BolgeXeber.Com » Sosial » Mövsüm Səmədova 12 il iş verildi

Mövsüm Səmədova 12 il iş verildi

7-10-2011, 18:40
Oxunub: 6 007 Məhkəməyə gələn dindarlardan isə 15 nəfər həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bolgexeber.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.

Qeyd edək ki, ittiham olunan şəxslər bu il yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.

Bolgexeber.com verdiyi məlumata görə, məhkəmə binası polislər tərəfindən mühasirəyə alınıb. Əvvəl məhkəmə zalına heç kim buraxılmasa da sonradan məhdud sayda ailə üzvləri buraxılıb. Ərazidə çoxlu sayda postpatrul maşınları olub. Məhkəməyə gələn islamçıların yaxınları, dostları və partiya funksionerləri məhkəmə binasının ətrafına toplaşmaq istəyiblər. Bu zaman polislə dindarlar arasında qarşıdurma yaranıb. Həbs edilənlər var.

Əldə etdiyimiz məlumata görə, həbs edilənlər Nəsimi rayon polis idarəsinə aparılıblar. 15 nəfərə yaxın saxlanılan var. Onların arasında adlarını dəqiqləşdirdiyimiz Rauf Qarayev, Rəhim, Mirtofiq, Pərviz, Zöhrab, Araz Quliyev var.