BolgeXeber.Com » Müsahibə-Reportaj » İmişlidə yeni inşa olunan evlər dağılır

İmişlidə yeni inşa olunan evlər dağılır

1-11-2011, 13:55
Oxunub: 5 293 İcra başçısı öz günahını yuxarı dairələrin üzərinə atır, Əbülfəz Ağayev sel qaçqınlarına tikilən bir evin qiymətini 3 dəfə şişirdib

"İmişlidə ötən il tikilən yeni Telişli kəndindəki evlər. Evlərin divarlarında çatlar yaranıb, onların təməli çökür, damından yağış damır, suvağı tökülür, atüstü çəkilən asfalt yolu bərbad duruma düşüb". Bu barədə Bolgexeber.com-a rayondakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, 2010-cu ilin noyabrında kənd ölkə başçısının iştirakı ilə təntənəli şəkildə açılıb. Həmin vaxt rayon icra başçısı Əbülfəz Ağayev bildirib ki, daşqından ziyan çəkən Telişli sakinlərinə komfort şəkildə yaşamaq üçün yüksək səviyyəli evlər inşa olunub, bir sözlə, bura supermüasir yaşayış məntəqəsi kimi təqdim edilib.

Bolgexeber.com-a verilən məlumata görə kənddə orta həcmi 80 kv metr olan 104 fərdi ev tikilib. Evlərin smeta dəyəri barədə rəsmi məlumat verilməyib. Yerli icra hakimiyyəti bu rəqəmləri gizlədib. “Amma yerli mənbələrdən məlum olub ki, iki otaqlı evlər smetada 38 min manat, 3 otaqlılar 45 min manatdır. Üstəlik, inşaatçılar bildiriblər ki, evlərin real qiyməti bundan 3 dəfə azdır. Evlərdə vəd eidlən buxar isitmə sistemi də qurulmayıb, ona görə sakinlər evlərini odun və ya bahalı elektrik enerjisi ilə qızdırır. Hər ev üçün 12 sot həyətyanı sahə ayrılıb, bu isə azdır. Ona görə də bir çox telişli köhnə evlərdə yaşamağa üstünlük verir”.

Bundan başqa, indiyəcən Telişli sakinləri də başqa kəndlərin sakinləri kimi əkin sahələrinə dəyən ziyan üçün kompensasiya almayıb. Kompensasiya üçün vəsait ayrılsa da, Əbülfəz Ağayevin rəhbərlik etdiyi yerli icra hakimiyyətinin həmin vəsaiti nə etdiyi qaranlıq qalır.

Bundan başqa, "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının monitorinqləri zamanı daşqının aradan qaldırılmasına kömək üçün ayrılan vəsaitlərin taleyi ilə bağlı müntəzəm olaraq ciddi maliyyə pozuntuları və dövlət strukturları tərəfindən korrupsiya faktları aşkarlanıb.

Məlumatlarda bildirilir ki, xüsusilə Telişli kəndinin yeni inşa edilən evlərinin qısa bir zamanda uçulub-dağılmasına görə narazılıqlar böyüdükcə icra başçısı Əbülfəz Ağayev situasiyadan maraqlı çıxış yolu tapıb. O, evlərin keyfiyyətsizliyinin məsuliyyətini üzərindən atıb və sakinlərə belə mesajlar göndərib ki, bu məsələ onluq deyil, mənzillərin inşası yuxarı dairələrin nəzarətində həyata keçirilib. "Ona görə də bu məsələnin məsuliyyəti də onların üzərinə düşür" deyə Əbülfəz Ağayev öz işçiləri vasitəsilə sakinlər arasında məlumat yayıb.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bununla bağlı əlavə bilgiləri, eləcə də İmişlinin sel qaçqınları üçün ayrılan vəsaitin üzərindəki müəmmaların ilginc detallarını araşdırmalarımızın gedişində sizə təqdim edəcəyik. Eyni zamanda yazıda özünə yer alan məqamlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və çap etməyə hazırıq.