BolgeXeber.Com » Sosial » Xaçmazın baş həkimindən təkzib gəldi

Xaçmazın baş həkimindən təkzib gəldi

9-09-2011, 00:30
Oxunub: 6 024 Bəhram Şahverdiyev ona qarşı irəli sürülən ittihamları yalanladı, məlumatı yayanları isə təxribatçılıqda suçladı

Bir neçə gündür ki, bəzi xəbər saytlarında Xaçmaz rayon Mərkəzi Xəstəxanası və onun rəhbəri Bəhram Şahverdiyevin haqqında xoşagəlməz informasiyalar yayılır. Bununla bağlı Bolgexeber.com-a açıqlama verən Bəhram Şahverdiyev bildirib ki, həmin yayılan məlumatlar təxribat xarakteri daşıyır.

O qeyd edib ki, yayılan məlumatlarda ona qarşı irəli sürülən ittihamlar şər və böhtandır. «Məndən öncə işləmiş baş həkim bir neçə xəbər saytları ilə əlbir olub mənə qarşı məqsədli kampaniyaya başlayıb. Fikirləri məni Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayevin gözündən salmaq və məni səhiyyə sistemindən kənarlaşdırmaqdır. Mən bir daha bəyan edirəm ki, bu gün mən Azərbaycan xalqına, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevə xidmət edirəm».

Bununla yanaşı B.Şahverdiyev vurğulayıb ki, haqqında qeyd olunan məlumatların heç bir əsası yoxdur. «Haqqımda yazıblar ki, guya, mən xəstəxananın işçisi olan Mahir Cəbrayıl qızı İlyasovanı döymüşəm. Bu təpədən-dırnağa yalandır və cəfəngiyyatdır. Belə bir şey olmayıb və ola da bilməz. Həmçinin heç bir işçi deyə bilməz ki, Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi etik normalardan kənar hərəkətlər edib. Buna nə mənim tərbiyyəm, nə də əxlaqım imkan verməz. Belə bir məlumatı yayanlar isə ayrı-ayrı adamların çirkin əməllərinə və yalanlarına haqq qazandırmaqla məşğuldur».

Baş həkim sonda onu da bildirib ki, rəhbərlik etdiyi xəstəxanada hər şey öz qaydasındadır və hazırda binada yüksək səviyyəli tikinti işləri aparılır. «Mən baş həkim kimi, öz işimi görürəm və uğur qazanmaq üçün var gücümüzlə çalışırıq. Amma gözü götürməyənlərin artıq əlləri hər yerdən üzüldüyündən indi də deyillər ki, guya, mən icra başçısının yaxın adamıyam. Tamamilə yalan məlumatdır. Çünki mənim icra başçısı ilə hey bir yaxınlığım yoxdur. Ortada sadəcə, subardinasiya məsələsi var. Yəni, Şəmsəddin Xanbabyev rayonun rəhbəri, mən isə baş həkimiyəm».