BolgeXeber.Com » Siyasət » "Amnesty İnternational"dan yeni tənqidi hesabat gəlir

"Amnesty İnternational"dan yeni tənqidi hesabat gəlir

11-11-2011, 16:10
Oxunub: 5 186 "Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar" adlı sənəd noyabrın 16-da açıqlanacaq

“Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas insan azadlıqlarının vəziyyətindən bəhs edən xüsusi hesabat hazırlayıb. “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır.

“Azadlıq” radiosunun xəbərinə görə, sənəddə deyilir ki, hökumət ölkədə ictimai fəallar və dissidentlərin gözünü qorxutmaq üçün əlindən gələn hər şeyi edir. İnternet Azərbaycanda fikrin azad ifadə edilməsi üçün sonuncu ünvana çevrilib. “Amnesty İnternational” qeyd edir ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət ildən-ilə pisləşir və hazırda bu ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta sosial şəbəkələrdə, harada olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır.

Azərbaycanda insan haqlarını müdafiə qurumları ölkədə hazırda 20-dək siyasi məhbus olduğunu deyir. Onlardan 10 nəfərə yaxın bu ilin yazında müxalifətin Bakıda keçirdiyi etiraz aksiyalarında həbs olunanlardır. Rəsmilər isə adətən beynəlxalq təşkilatların insan haqlarının vəziyyətinə görə Bakıya yönələn tənqidlərini rədd edir. Onlar bildirir ki, belə tənqidlər hansısa dairələrin Bakıya təzyiq cəhdlərinin nəticəsidir.

Qeyd edək ki, təşkilatın yeni hesabatı korrupsiya əleyhinə bahar etirazlarına qarşı təhdidlər və həbslər dalğasının təfərrüatlarını açıqlayır və beynəlxalq birliyi insan haqlarına hörmət bəsləməsi üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırır. Bunlar “Amnesty İnternational”ın yeni hazırladığı hesabatın ümumi məzmunudur. Sənəd noyabrın 16-da, saat 14:00-da Azərbaycan Media Mərkəzində (Dilarə Əliyeva küçəsi, 218) rəsmən elan ediləcək. Təqdimatçılar “Amnesty İnternational”ın Avrasiya bölümünün rəhbəri Con Dalhuyzen və Azərbaycan, Avropa və Mərkəzi Asiya proqramının təhqiqatçısı Nataliya Nozadzedir. Tədbirdə “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev də iştirak edəcək. O, öz inanclarını dinc şəkildə ifadə etdiyinə görə 2007-ci ildə həbs olunub və “Amnesty International” onun adına kampaniya aparandan sonra 2011-ci ildə azad edilib.