BolgeXeber.Com » Gündəm » Prezident təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarını artırdı

Prezident təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarını artırdı

7-09-2010, 11:55
Oxunub: 7 359
Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncam təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə imzalanıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləğinin artırılması barədə sərəncam imzalayıb.

Sərəncam dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə imzalanıb. Sərəncama əsasən sentyabrın 1-dən doktorantların, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrin təqaüdləri 100 manat məbləğində, magistr pilləsi üzr əla qiymətlərlə oxuyan, əla və yaxşı qiymətlərlə oxuyan və yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrin təqaüdləri müvafiq olaraq 85, 70 və 45 manat həcmində müəyyən edilir. Prezidentin sərəncamı ilə bakalavr pilləsi üzrə əla qiymətlərlə oxuyan, əla və yaxşı qiymətlərlə oxuyan və yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrin təqaüdləri 80, 65 və 40 manat həcmində müəyyən edilib. Sərəncama görə, orta ixtisas təhsili müəssisələrində əla qiymətlərlə oxuyan tələbələr 40 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 35 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələr isə 30 manat məbləğində təqaüd ala biləcəklər. Həmçinin sərəncama əsasən ilk peşə-ixtisas təhsili müəssisələrin şagirdlərinin təqaüdü 30 manat həcmində müəyyən edilib.

Prezidentin bu sərəncamı ilə “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2008-ci il 12 sentyabr tarixli 3042 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.