Azərbaycanın ən məşhur uşaq bəstəkarı dünyadan köçdü - YENİLƏNİB - VİDEO - FOTO

Azərbaycanın ən məşhur uşaq bəstəkarı dünyadan köçdü - YENİLƏNİB - VİDEO - FOTO

Azərbaycanın ən məşhur uşaq bəstəkarı dünyadan köçdü - YENİLƏNİB - VİDEO - FOTOGörkəmli bəstəkarla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri xiyabanda dəfn olunacaq


----------

10:41

Milli.Az bildirir ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Cahangir, Züleyxa və Leyla adlı üç övladı var.

Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar alıb. Bir müddət Dövlət Konservatoriyasının violoncel sinfində oxuyub, sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olunub.


1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, ''Qız-ulduz'', ''Pişik və Sərçə'' və ''Meşə nağılı'' operalarını da yazıb. ''Şəngülüm, Şüngülüm və Məngülüm'' adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ''Şənlən mənim xalqım'' uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
2010-2012 illərdə O.Zülfüqarov ''Məlik Məmməd'' nağılı əsasında uşaqlar üçün ''Sehrli alma'' iki hissəli balet, ''Tumurcuq'' və ''Aysel'' Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazıb.
Uzun illər ''Tumurcuq'' və ''Aysel'' Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar ''Oxuyur Aysel'' adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülüb, 2009-ci ildə ''Şöhrət ordeni'' ilə təltif edilib. Prezident təqaüdçüsü olan bəstəkar Oqtay Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri idi.



Baletlər

"Əlibaba və 40 quldur" /libretto müəllifindir/ (1990)
"Sehrli alma" /libretto müəllifindir/ (2012)

Operalar

"Meşə nağılı"
"Pişik və sərçə" - libretto: Teymur Elçin
"Ulduz-qız"

Operettalar

"Şəngülüm, Şüngülüm, Məngülüm"
"Xoruz"
"Onadək sayıram"
"Laylay"
"Top oynayaq"
"İlk mahnılarım"
"Telefon"
"Uşaq mahnıları"


Kukla teatrı tamaşalarına musiqi

"Cırtdan" (1995)
"İ voyut i bleyut" /libretto - H.Hüseynov/ (1997)
"Dovşanın məhkəməsi" /libretto - M.Quliyev/ (1997)
"Göyçək Fatma" /libretto - M.Dilbazi/, (1998)
"Repka" /rus xalq nağılı əsasında/ (1999)

Uşaq mahnıları

"Ala bula boz keçi" - Sözləri: Abdulla Şaiq
"Ay pipiyi qan xoruz" - Sözləri: Abdulla Şaiq
"Balaca ovçu" - Sözləri : Hikmət Ziya
"Can nənə" - Sözləri: Teymur Elçin
"Cırcırama" - Sözləri : Yusif Həsənbəy
"Kiçik aşpaz" - Sözləri : Yusif Həsənbəy
"Kitablarım"
"Kuklam xəstədir" - Sözləri : Yusif Həsənbəy
"Qonaqlıq" - Sözləri: Xanımana Əlibəyli
"Lavaş" - Sözləri: Yusif Həsənbəy
"Maşınımı sürürəm" - Sözləri : Yusif Həsənbəy
"Maşınım var" - Sözləri : Yusif Həsənbəy
"Mən ovçuyam" - Sözləri : Hikmət Ziya
"Nənəm evdə qalıb tək" - Sözləri: Oqtay Zülfüqarov
"Sərçə" - Sözləri: Teymur Elçin
"Sünbülüm" - Sözləri: Hikmət Ziya
"Şaxta baba" - Sözləri : Hikmət Ziya
"Tərlan və Məstan pişik" - Sözləri: Yusif Həsənbəy
"Tonqalımız" - Sözləri: Yusif Həsənbəy



Uşaq mahnı məcmuələri

"Aşıq mahnısı" (1993)
"Uşaqlar özləri haqqında" (1994)
"Novruz bayramı" (1996)
"Ad günün mübarək", "Gedək gəzək" (1997)
"Təbiətin qoynunda" (1997)
"Böyüklərə hörmət et", "Topu mənə at", "Orduya xidmətə gedirəm", "Saat əqrəbi", "Ürəkləri sevindirək" (1998)
"Ana həyatdır", "Gülə-gülə yaz gəlir" /müəllifin öz söz./ (1999); "Haralısan deməyin", "Abşeron bağları", "Yaşa doğma şəhərim" /müəllifin öz söz./ (2000)
"Şən mozaika", "Balaca ustayam mən" /müəllifin öz söz./ (2001)
"Aysel" televiziya filminə musiqi (1998)
Orta ümumtəhsil məktəbinin II sinfi üçün "Musiqi" dərsliyi /həmmüəllif - T.Babayeva/, (rus dil.)(1990)

Instrumental

Solist, xor və xalq çalğı alətləri orkestri üçün "Azərbaycan gəncləri" Odası (1992)
4 əl üçün piano variasiyaları (1993)
Piano üçün konsert Pyesi (1997)
Piano üçün "Beşik mahnısı" pyesi (1998)
Qanun üçün Konsert pyesi (1998)
Fleyta və violonçel üçün Pyes (1999)
R.Zəbioğlunun söz. solist və simfonik orkestr üçün "Oda" /akademik Z. Bünyadova həsr olunub/ (1997)



Romansları

"Cananə yetmişəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli
Ramil Qasımov - "Yad eylərəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli

Oktay Zülfüqarovun son müsahibələrindən birini təqdim edirik.
Bolgexeber.com bildirir ki, müsaşibə sia.az-a verilmişdi:

- Uzun zamandır ki, fəaliyyətinizdə durğunluq yaranıb. Buna səbəb nədir?

- Sonuncu dəfə dörd il bundan öncə "Məlikməmmədin nağılı" əsasında "Sehirli alma" baletini bəstələmişəm. İki pərdəli baletin librettosu özümə məxsusdur.

- Müəllifi olduğunuz balet teatrlarımızda nümayiş olunur?

- Bəli. "Sehirli alma" baleti Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında var. Tamaşa hər nümayiş olunanda mütləq teatra gedib izləyirəm. Səhhətim icazə verdiyi vaxta qədər də gedəcəm.

- Sizi daha çox uşaq musiqilərinin bəstəkarı kimi tanımışıq. Hazırda yaradıcılığınızda yeni bəstələr var?

- Xeyir. Artıq musiqi bəstələyə bilmirəm. Sonuncu dəfə gözlərimdən əməliyyat olundum. Ondan sonra bəstələri nota köçürməkdə əziyyət çəkirəm. Çünki gözlərim yaxşı görmür.

- Xeyli müddətdir ki, sağlamlığınızla bağlı problem yaşayırsız. Hazırda səhhətiniz necədir?

- Səhhətim stabil olaraq qalıb. Hər iki böyrəyim fəaliyyətini itirib. Müntəzəm olaraq, müalicələrimi davam etdirirəm. Həftədə iki dəfə dialez qəbul edirəm. Ondan sonra nisbətən yaxşı oluram.

-Son zamanlar sənət dünyasında sizi narahat edən məqamlar var?

-Əlbəttə var. Sənətkarlara diqqətsiz münasibət hiss edirəm. İstər yaradıcılığım, istərsə də səhhətimlə bağlı çox az maraqlanırlar.

----------

10:40

Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Hazırda Mədəniyyət və Turizm Nazirliyi nekroloq hazırlayır.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub.
Bolgexeber.com
Azərbaycanın ən məşhur uşaq bəstəkarı dünyadan köçdü - YENİLƏNİB - VİDEO - FOTO
Azərbaycanın ən məşhur uşaq bəstəkarı dünyadan köçdü - YENİLƏNİB - VİDEO - FOTO
Azərbaycanın ən məşhur uşaq bəstəkarı dünyadan köçdü - YENİLƏNİB - VİDEO - FOTO
Azərbaycanın ən məşhur uşaq bəstəkarı dünyadan köçdü - YENİLƏNİB - VİDEO - FOTO
31-08-2016, 11:49
Geri qayıt