BolgeXeber.Com » Media » Küləklər şəhərinin zibilləri

Küləklər şəhərinin zibilləri

11-11-2011, 22:15
Oxunub: 5 249 Mən zibillikdə yaşamaq istəmirəm

Əziz Bakı sakinləri, Bakının “küləklər şəhəri” olduğunu hər birimiz azı 50 dəfə eşitmişik. Məktəbdə oxuyanda coğrafiya müəlliməm şimal və cənub küləyini bizə müxtəlif yollarla izah etməyə çalışırdı. O deyərdi ki, şimal küləyi əsirsə, hava sakit, amma insanın iliyinə işləyən şaxta olması ilə, cənub küləyi isə yerdə olan zibillərin, salafanların havada “dairə” şəklində firlanması və isti olmasi ilə şimal küləyindən fərqlənir.

Müəlliməmin külək haqqında dedikləri məni o qədər də maraqlandırmırdı. Çünki, bütün fikrim yerdə zibillərin olması və cənub küləyi əsəndə onların dairə şəklində havada firlanmasında qalmışdı. Yaratdığı iyrənc görüntü məni daima narahat edirdi. Mənə elə gəlirdi ki, şimal və cənub küləyinin bu cürə dəqiq təsviri yalnız bizim şəhərimizə aid edilə bilər.

Axı nə üçün küçələrdə bu qədər zibil olmalı idi ki, hər cənub küləyi əsəndə şəhərimiz bu eybəcər görüntüyə məruz qala?! Biz əlimizə sahib çıxmaq iqtidarında deyilik mi?
Hələ bu yaxınlarda şahidi olduğum bir hadisəni sizinlə bölüşmək istəyirəm.

İşdən çıxıb evə gəlirdim. Artıq axşam saat 8.00 olardı. Avtobusda elə də çox adam yox idi. Buna görə də kimin nə elədiyini aydın görmək olardı. Mən ayaq üstə dayanmışdım. Təxminən 45-55 yaşı olan bir qadın arxa oturacaqlardan birində oturub “çiko” çırtlayırdı. Bütün fikrim o qadında qalmışdı. İlk öncə məni qıcıqlandıran çırtıltı səsi oldu. Daha sonra qadının günəbaxan tumlarının qabıqlarını sonda hara atacağı barədə düşünməyə başladım.

Hə, onu da deyim ki, xanım tək deyildi. Başqa bir həmyaşıdı ilə əyləşmişdi. Səbəbini bilməsəm də digər qadın tum çırtlamırdı. Yəqin bunu mədəniyyət xatirinə edirdi.

Dediyim kimi bütün diqqətim tum çırtlayan qadında idi. Əslində mənim enəcəyim dayanacaq xanımın endiyi dayanacaqdan çoxda uzaq olmasa da, sonra idi. O, avtobusdan enəndə, mən də enmək istdim. Bilirdim ki, evə burdan gəzərək də getmək olar. Əslində ki, gunəbaxan tumunun qabıqlarının taleyi məni narahat edirdi. Bəli, aşağı endiyimdə gördüyüm mənzərə məni nədənsə təəccübləndirmədi. “Xanım” elə, belə lazım imiş kimi qabıqları havaya uçurtdu, yoldaşı ilə qaqqıldayıb gülə-gülə yoluna davam elədi. Məndə öz yoluma.

Dəfələrlə olub ki, özümdən böyük və kiçik yaşda olmasından asılı olmayaraq, belə hallarda yaxınlaşıb zibili yerə atmamaqlarını xahiş etmişəm. Mənə verilən cavab isə belə olurdu: “Əşi, yerdə bu boyda zibil var, guya biz atmasaq, hər tərəf tər-təmiz olacaq?”. Bu nadanları başa sala bilmirəm ki, yüzlərlə insan eyni cavabı verir. Amma cavab vermək əvəzinə deyiləni etsələr, nəticə şahidi olduğumuzdan az olar. Hər zaman bu problemin həlli yolları barədə düşünmüşəm. Amma “müsəlmanın başının üstündə qılınc olmasa mümkün deyil” ifadəsi necə də düzgün bir deyim imiş. Niyə məhz “müsəlman”-bu isə ayrı mövzudur.

Bəlkə cəzalar, cərimələr tətbiq etmək, nəzarəti gücləndirmək, aksiyalar keçirmək, yeri gələrsə bir-bir qapı döyüb insanlara xəbərdarlıq etmək də lazımdır. Zibil qabılarını çoxaltmaq görülən işlərin içinə daxil olmalıdır. Bəzən birimiz insafa gəlib zibili yerə yox, zibil qabına atmaq istəyirik, onda da qab tapmırıq ki, ataq. Necə deyərlər “ayda-ildə bir namaz onu da şeytan qoymaz”. O qədər belə hallar olub ki, zibili atmağa yer tapmayıb, çantamda evə qədər daşımışam.
Dünyada dəniz kənarında yerləşən, cazibəli şəhərlər siyahısına biz də daxilik. Axı nə üçün bizdə bundan yararlanmayaq. Sivil dünyanın mədəniyyətsiz insanları kimi tanıtmayaq özümüzü. Sahildə gəzərkən alacağımız zövqdən daha çox sudan gələn pis qoxu səbəbindən burnumuzu tutub tez-tez keçməyə çalışırıq.
Təsəvvür edin ki, evinizdə oturub yemək yeyirsiniz, durduqdan sonra yeməyiniz qalıqlarını evin ortasına atırsınız. Yaşadığınız şəhər sizin eviniz deyilmi?

Ehh, hələ küçədə ayağımıza dolaşan salafanları demirəm... bilmirsən önünə baxıb nazlana-nazlana yeriyəsən, bilmirsən də ayağına ilişən bu zəhrimardan canını qurtarasan. Yerə atılmış banan qabıqlarından, butulkalardan, uşaq pampersləridən (hətta bəzən içi də bulaşıq) danışmaq o qədər ağırdır ki...

Ey bığıburma bələdiyyə sədrləri, qalstuklu icra başçıları, xeyirxah məktəb direktorları, “JEK”lər 7 yaşında körpəsidən tutmuş, 77 yaşlı qocasına qədər ayağınızı hər gün səhər zibil dolu küçələrdə atmaq sizə nə qədər xoş təsir bağışlayır?! İşləmək vaxtı çatıb deyəsən.. Sadə və mədəni insanların xoşuna gəlmədiyi bəllidir. Amma nədənsə bu probləmlə bağlı işləməli olan hər kəs zibil içində gəzməkdən “zövq” alır.

Ətrafınızda olan bir insana təsir etmək belə sizin insanlıq borcunuza çevrilməlidir. Mütləq gördüyünüz çirkinliklərlə mübarizə aparın. Xəbərdarlıq edin.

Mən zibillikdə yaşamaq istəmirəm. Ən azından bir vətəndaş kimi haqqlarımı pozmağa ixtiyarınız yoxdur!!

Çinarə Rüstəmzadə