BolgeXeber.Com » Gündəm » Yol polisi ilə mübahisə edən sürücü yerindəcə keçinib

Yol polisi ilə mübahisə edən sürücü yerindəcə keçinib

22-09-2010, 03:20
Oxunub: 5 950

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır

Lənkəranda yol polisi ilə sürücünün mübahisəsi ikincinin müəmmalı ölümü ilə nəticələnib. "Bolgexeber"-in verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib. Rayonun Qrunba kənd sakini, 1961-ci il təvəllüdlü Hüseynov Məmmədhüseyn Təhməz oğlu ailə üzvləri ilə VAZ-2106 markalı maşınla şəhər istiqamətində hərəkətdə olarkən DYP müfəttişləri onu saxlayıb.

Polisin sürücüdən sənəd tələb etməsi mübahisəyə səbəb olub. Mübahisə zamanı sürücü qəfildən keçinib.

Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinədən keçirilməsi üçün Məhkəmə Tibb Ekspertiza Patoloji Anatomiya Birliyinin labaratoriyasına götürülüb.

Məhkəmə tibb eksperti Rafiq Qasımov meyitin xarici müayinəsi zamanı onun üzərində heç bir zorakılıq əlamətlərinin aşkar olunmadığını, ölümün səbəblərinin isə meyitin daxili müayinəsinin nəticələri bəlli olandan sonra məlum olacağını deyib.

Faktla bağlı araşdırma aparan Lənkəran rayon prokurorunun köməkçisi Rəşad Tanriverdiyev yol polisinin sürücünün maşına normadan artıq adam götürdüyü üçün saxlanıldığını və sənədləri üzərində olmadığı üçün tərəflər arasında mübahisə yarandığını bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir. Məhkəmə tibbi ekspertizanın rəyindən sonra hadisəyə hüqüqi qiymət veriləcək.

Qılman Hüseynov açıqlamasında qardaşının səhhətində heç bir problem olmadığını deyib. Onun sözlərinə görə, qardaşının sənədləri qaydasında olmadığına görə, yol polisi ondan rüşvət istəyib. Mübahisə də bu zəmində baş verib.