BolgeXeber.Com » Sosial » Türkiyədə ikinci zəlzələ dəhşəti

Türkiyədə ikinci zəlzələ dəhşəti

10-11-2011, 08:45
Oxunub: 5 365 Vanda 2-si otel 25 bina yerlə bir oldu, dağıntılar altında yüzlərlə insan var, iki jurnalist isə son anda xilas edilib

Türkiyədə baş vermiş Van zəlzələsindən bir müddət keçdikdən sonra eyni ərazidə ikinci dəhşətli zəlzələ qeydə alınıb. 5,6 bal gücündə zəlzələ nəticəsində 2-si otel olmaqla, 25 bina yerlə bir olub. Bolgexeber.com xəbər verir ki, indiyə qədər əldə olunan məlumata görə, dağıntılar altında yüzlərlə adam qalıb.

Bolgexeber.com-un türk mətbuatına istinadən verdiyi məlumata görə, dağıntılar altında qalanlardan ikisi Cihan Xəbər Agentliyinin əməkdaşlarıdır. Uçan otellərdən birində qalan hər iki jurnalistin aqibəti ilə bağlı əvvəlcə məlumat əldə etmək mümkün olmayıb. Xilasedicilərin oteldə apardığı qazıntılardan sonra onlar xilas ediliblər.

Son saatlara kimi isə dağıntılar altından 5-i ölü olmaqla, 20 nəfər çıxarılıb. Əraziyə 300 nəfərlik yeni xilasedici qrup göndərilib.

Kandilli Seymoloji Mərkəzinin rəhbəri Doğan Kalafat zəlzələ ilə bağlı açıqlamasında deyib ki, orta həcmdə baş verən zəlzələdə ölənlərin çox olacağı istisna deyil. «İndiyə qədər aldığımız məlumata görə, 20-yə yaxın bina yıxılıb. Bunların hamısı ilk zəlzələdən sonra zədələnmiş binalar idi. Əvvəlcədən çox dedik ki, insanlarımız ilk zəlzələdən sonra evlərinə girməsinlər. Amma təəssüf ki, sözümüzə baxan olmadı. Ehtimalımız budur ki, ikinci zəlzələdən sonra ölənlərin sayı 70-80 nəfərə çatacaq».

Türkiyə seysmoloqlarının verdiyi məlumata görə, Vanda baş vermiş dünənki zəlzələ əvvəlkinin davamı deyil. Onların hesablamalarına görə, bu yeni bir proses olub və davamlı olacağı da gözləniləndir. Van ərazisində yeraltı proseslərin başladığını və bunun yaxınlıqdakı yatmış vulkanları fəallaşdıra biləcəyini bildirən mütəxəssislərin ən çəkindiyi şey isə Nemrud dağının partlaya biləcəyidir. Onlar bildirir ki, yatmış vulkan olan Nemrud Dağı partlayarsa, ərazidən milyonlarla insanı evekuasiya etmək məcburiyyəti yaranacaq.