BolgeXeber.Com » Sosial » Misir Mərdanov daha pis duruma düşdü

Misir Mərdanov daha pis duruma düşdü

5-10-2011, 17:50
Oxunub: 6 263 Baş prokurordan sonra Vergilər Nazirliyi də hücuma keçib korrupsiya faktını açıqladı; hər il milyonlarla manat tender adı altında kağız üstündəki şirkətlərə verilir


Baş Prokurorluqdan sonra Vergilər Nazirliyi də Təhsil Nazirliyinə hücuma keçib. Vergilər Nazirliyi bildirib ki, Təhsil Nazirliyi Bakıda uşaq bağçalarına ərzaq alınmasına dair tenderlərdə əslində kağız üzərində mövcud olan şirkətləri qalib elan edib və milyonlarla manat büdcə vəsaitini onların hesabına köçürüb (“Azadlıq” radiosu).

Qeyd edək ki, Təhsil Nazirliyində və digər dövlət qurumlarında bu cür qurama tenderlərin keçirildiyi haqda mətbuat yazıb, QHT-lər faktlar açıqlayıb. Ancaq onların heç birinə əhəmiyyət verilməyib. İndi isə Təhsil Nazirliyi ilə bağlı bu faktı hansısa qəzet və ya QHT deyil, Vergilər Nazirliyi açıqlayır. Özü də Təhsil Nazirliyinin rəhbərliyində kadr dəyişikliklərinin aparıldığı, nazir Misir Mərdanovun bütün müavinlərinin işdən çıxarıldığı, özünün isə tezliklə işdən azad ediləcəyi haqda xəbərlərin yayıldığı bir vaxtda.
Bildirilir ki, Vergilər Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin paytaxtda uşaq bağçalarına ərzaq alınmasına dair tenderlərini araşdırıb. Nazirlik təcili tədbirlər görülməsi üçün apardığı yoxlamanın nəticələrini başqa dövlət orqanlarına da göndərib. Sənədə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsi 2011-ci ildə uşaq bağçalarına ərzaq alınması üçün ilin əvvəlində 8 169 044 manatlıq tender elan edib. (Bakıda 11 rayon üzrə uşaq bağçalarında 36 min uşaq qeydiyyata düşüb. Beləliklə dövlət bir uşağın bağçada il ərzində yeməyinə təxminən 227 manat verir - red.) Həmin tenderdə aşağıdakı şirkətlər qalib gəliblər: “Arko” MMC: udduğu tenderin məbləği – 3.626 milyon manat
“Aqro-İnpeks” MMC: udduğu tenderin məbləği – 1.621 milyon manat, “Nar-M” MMC: udduğu tenderin məbləği – 1. 378 milyon manat, “Arzu” firması – udduğu tenderin məbləği – 722 800 manat.

Amma bu tenderi araşdıran Vergilər Nazirliyi əsl müəmmalarla üz-üzə qalıb. Nazirliyin tərtib etdiyi yekun məlumatda qeyd edilir: “Araşdırma zamanı məlum olub ki, bu şirkətlərin nə məhsul istehsalı üçün torpaq sahələri, nə işçiləri, nə nəqliyyat vasitələri, nə məhsul saxlayası anbarları, nə də heç olmasa bu işləri onun əvəzinə görəsi subpodrat müqavilələri var. Hətta, “Arzu” firmasının yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərdiyi ortaya çıxıb. “Aqro-İnpeks” MMC-nin isə cəmi iki işçisi qeydiyyatda olub.” Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Müslüm Qəzənfərov isə özünün və təmsil etdiyi qurumun ünvanına səslənən bütün iddiaları əsassız adlandırıb. O, hətta məhkəmə qarşısında bu iddiaların heç nəyə əsaslanmadığını sübut etməyə hazır olduqlarını bildirir. Müslüm Qəzənfərov dövlət orqanının tenderi udan “Arzu” və “Aqro-İmpeks” şirkətlərinin əslində yalnız kağız üzərində mövcud olması barədə arayışı haqqında sualımıza bu cür cavab verib: “Tenderə qatılan şirkətin işçisinin olub-olmaması bizim yox, Vergilər Nazirliyinin problemidir. Onların işçisi var ki, işini çatdırır də. Kim deyirsə, düz demir, onun özünə uyğun işçiləri var. Amma biz o işçilər haqqında heç bir məlumat almırıq”. Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də məktəb tikintisi zamanı yol verilmiş korrupsiya faktları ilə bağlı cinayət işi qaldırıb, bu işdə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin adı keçir. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında nazirliyə məktəb tikintisi zamanı yol verilmiş korrupsiya faktları ilə bağlı təqdimat göndərildiyini də bildirib. Belə görünür ki, Vergilər Nazirliyinin Təhsil Nazirliyi ilə bağlı açıqladığı və tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına təqdim etdiyi korrupsiya faktları bu nazirliyin rəhbərliyinə daha bir mesajdır.