BolgeXeber.Com » Müsahibə-Reportaj » Ədliyyə Nazirliyindən "Xural" açıqlaması

Ədliyyə Nazirliyindən "Xural" açıqlaması

21-10-2011, 12:45
Oxunub: 5 665 Son zamanlar "Xural" qəzetinə qarşı çıxarılmış məhkəmə qərarlarından 3-ü - Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, Azərbaycan Nəşriyyatının direktoru, "Bakinskiy Raboçiy" qəzetinin baş redaktoru Ağabəy Əsgərovun və müğənni Nüşabə Ələsgərlinin iddiaları ilə bağlı qərarlar icraya yönəldilib, bütün görülmüş tədbirlərə baxmayaraq, mətbu orqan bu günədək icradan boyun qaçırıb. Bununla əlaqədar icra məmurları tərəfindən qanunvericiliyə əsasən bu mətbu nəşrin əmlakı siyahıya alınıb.
Bolgexeber.com-un Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə Azərbaycan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, "Xural" qəzeti qanunsuz əməllərinə haqq qazandırmaq məqsədilə oktyabrın 19-da keçirdiyi mətbuat konfransında sensasiya xatirinə icra məmurlarının qanuni hərəkətlərini uydurma əsaslarla vəzifəli şəxslərin göstərişi kimi qələmə verməyə çalışılıb.

"Xural" qəzetinin heç bir reallığı əks etdirməyən bu cür böhtan xarakterli hərəkətləri məhkəmə qərarlarının icrasından yayınmaq istəyindən başqa bir şey deyil", - məlumatda deyilir.
Məlumatda o da qeyd olunur ki, respublikada hərtərəfli islahatlar, o cümlədən söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Yaradılmış əlverişli şərait nəticəsində hazırda ölkədə 4520 mətbu nəşr qeydə alınıb.
Lakin yaranmış bu cür geniş imkanlardan bəzi mətbuat orqanları sui-istifadə edərək, böhtanlara, təhqirlərə və əsassız ittihamlara yer verirlər. Jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini alçaltdıqlarına görə Azərbaycan Mətbuat Şurası tərəfindən onlarla mətbu nəşr "qara siyahı"ya düşür.
"Xural" qəzeti jurnalist peşəsi ilə bir araya sığmayan cılız hərəkətlərə, həqiqətə söykənməyən yazılara, qərəz və təhqirlərə görə "qara siyahı"ya salınıb və Mətbuat Şurasının məlumatına əsasən onunla bağlı mütəmadi şikayətlər daxil olub. Təkcə son 3 il ərzində dövlət və ictimai xadimlərin, mədəniyyət nümayəndələrinin və digər şəxslərin fəaliyyətinə kölgə salmağa, cəmiyyətdəki yeri və rolunu, eləcə də şərəf və ləyaqətini alçaltmağa yönəlmiş qanunazidd hərəkətlərinə görə "Xural" qəzeti barədə məhkəmələrdə iddialar qaldırılıb, baxılan altı iş üzrə qərar çıxarılaraq, qanunvericiliyə əsasən mülki, inzibati və cinayət məsuliyyətinə cəlb olunub", - Ədliyyə Nazirliyinin məlumatında qeyd olunur.