəfif çeynəyərək başını yırğaladı və yer göstərdi. Əlimi uzadıb bir-iki dəfə çiynini döyəclədim və “Allah rəhmət eləsin, axır qəmin olsun” deyib göstərilən yerdə əyləşdim. Kişi yenə asta-asta gedib oturdu öz yerində.

Çox gözləməli olmadım. Əyləşməyimlə bir dağ plovun buğlana-buğlana qarşımda peyda olduğu bir oldu. Sağ olsun, kişi səriştəli adammış. Bir göz işarəsiylə bu boyda məclisi idarə eləyə bilirdi. Gözəgörünməz əllər ehmallıca gah o çiyindən, gah bu çiyindən boylanaraq böyük ustalıqla nimçələri dəyişdirir, süfrəyə təzə şərbət qoyurdular. Özü də vaxtlı-vaxtında.

Xülasə, mən də bismillah eləyib camaata qoşulmaq istəyirdim ki, məclis yiyəsinin səsini eşitdim.

- Əlfi müəllim, bir zəhmət çəkib keçib əllərini yuyaydın.

Qulaqlarıma inanmadım. Bərk tutuldum. Başımı qaldırıb kişiyə baxdım, gördüm çox ciddi tərzdə mənə gözləriylə işarə eləyir ki, o yana buyurum. Sakitcə dedim ki, minnətdaram, ehtiyac yoxdur. Kişi əl çəkməyib bir də təkrar elədi ki, Əlfi müəllim, xahiş edirəm, durub əllərini yuyasan.

Lap bərk tutuldum, ötəri məclisdəkilərə nəzər saldım. Gördüm fikir verən yoxdu. Məclisdə qəribə bir həmrəylik mövcuddur və hamı başını aşağı salıb öz işiylə məşğuldu. Hirslə yerimdən qalxıb otaqdan çıxdım. Dəhlizdə çöl qapısına tərəf addım atmamış yenə o iki nəfər xeyirxahım özlərini üstümə atdılar, “buyurun, buyurun” deyə-deyə qoluma girib əks tərəfə yönəltdilər və gətirib saldılar əvvəlcədən açıq qoyduqları hamam otağına. Arxamca qapını da örtdülər. Bilmədim nə edim. Eləcə durub bu əcaib vəziyyətdən necə çıxmağı fikirləşirdim ki, hamam otağı üçün deyilməmiş, qəribə, tanış bir rayihə burnumu çaldı. O yan-bu yana göz gəzdirdim. Sol tərəfimdəki rəfdə bir ağzı açıq araq şüşəsi nəzərimi cəlb elədi. Yanında əlli qramlıq büllur badə və barmaq yoğunluğunda duzlu xiyar boyunlarını büküb durmuşdu. “Sən bizim ellərin ruhuna bir bax” deyib daha məsələni çox uzatmadım. Azı yetmiş dərəcə gələn çəhrayı zoğal arağından nuş edib, dalınca bir udumluq kövrək xiyarı da ötürüb “behiştlik olasan” dedim və ürəklə yollandım qardaşların yanına. Otağa girib düz məclis yiyəsinə baxdım. O, yenə bayaqkı kimi gözünü sıxıb içini çəkdi və başını aşağı yellədə-yellədə “əyləş” işarəsini verdi. Əyləşib iki qaşıq yemişdim ki, gözümü qaldırıb bir də məclisdəkilərə nəzər saldım. Hamı tez-tez əlini yumağa gedənə oxşayırdı.

Ülfət KÜRÇAYLI
Bölmə: Mədəniyyət | 06 aprel 2015 15:38





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: