BolgeXeber.Com » Sosial » “MediClub”da qanunsuzluq

“MediClub”da qanunsuzluq

29-10-2011, 11:05
Oxunub: 6 833 Klinikada pulu ödəməyən xəstəni girov saxlayırlar

Bu günlərdə elektron KİV- lərin birində belə bir məlumat verildi ki, özəl tibbi məzkəzlərdə müxtəlif səbəblərdən travma almış, zədələnmiş və ya təcili tibbi yardıma ciddi ehtiyacı olan şəxslər ya orada pulsuz tibbi yardım göstərilmir, ya da xəstələr ümumiyyətlə qəbul edilmir.

Təəssüflər olsun ki, verlişdə ictimaiyyətə tam aydın olmadı ki, həmin kateqoriyalı xəstələr özəl tibbi məzkəzlərə müraciət etdikdə (həmin xəstələrin arasında huşsuz, şoka düşmüş, olduqca ağır, xəstələr və s. Ola bilər) hansı hüquqi əsaslarla onlar qəbul edilmir, əgər edilirlərsə də pasiyentlərdən ödəniş tələb edilməlidir yoxsa, yox? Bir sözlə mövcud qanunlar bu məsələyə nə deyir?

İnsanların sağlamlıq hüququnun qorunması, vaxtında təcili tibbi yardımın xəstələr üçün nə qədər faydalı olacağını, həmçinin gələcəkdə vətəndaşlar, belə bir vəziyyətlə üzləşdikdə necə hərəkət etmələri baxımından bu məsələnin ciddiliyini nəzərə alaraq bir həkim kimi bunu aydınlaşdırmağa çalışacağam. Qeyd edim ki, biz “Olaylar” qəzetində hələ bir neçə il əvvəl bu məsələyə toxunmuşduq. Eyni zamanda bəlkə də 5-6 dəfə məsələ qaldırmışıq ki, nəyə görə Milli Məclis çayçılar damazlıq heyvanlara qulluq eliyənlər haqqında qanun qəbul edir, nədənsə “pasiyentlərin hüquqlarının qorunması haqqında” qanununu isə qəbul etmir. Nəhayyət, deyəsən bu ilin payız sessiyasında həmin qanun lahiyəsi MM- də müzakirəyə çıxarılacaq.

Belə bir mənzərəni təsəvvür edək ki, biz nə həkim, nə də tibb işçisi deyilik, yolda avtomobil qəzası baş verib, yaralılar var (yaxud bir yaralı var), yaxudda hər hansı səbəbdən kimsə zəhərlənib, yıxılıb, özündən, birsözlə gedib bədbəxt hadisəyə məruz qalıb, biz ona yardım etməliyik yoxsa, yox? Əgər etməsək bizim vicdanımız bunu necə qəbul edər, eyni zamanda çoxlarınız bilirsiniz ki, belə vəziyyətlərdə yardım göstərməyənlərə cinayət işi açılır. Belə olan halda necə ola bilər ki, mülkiyyət formasından asılı olmayaraq hər hansı bir tibb müəssisəsi təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə zəruzi tibbi xidmət göstərilməsin üstəlik də belə xəstələr qəbul edildikdə çox bahalı ödənişlər tələb edilsin.

əcrübəyə əsaslanaraq demək olar ki, belə halların baş verməsinin yalnız bir səbəbi var, “özəllər” qeyri- qanuni ödənişləri bu vəziyyətlərdə ya həyata keçirə bilmirlər, ya da istədikləri pulu yaralılardan almaq mümkün olmur.

Təəssüflə qeyd etməliyəm ki, əksər insanlar elə bilir ki, özəl səhiyyə müəssisələrində bütün tibbi xidmətlər pulludur, hətta lazım olmayan tibbi müayinələrə görə ödənişlər edilməlidir.

Gəlin “özəl tibbi fəaliyyət haqqında” qanunun bir neçə maddəsinə müraciət edək və həmin qanunun bir faktla özəl tibbi məzkəzlərdən birinin necə yerinə yetirilməsinə nəzər yetirək.

Həmin qanunun “özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri” bölməsində deyilir: “təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər pulsuz tibbi yardım göstərmək”, yəni, belə hallarda özəllər nəinki xəstələri qəbul etməməlidir, əksinə onun vəzifə borcu pulsuz tibbi xidmət göstərməkdir. Ona görə də bu vəziyyətlərdə cinayət məcəlləsinin 131-ci maddəsi tətbiq edilməlidir. Həmin maddədə deyilir ki, üzürsüz səbəbdən xəstəyə yardım etməməyə görə tibb işçisi hüquqi məsuliyyət daşıyır. Yəni, əgər xəstənin vəziyyəti ağırlaşarsa, həkimə 2-4 il, xəstə ölərsə 6 il azadlıqdan məhrum etmə cəzası düşür. Zənnimizcə bu maddə tətbiq edilsə belə xoşagəlməz hadisələrin qarşısı alına bilər.

Adı çəkilən qanuna diqqətlə baxanda qarşıya çox maraqlı suallar meydana çıxır, əgər özəllərdə “təxirəsalınmaz tibb”i yardım pulsuzdursa, niyə bu xidmət yaradılır təcili tibbi yardım avtomobilləri, tibbi avadanlıqlar hansı maliyyə vəsaiti hesabına alınır, tibbi personal hansı mənbədən maaş alır, kommunal xidmətlər haradan ödənilir və nəhayət, kim bu xidmətə lisenziya verir. Axı, mövcud səhiyyə qanunvericiliyi özəl tibbi məzkəzlərdə təcili tibbi yardım yaratmağa imkan vermir, bəs, onda bu tibbi xidmət növü nəyə yaradılır? Bax, bu çox maraqlıdır.

İndisə dediyimiz faktı sizlərə təqdim edək. Bakı şəhəri Ü.Hacıbəyov küçəsi, 45 ünvanında yerləşən “Medi Club” adlı özəl tibb müəssisəsi vətəndaş Zaur Məmmədova bir neçə sənəd vermişdir. Sənədlərdən aydın olur ki, 18 sentyabr 2011- ci ildə Zaur Məmmədov gecə saat beş radələrində həmin “Medi- Club”a təcili tibbi xidmət almaq üçün müraciət etmişdir. Zaurun dediyinə görə həmin vaxt onda qida zəhərlənməsi baş vermiş, ora müraciət etməsinin səbəbi isə oranı tanıması və həmin an ora yaxın olması olmuşdur.

Düzdür bəlkə də əsas məsələ xəstəyə tibbi yardım göstərməklə onun səhhətinin yaxşılaşmasıdır. Ancaq görün həmin an “Medi- Club”da nə baş vermişdir? Zaurda lüzumsuz laborator analizlər aparılmış, məqsəd o olmuşdur ki, ondan daha çox pul qoparılsın. Sual olunur gecə saat 5-də bu analizlər kimə və nəyə lazımdır. Məsələn, qamma qlyutamil transferoza, neytrofil, əzinofil, bazofil və s. bir sözlə 26 göstərici üzrə analiz edilir ki, bu gecə vaxtı yalnız “Medi- Club”ın kassasına lazım ola bilər. Həkimlər yaxşı bilir ki, qida zəhərlənməsi zamanı qusuntu kütləsi götürülərək analiz edilir Gigiyena Epidemologiya Mərkəzlərinə (GEM) göndərilməlidir ki, bakterioloji analizdə aydın olsun ki, zəhərlənməni törədən hansı mikrob olur. Deməli, əsas analiz kənarda qalır (çox güman ki, burada pul yoxdur), lazım olmayanlar isə aparılır. Cavablar isə rus dilində xəstəyə verilir (sənədə bax) sənədin üstündə ştamp da yoxdur. Sənədə görə vena daxilinə bir injeksiya (preparatın qiyməti bura daxil deyil) 11 manata vurulub. Ümumiyyətlə xəstədən 110 manat 50 qəpik pul alınıb, heç bir qəbz də verilməyib. Sənədə görə laboratoriya analizləri 38 manat təşkil edib.

Ən acınacaqlı və qanuna zidd hərəkət isə onda yaranıb ki, Zaurun üstündə 70 manat pul olub, onu isə qalan pulu gətirməyənə qədər “Medi- Club”da “girov” saxlayıblar. Zaurun yanında olan qardaşını evə göndəriblər ki, pulu gətirməsən Zaur evə buraxılmayacaq. Bəs, evdə pul olmasa necə hörmətli “Hippokratçı”lar? Nəhayət, tələb olunan pul həkimə çatandan sonra Zaur evə buraxılır və ona Səhiyyə Nazirliyinin təsdiq edilmiş xüsusi resepti yox, özlərinin resepti yazılır.(sənədə bax) Bu da bir qanunsuzluq.

İndisə bütün əhalinin marağına səbəb olacaq bir məsələ barədə söhbət açmaq istərdik. “Özəllər”də tarifləri, yəni qiymətləri kim müəyyən edir, onlar iqtisadi cəhətdən əsaslandırılırmı, burada xəstənin pulunun miqdarı və razılığı nəzərə alınmalıdırmı?

Yenə də “özəl tibbi fəaliyyət haqqında” qanunun 10-cü maddəsində deyilir, özəl tibbi müəssələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr, pasiyentin (yəni xəstənin) xeyrinə vətəndaşlarla müqavilələr əsasında həyata keçirilir və tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.

Buradan aydın olur ki, heç bir özəl tibbi müəssisə özbaşına qiymət müəyyən edə bilməz. Eyni zamanda həmin yerlərdə asılan bütün qiymət cədvəlləri qeyri- qanunudir, xəstələri kütləvi surətdə maddi ziyana salmaqla “Özəllərin qanunsuz kommersiya maraqlarına” xidmət edir. Əslində, isə korrupsiya faktıdır.

Yeri gəlmişkən bizim nənələrimizin balaca bir hədiyyəyə tutduğu doğuş niyə indi “özəllər”də 700- 2000, hətta 3000 dollara olmalıdır? Axı, normal fizioloji doğuş da hansı prosedurlar aparılır ki, orada qiymət 3000 dollar olsun? Buradan belə qənaətə gəlmək olar ki, özəl səhiyyə müəssələrindəki qiymətlər əhalinin sosial vəziyyətinə qətiyyən uyğun deyil, bu qiymətlər iqtisadi əsaslara söykənmir, burada sadəcə kommersiya maraqları güdülür, pasiyentlərin razılığı əksər hallarda hesaba alınmır.

Dediklərimizi əsaslandırmaq üçün yenidən qayıdaq adı çəkilən həmin fakta. Məsələni aydınlaşdırmaq üçün “Medi- Club”a müraciət etdik. Özünü oranın məsul işçisi kimi təqdim edən Rəna xanım Müslümovaya belə bir sualla müraciət etdik. Gecə saat 5-də təxirə salınmaz tibbi yardıma ehtiyacı olan Zaur adlı xəstəyə nəyə görə pullu tibbi xidmət göstərmisiniz, lüzumsuz laborator analizlər nəyə görə edilmişdi, cavablar nəyə görə rus dilində yazılmışdı, resept blankı xəstəyə niyə yazılmışdı və o Səhiyyə Nazirliyinin rəsmi sənədində nə üçün qeyd edilmədi və nəhayyət qeyri- qanuni pullu xidmət olsa belə o xəstəylə razılaşdırılıb, yoxsa yox? Əgər razılaşdırılıbsa xəstənin girov saxlanılması nə deməkdir?

Rəna xanım bir neçə saat araşdırmadan sonra cavab verdi ki, bizdə təxirə salınmaz tibbi yardım müəyyən mərhələdə(?!) pulludur, laborator analizləri həkim təyin edib(?!), blankları da Səhiyyə Nazirliyi təsdiq edib(?!) (Sənədə bax)

İndi baxın, əgər Rəna xanımın dediyi kimi təxirə salınmaz tibbi yardımın müəyyən mərhələsi (?!) 110 manata başa gəlirsə, onda görün tam mərhələsi neçəyə başa gələr. Bu cavab o qədər məntiqsiz və əsassızdır ki, hələ Rəna xanım bilmir ki, elə təxirə salınmaz tibbi yardım birdir və tam həcimli olmalıdır. O ki, qaldı laborator analizlərə, təkcə Bakı şəhərində bir gündə dövlət təcili tibbi yardım həkimləri 1400-1500 çağırış yerinə yetirirlər ki, onlar da çağırışlarda laborator analizlər aparmırlar.

Xəstənin razılığının olmamasını isə (tarif qiymətlərində) Rəna xanım həmin gün blankların olmaması ilə “əsaslandırdı”. Qəbzin verilməməsi isə çox güman ki, vergidən yayınmaq üçün edilib. Yeri gəlmişkən, hazırda vergilərdən yayınan obyektlərdən biri də elə özəl tibbi mərkəzlərdir. Bu haqda yaxın zamanlarda məqalə ilə çıxış etməyi planlaşdırırıq.

Hesab edirik ki, MM və hökümət “özəllərdə” əhalinin sosial vəziyyəti və sağlamlığın qorunması prinsiplərinə uyğun qiymətlərin tənzimlənməsi haqqında normativ sənədlər qəbul etməlidir.

Mütəxəssislər qeyd edir ki, analoji hallar əksər özəl tibbi müəssələrdə baş verməkdədir. Buna görə də Səhiyyə Nazirliyi həm bu haqda, həm də konkret olaraq “Medi-Club”da mövcud qanunsuzluqları aradan qaldırmağa yönəlik ciddi addımlar atmalıdır.

Bolgexeber.com