Əsas səhifə > Analitika > İcbari tibbi sığortanı yubadan səbəblər

İcbari tibbi sığortanı yubadan səbəblər


22-06-2018, 13:43
İcbari tibbi sığortanı yubadan səbəblərAzərbaycanda icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi, belə görünür ki, yenə yubanacaq. Hansı ki, səhiyyə sistemində tamamilə yeni maliyyələşmə və xidmət formasının tətbiqini nəzərdə tutan icbari tibbi sığortanı ölkə əhalisi səbirsizliklə gözləməkdədir.

Xatırladaq ki, icbari tibbi sığortanın pilot rayonlar olan Mingəçevir də Yevlaxda tətbiqinə 2017-ci ilin yanvarından başlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, pilot layihə çərçivəsində 480 ambulator, 677 stasionar, 18 ilkin səhiyyə, 6 təcili və təxirəsalınmaz, 23 fizioterapevtik olmaqla 1829 sayda tibbi xidmət baza zərfinə daxil edilib. Həmçinin 459 laborator müayinə və 166 həyati vacib dəyəri yüksək tibbi xidmətlərə də təminat verilib.

Agentliyin bildirdiyinə görə, pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili göstərir ki, pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.

Ümumilikdə 2017-ci il ərzində pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 26 252,60 min manat vəsait sərf edilib.

Əslində icbari tibbi sığortanın bu ildən bütün ölkədə tətbiq olunacağı nəzərdə tutulurdu. Lakin cari ilin büdcə layihəsi müzakirə olunarkən maliyyə naziri Samir Şərifov bu ildən əlavə olaraq 2 rayonda yeni sistemin tətbiqinə başlanacağını bildirmişdi. Hələlik yalnız Ağdaş rayonu icbari tibbi sığortanın tətbiq edildiyi pilot layihələr sırasına daxil edilib. Hökumət indi də icbari tibbi sığortanın ölkəni tam əhatə etməsi müddəti olaraq 2019-cu ili göstərir.

Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Musa Quliyev isə bu günlərdə mətbuata verdiyi açıqlmada icbari tibbi sığortanın gələn il bütün ölkədə tətbiq olunmasının tərəfdarı olmadığını deyib. Onun fikrincə, layihənin tam oturuşması üçün daha bir il lazımdır: “Modelin oturuşması üçün müəyyən təcrübəni toplamaq və ortaya çıxan nöqsanları aradan qaldırmaq lazımdır. Gələn il bütün ölkə üzrə icbari tibbi sığortaya keçilməsini real saymıram. Bunu həddən artıq cəsarətli və riskli addım hesab edirəm. Dünyada 5 ildən tez bu modelin ölkə ərazisində tətbiq olunması təcrübəsi və elə uğurlu nəticə də yoxdur. Agentlik tərəfindən kifayət qədər işlər görülüb, amma gələn il təcrübəni artırmaq daha yaxşı olar. Fikrimcə, icbari tibbi sığortanın tətbiq olunduğu regionları genişləndirmək olar və ya böyük şəhərdə də bu təcrübəni həyata keçirə bilərik”.


Deputat bildirib ki, icbari tibbi sığortanın bütövlükdə ölkədə tətbiqi üçün bir sıra dəyişikliklər edilməlidir:“Qanunvericilikdə dəyişiklik etmək lazımdır, vəsaitin toplanması mexanizmləri olmalıdır. Yəni sosial sığorta ayırmalarına nə qədər vəsaitin verilməsi araşdırılmalıdır. İşləyən insanların reyestri aparılmalı, kənddə yaşayan insanların sığorta haqlarının necə olması, sistemi idarə edən kadrların ölkədə kifayət qədər olub-olmaması müəyyənləşdirilməlidir. Böyük bir işdir və səhiyyə sistemi tamamilə dəyişəcək. Burada Səhiyyə Nazirliyinin, agentliyin rolu və vəzifəsinin nədən ibarət olması bilinməlidir”.

Baş nazirin müavini Əli Əhmədov isə bildirib ki, vətəndaşlar icbari tibbi sığortanın həyata keçirilməsində iştirak edəcəklər. Belə ki, işləyən vətəndaşlar əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər: “Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olacaqlar. Dövlət bu vəzifəni öz üzərinə götürəcək. Çalışacağıq ki, ilkin və sonrakı mərhələdə icbari tibbi sığorta haqqı insanlarımız üçün ağır yük olmasın. Eyni zamanda çalışmaq lazımdır ki, icbari tibbi sığorta real tibbi xidmətləri göstərmək qüdrətində olsun. Bax, bu iki nöqtə uzlaşmalıdır.

Bu barədə hazırda hesablama işləri aparılır, Maliyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi ciddi surətdə bu məsələnin üzərində işləyir. Güman edirəm ki, bir neçə aydan sonra bütün sənədlər hazır olacaq".

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev isə deyir ki, icbari tibbi sığorta kimi çox ciddi və ictimai yükü olan bir islahatın həyata keçirilməsi dəqiq hədəflərin müəyyənləşdiyi strategiya əsasında reallaşmalıdır: “Dövlətin dəqiq strategiyası olmalıdır ki, bu islahatı niyə həyata keçirmək istəyir, bunu hansı müddətdə, hansı ardıcıllıqla reallaşdıracaq. Belə bir strategiyanın olması, ictimaiyyətə açıqlanması insanlarda islahata inam yaradır. Amma Azərbaycanda icbari tibbi sığorta ilə bağlı hələ də qeyri-müəyyənlik var. Bildiyiniz kimi, icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilk prezident fərmanı 2007-ci ildə imzalanmışdı, 2008-ci ildə hüquqi-normativ bazanın hazırlanması üçün müəyyən işlər görüldü. Lakin agentliyin formalaşdırılması 7-8 il yubandı. Halbuki o zaman icbari tibbi sığortanın 2012-ci ilədək bütün ölkə ərazisində tətbiq olunması nəzərdə tutulurdu. İndi də 2017-ci ildən pilot rayonlarda başlanıb, guya bu ildən bütün ölkədə tətbiq olunacaqdı, amma reallaşmadı”.

A.Mehtiyevin sözlərinə görə, pilot rayonlarda tətbiq olunan tibbi sığortanın nəticələrinə dair cəmiyyətə normal məlumat verilmir: “Bilinmir ki, hansı uğurlu nəticələr əldə olunub, hansı problemlər qeydə alınıb və onların həlli üçün hansı addımların atılması nəzərdə tutulur. Pilot bölgələrdən ziddiyyətli məlumatlar var, xüsusilə həkimlər arasında narazılıqlar var”.

İqtisadçı-alim deyir ki, yeni sistemin mərhələ-mərhələ tətbiqi normaldır: “Bu, doğrudan da 4-5 il ərzində oturuşacaq bir sistemdir. Lakin bu o demək deyil ki, ildə cəmi bir rayon əlavə olunsun. Bu gedişlə biz 50-60 ilə bütün ölkə ərazisini əhatə edə bilərik. Belə proseslərdə 5-10 il yubanma uğursuzluğa gətirib çıxarır. Digər tərəfdən, əhalinin bütün təbəqələrinin həyatına təsiri olacaq bu sistemin tətbiqi geniş ictimai iştirakçılıq şəraitində həyata keçirilməlidir. Uğur və uğursuzluqlar ictimai müzakirəyə təqdim edilməlidir. Düşünürəm ki, pilot rayonlar sırasına yalnız 1 rayonun əlavə edilməsi ya icbari tibbi sığortanın tətbiqində uğursuzluğa düçar olunduğunu, ya da hökumətin bunu bütün ölkə ərazisinə tətbiq etmək niyyətində olmadığını göstərir”.

Dünya SAKİT
Geri dön