BolgeXeber.Com » Media » Halal internet

Halal internet

12-09-2011, 00:55
Oxunub: 6 533 Halal kolbasa, halal sosiska, halal dönər, halal ət... Bu sözlər son illərdə dövriyyəyə girib. Adamlar var, istəyirlər kolbasa yesinlər, amma həmin kolbasa həm də halal olmalıdır. Elə adamlar da var ki, haram kolbasa yemək istəyirlər. Mən, bir dəfə belə bir söhbətin şahidi oldum. Bir kişi girdi mağazaya. Satıcıya dedi ki, mənə haram kolbasa ver. Baxdım adamın üzünə. Hiss etdim ki, haram-halal söhbəti adamı bezdirib...


Halal mövzusunda, deyəsən, təzə söhbət ortaya çıxır. Dünən əcaib bir məlumat oxudum. İran İnqilab Keşikçiləri Ordusunun kiber bölməsi internet araşdırmaları zamanı maraqlı bir nəticə ilə üz-üzə qalıb. Ordunun yüksək rütbəli komandiri İbrahim Beyani bildirib ki, dünyadakı 182 şəhər arasında porno-saytlara ən çox daxil olanlar sırasında İranın paytaxtı Tehran birinci sırada, Şiraz şəhəri isə on beşinci sıradadır. İranda ədəbsiz və hökumətə müxalif saytlara girişin əngəllənməsi üçün filtrləmə sistemi tətbiq olunur. Bir çox adam xüsusi proqramlarla bu mianeəni aşa bilir. Bu problemi həll etmək üçün İran mütəxəssisləri hazırda "halal internet" adlı sistem üzərində işləyirlər.
Əslində, normal haldır. Normal hal deyəndə şərait, İrandakı vəziyyət bu halı diqtə edir. Əlbəttə, əgər ölkədə azad sevgi yoxdursa, adamlar porno-saytlara daraşacaqlar.
Farslar əyləncəyə, zövq almağa, əylənməyə meylli xalqdır. Uzağa getməyək. Bakıda əksər internet klublarda divara bu məzmunda xəbərdarlıq vurulur: "Porno-saytlara baxmaq qəti qadağandır". Hətta "Əhmədli" metrostasiyası tərəfdə internet klubda belə bir "elan"a rast gəlmişdim: "Porno-saytlara girənin üzünə tüpürüm". İnternet demişkən, Türkmənistanda məktəblərə notebook paylayıblar. Çox gözəl. Bir iş var ki, Türkmənistanda internet yoxdur...

Mövzudan uzaqlaşmayaq. Sovet dövründə bir çox adamlar "Min bir gecə" nağıllarını ona görə oxuyurdular ki, orda bir-iki erotik məqamlar vardı. Eləcə də "Dekameron" əsərini. Mahiyyət qalırdı kənarda. Qapalı ölkə belədir. Qadağan olunmuş meyvələr dadlı olur. Adamları sıxırsan, onlar da başlayır çıxış yolu axtarmağa. Təbiət öz sözünü deyir...
90-cı illərin əvvəllərində Bakıda bir neçə məkanda erotik filmlər nümayiş olunurdu. "Nizami" kinoteatrının arxasında, "Bakı fəhləsi" kinoteatrında, Dənizçilərin Mədəniyyət Evində... Üstəlik, bir neçə yerdə köhnə, sıradan çıxmış avtobusları, trolleybusu videozala çevirib filmlər göstərirdilər. Bu gün televiziya kanallarında sərbəst nümayiş olunan filmlərə o vaxt videozallarda qorxa-qorxa, utana-utana baxırdıq. Çətin dövrlər idi. Getsin o günlər, bir də gəlməsin. İndi vəziyyət xeyli dəyişib. Bəli, 90-cı illərin əvvəllərində Pazolinin "Dekameron" filminə Dənizçilərin Mədəniyyət Evində erotik film kimi baxmışam. Mən o vaxt hardan biləydim ki, erotik kimi baxdığım o film dünya kinosunun ən şedevr nümunələrindən biridir.

"Dekameron" filminin videozala gəlib çıxmasının özü bir möcüzədir. O vaxtlar Azərbaycanda on-on beş adam "Dekameron" filminin əsl dəyərini başa düşə bilərdi. Onların da həmin videozala gəlib çıxması, orda filmə baxması mümkünsüz idi. Sonralar mən "Dekameron" filminə tamam başqa başla, başqa məqsədlə, başqa təfəkkürlə baxanda, üstündən xeyli keçməsinə baxmayaraq, hər şeyi xatırladım. Dənizçilərin Mədəniyyət Evini, ora yığışan adamları, onların geyimlərini, zalın qoxusunu... Hətta onu da xatırladım ki, o vaxtlar erotik filmləri göstərməmişdən əvvəl adamlar darıxmasın deyə, onlara "Tom and Jerry" cizgi filmini göstərirdilər. Zal dolurdu. Cizgi filmini kəsib, bu gün televiziya kanallarında sərbəst nümayiş olunan filmlərdən birini göstərirdilər. Əslində, elə bir şey yox idi, amma biz yenə də nəsə "tapa" bilirdik...

İstəyib də hisslərini boğan, müxtəlif vasitələrlə hisslərini həbs edən adamlar çox qorxulu olurlar. Onlar həm özlərinin, həm də ətrafdakı adamların həyatını cəhənnəmə çevirirlər. Bu, hər iki cinsə aiddir.

Bu yaxınlarda Hanekenin "Pianistka" filminə üçüncü dəfə baxdım. Kim "Pianistka" filminə baxıbsa, eşq olsun. Baxmayanlar mümkündürsə, "Pianistka" filmini tapıb baxsınlar. Heç nə itirməyəcəklər. Əksinə, hisslərini boğan adamların nə qədər qorxulu olduqlarını dəqiq anlayacaqlar. Halal film olduğunu deyə bilmərəm, amma "Pianistka" filminin mükəmməl film olması şəksizdir.

Seymur Baycan