BolgeXeber.Com » Sosial » Ramil Usubov yol polisinə göstəriş verib

Ramil Usubov yol polisinə göstəriş verib

4-11-2011, 16:35
Oxunub: 4 882 Piyadalarla bağlı iş gücləndiriləcək

Bakıda piyadaların vurulması hallarının azaldılması məqsədilə tədbirlər planı hazırlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Bolgexeber.com-a verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə göstəriş verilib. Daha sonra BŞBBİ Dövlət Yol Polisi İdarəsində bu məsələ ilə bağlı tədbirlər planı hazırlanıb.

Tədbirlər planına yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisləri və post patrul xidməti əməkdaşlarının işinin gücləndirilməsi, piyadaların işıqforun tələbinə riayət etməsi, həmçinin nizamlayıcı nişanların tələblərinə hansı dərəcədə əməl olunmasına nəzarət daxildir.

Məlumatda bildirilir ki, bu il piyadaların vurulması ilə bağlı Bakıda 847 hadisə, 266 ölüm, 645 xəsarət faktı qeydə alınıb. Bu hadisələr ölkədə baş verən yol qəzalarının 38,6 faizini təşkil edir. Bakıda qeydə alınan yol qəzalarının 51 faizi piyadaların vurulması ilə bağlı olub. Bu il həmçinin paytaxtda 1563 piyada inzibati qaydada cəzalandırılıb.

Qeyd edək ki, Yol Hərəkəti Haqqında qanunun 40-cı maddəsinin tələbi (piyadaların yol hərəkət qaydasına əməl etməsi) pozulduqda piyadalar İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq 10 manat dəyərində cərimə ödəməlidirlər. Əgər piyadanın günahı ucbatından yol qəzası baş veribsə, həmin şəxsin cinayət məsuliyyətinə də cəlb edilməsi istisna deyil.