BolgeXeber.Com » Gündəm » Sosial Müdafiə Fondunun şöbə müdiri həbs olundu

Sosial Müdafiə Fondunun şöbə müdiri həbs olundu

27-09-2010, 14:40
Oxunub: 6 896 Sosial Müdafiə Fondunun şöbə müdiri həbs olundu

Azər Hüseynov rüşvət alarkən cinayət başında yaxalanıb


MTN və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilən tədbir nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Hüseynov Azər Ələkbər oğlu rüşvət alarkən cinayət başında yaxalanıb. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən "Bolgexeber"-ə məlumat verilib. Belə ki, Azərbaycan vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərib.

Həyata keçirilən müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən Azər Hüseynov cinayət başında yaxalanıb. Keçirilən baxış nəticəsində Azər Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunub. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənisəməsi faktı da müəyyən edilib.


Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və Azər Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.