BolgeXeber.Com » Siyasət » İmamverdi İsmayılovun obyektləri sökülür

İmamverdi İsmayılovun obyektləri sökülür

23-09-2011, 17:55
Oxunub: 5 313 Eldar Əzizov deputatın əmlakını dağıtdırır

Eldar Əzizov Sumqayıt şəhərinin icra başçısı təyin olunandan sonra şəhərdə söküntü işlərinə başlayıb. Bu işdə əsas zərbə orta və kasıb təbəqəyə dəydi. Xeyli sahibkarlıq obyektləri heç bir kompensasiya ödənmədən və məhkəmə hökmü olmadan yerlə yeksan edildi. Amma bu prosesdə varlı və imkanlı təbəqəyə də ziyan dəyib.

Məsələn, mətbuatda da yazıldığı kimi, Sumqayıtın ən böyük klanlarından sayılan İsgəndərovların obyektləri də bu “abadlıq-quruculuq işləri”nin güdazına getməkdədir. Bolgexeber.com xəbər verir ki, TİA.AZ-ın yaydığı xəbərə görə, bu yaxınlarda vəzifəsindən azad edilən təhsil nazirinin sabiq müavini İsgəndər İsgəndərovun qardaşı Zaman İsgəndərova məxsus “Cavid” ticarət mərkəzinin sökülməsi haqda şəhər icra hakimiyyəti başçısı göstəriş verib. Onun yerində bayraq meydanının tikintisi planlaşdırılır. Həmçinin söküləcək obyektlər sırasında İsgəndər İsgəndərovun oğlu Rüfət İsgəndərova məxsus olduğu deyilən “Ekzotika” bar-restoranı da var. Saytın iddiasına görə, bu bar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirmiş və bir müddət əvvəl sakinlərin şikayəti əsasında bağlansa da sonradan yenə fəaliyyətini bərpa edib.

“Xural” qəzetinin 22 sentyabr tarixli sayında isə yazılıb ki, YAP-çı deputat İmamverdi İsmayılovun da Sumqayıtdakı obyektlərinin söküntüsünə start verilib. Qəzetin yaydığı məlumata görə, deputatın obyektini sökməyə gələnlər oradan əşyaların çıxarılmasına belə imkan verməyiblər. Bundan möhkəm qəzəblənən İ.İsmayılov yaxın ətrafını Sumqayıtdakı “Favorit” restoranına yığaraq təcili toplantı keçirib. Həmin toplantıda deputat icra başçısının bu hərəkətlərini tənqid edib.