BolgeXeber.Com » Siyasət » Rəsul Quliyevin gizli “kassir”i “Gülbaxt”ı ələ keçirdi

Rəsul Quliyevin gizli “kassir”i “Gülbaxt”ı ələ keçirdi

23-08-2011, 07:45
Oxunub: 5 553 İş adamlarına 3 milyon “atan” Cavanşir Əbdüləzimov kriminal aləmdə Firidun adı ilə tanınan şəxsi özünə ortaq edib

Qaradağda daş karxanası ətrafında baş verən hadisələr getdikcə kriminal xarakter almaqdadır. Prezident Adminstrasiyasının adından sui-istifadə edən dələduzlar hazırda “Gülbaxt”ı yenidən ələ keçirməyə hazırlaşırlar.

“Gülbaxt”da çalışanların redaksiyamıza ünvanladığı məktubda deyilir ki, müxtəlif yollarla “Gülbaxt” Daş Karxanasının ərazisini onlarla insana “satan” Cavanşir Əbdüləzimov hazırda yeni kriminal ünsürləri rayona gətirərək, onların vasitəsi ilə iş adamlarını rayondan qovmaq istəyir.

Məktubda deyilir ki, “Cavanşir Əbdüləzimov kriminal aləmdə çox yaxşı tanınan, kirli yollarla milyonlar qazanan Firidun adlı şəxsi “Gülbaxt”a gətirərək, iş adamlarını “bədbəxt hadisəyə qurban getməklə” hədələyir.

Şikayətçilərin sözlərinə görə, Firidun adlı şəxs uzun illər eks-spiker Rəsul Quliyevin qaranlıq işlərinin icraçısı kimi tanınıb. Rəsul Quliyevin Azərbaycanda və Türkiyədəki biznesini işlədənlərdən biri olan bu şəxs indi də R.Quliyevin əsas “şilləvuranlar”ından biridir. Buna misal kimi R.Quliyevin qohumları ilə Bakı kəndlərinin birinin ağsaqqalı arasında baş verən problem göstərilir. Həmin “razborka”da eks-spikerin qohumları adından Firidun iştirak edib.

Cavanşirlə Firidunun əlaqəsinə gəlincə, şikayətçilərin iddiasına görə, C.Əbdüləzimov özünü nə qədər iqtidara yaxın göstərsə də, millət vəkili Bəxtiyar Əliyevlə yaxın əlaqədə olduğu bilinsə də, R.Quliyevin yardımları ilə “iş adamı” olduğunu unutmayıb. R.Quliyevin dəstəyi ilə iş adamı olan Cavanşir hər zaman eks-spikerdən rəğbətlə danışıb və quliyevçilərdən maddi dəstəyini əsirgəməyib.
Firidunu məsələyə daxil etməklə də, o, rəqiblərinə qarşı yeni hücuma start vermək, həm də kriminal ünsürlərin vasitəsi ilə “Gülbaxt”da iş görən insanların gözünü qorxutmaq istəyir. Prezident Aparatı, millət vəkili Bəxtiyar Əliyevin adları ilə “xox” gəlsə də, geri çəkilməyən insanları kriminal dairələrin vasitəsi ilə susdurmaq istəyir.

Firidunla bağlı verilən xəbərlərdə isə deyilir ki, 300-dən çox beton qarışdıran maşın və təxminən 260 milyon аvroluq sərvətə sahib olan bu şəxs “mən pulumla Azərbaycanı da satın alaram” öyünməsi ilə tanınır. Konkret olaraq, “Gülbaxt”da məhkəmə icraçılarının vəzifələrini icra etmələrinə kobud şəkildə imkan verməyən Firidun icraçıları ağır söyüşlərə məruz qoyub. Hətta onu mədəni olmağa dəvət edən məhkəmə icraçısına əl qaldıran bu şəxs ““Gülbaxt” bizimdir, hamınızı dənizə tökərəm” deyə hədələyib.