BolgeXeber.Com » İdman » Erməni soyadlı idmançı Bakıya buraxılmadı

Erməni soyadlı idmançı Bakıya buraxılmadı

30-05-2014, 10:30
Oxunub: 4 358 Bakıda keçiriləcək qol güləşi üzrə XXIV Avropa çempionatında Türkiyəni təmsil etmək üçün Azərbaycana gələn erməni soyadlı idmançı mayın 21-də ölkəmizə buraxılmayıb.

Məlumata görə, Diyarbakırdan olan 24 yaşlı Zafer Noyan erməni soyadı daşıdığı üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakıya buraxılmayıb, idmançı İstanbula geri göndərilib.

Z.Noyan pasport yoxlanışı zamanı özünün erməni olmadığını bildirsə də, aeroport işçiləri onun ölkəyə girişinə icazə verməyiblər.

Qol güləşi üzrə XXIV Avropa çempionatı mayın 21-26-da Bakıda "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil edilib.

Kişilər arasında yarışda Azərbaycan idmançıları Qismət Vəkilov (60 kq) və Mirtaleh Aslanov (100 kq-dan artıq) Avropa çempionu adına layiq görülüblər.

Çempionatın bağlanış mərasimində çıxış edən Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov qalibləri təbrik edib və idmançılara uğurlar arzulayıb.

Dünya və Avropa Qol Güləşi federasiyalarının prezidenti Assen Hacıtodorov isə yarışın yüksək səviyyədə təşkilinə görə yarış təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra qaliblərə medallar təqdim olunub.

Azərbaycan idmançıları yarışda ümumilikdə 41 medal qazanıblar. Medallardan 13-ü qızıl, 14-ü gümüş, 14-ü isə bürünc olub. Beləliklə, yığmamız ilk beşliyə daxil olub.

Onu da qeyd edək ki, Bakıda keçirilən Avropa çempionatında 30-dək ölkədən 600-dan çox idmançı iştirak edib. Azərbaycan millisi çempionatda 100 idmançı ilə təmsil olunub.