BolgeXeber.Com » Media » Jurnalist Pərviz Həşimliyə 9 il həbs cəzası istənildi

Jurnalist Pərviz Həşimliyə 9 il həbs cəzası istənildi

14-05-2014, 10:25
Oxunub: 3 607 [img=left]uploads/1400049056_jurnalist].jpg[/img]Pərviz Həşimlinin ailəsi şokdadır.


Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun işi üzrə proses keçirilib.

Hər iki şəxs ötən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda günahkar bilir.

Prosesdə dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası verilməsini istəyib. Mayın 14-də keçiriləcək prosesdə isə P.Həşimlinin, T.Qurbanovun, habelə T.Qurbanovun vəkilinin çıxışı gözlənilir. İlkin ehtimallar jurnalist barədə ayın 14-də hakimin qərar verəcəyi ilə bağlı olsa da, məhkəmə iclasının təyin olunduğu saat bu ehtimalları sıfıra endirir. Çünki proses saat 17.00-a təyin edilib və cəmi 1 saat ərzində sadalanan bu çıxışların edilməsi, habelə hakimin də qərar verməsi praktiki baxımdan mümkün deyil.

Bütün hallarda prokuror iş istəyib və buna reaksiyalar davam edir.

P.Həşimlinin atası Kamran Həşimov bildirdi ki, məhkəmə istintaqı çox ədalətsiz keçirilib. Onun sözlərinə görə, proses boyunca müdafiə tərəfinin qaldırdığı vəsatətlər nəzərə alınmayıb: “Hüquq anlayışı olmayan adam belə görə bilərdi ki, proses necə ədalətsiz keçirildi. Axırda da heç bir sübuta əsaslanmadan dövlət ittihamçısı ağır cəza istədi. Bu, çox böyük haqsızlıqdı və bununla heç cür razılaşmaq olmur”.

P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova da prokurorun 9 il iş istəməsini haqsızlıq adlandırdı. Müsahibimiz bütün ailənin əsəb və gərginlik içində olduğunu dedi: “Himayəsində azyaşlı uşağın olmasını belə nəzərə almadılar. Bu boyda haqsızlığı hamı gördü. Pərviz jurnalist olduğuna görə həbs edilib. Bunu həbs edənlərin özləri də bilir. Ondan bu günə qədər yazdığı yazıların qisasını alırlar”.

Müsahibimiz xatırlatdı ki, məhkəmədə əsəbləri tarıma çəkilmiş ailə üzvləri də prokurorun çıxışına reaksiyasız qalmayıb. İ.Rüstəmovanın sözlərinə görə, P.Həşimlinin qardaşı T.Qurbanovun ünvanına müəyyən sözlər deyib. İ.Rüstəmova məhkəmədən hansı qərar gözləmələri ilə bağlı suala cavabda isə dedi ki, bu sonluq onlar üçün gözlənilməz olub: “Ən azı bir az yüngül iş verilməsini gözləyirdik. Bu qədər haqsızlıq olmaz. Heç adam öldürənə 9 il iş istəmirlər”.