BolgeXeber.Com » Media » Baş redaktor istintaqın qarşısında tələb qoyub

Baş redaktor istintaqın qarşısında tələb qoyub

2-11-2011, 16:55
Oxunub: 3 811 Vasif Turan: «FHN-in baş müstəntiqindən hadisənin qısa müddətdə araşdırılaraq, həqiqətin üzə çıxarılmasını tələb etdim»

Oktyabrın 7-də Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki övladı həlak olmuş Bolgexeber.com saytının rəhbəri Vasif Turan yenidən FHN-in Baş Əməliyyat İstintaq İdarəsinə dəvət olunub. Bu barədə baş redaktorun özü məlumat verib.

O deyib ki, FHN-in baş müstəntiqi Qəhrəman Məmmədovla görüşüb. Görüş zamanı baş müstəntiq bildirib ki, Baş Prokurorluqdan onlara baş vermiş hadisə ilə bağlı araşdırma aparılması ilə bağlı göstəriş verilib və bununla əlaqədar onlara cavab verilməsi istənilib. «Mən bir müddət əvvəl Baş Prokurorluğa müraciət edərək, istintaqın Abşeron rayon Polis Şöbəsindən alınaraq, Baş Prokurorluq tərəfindən aparılmasını istəmişəm. FHN-ə göndərilən məktub da həmin müraciətdən ibarətdir. Baş Prokurorluq FHN-in Baş Əməliyyat İstintaq İdarəsindən işin araşdırılmasını və bu barədə onlara cavab verilməsini istəyib».

Vasif Turan daha sonra bildirib ki, həmin müraciətdə göstərilmiş bəzi məsələlərlə bağlı müstəntiqlə müzakirələr aparıblar. Həmin müzakirələr zamanı baş redaktoru əlindəki əsasları və şübhələndiyi məqamlarla bağlı bir daha məlumat verib. «Bir çox məsələlərlə bağlı müzakirələrimiz oldu. Baş müstəntiq onu maraqlandıran suallara cavab verdim. Bəzi mətləbləri isə istintaq sirri olduğu üçün açıqlamıram».

Baş redaktor istintaqa təqdim etdiyi şübhələndiyi adamlardan yalnız bir neçəsinin dindirildiyini də əlavə edib. Vasif Turan deyib ki, həmin şəxslərin yerdə qalanlarının dindirilməməsi onun üçün hələ də qaranlıq olaraq qalıb. «Bu qədər vaxt keçib, amma heç bir nəticə yoxdur. İstintaqın bu qədər zəif aparılması yolverilməzdir. Mən birmənalı olaraq qısa müddətdə baş vermiş hadisənin araşdırılıb, həqiqətlərin üzə çıxarılmasını tələb etdim. Baş müstəntiq isə bildirdi ki, onlar əlindən gələni edəcəklər ki, bu iş tezliklə açılsın».