BolgeXeber.Com » Müsahibə-Reportaj » AzTV-nin prezidentinə qarşı şok iddialar

AzTV-nin prezidentinə qarşı şok iddialar

19-11-2011, 16:20
Oxunub: 7 236 Keçmiş əməkdaşı telekanalın rəhbəri ilə bağlı maraqlı faktlar açıqladı

“Ekranların zahiri parıltıları arxasında bir mənəvi miskinlik duyulur. AzTV Qapalı Səhmdar Cəmiyyəti (QSC) də özünü ifadə etmək gücündə deyil, özəl kanallarla reytinq və reklam davasındadır. Bu telekanal dövlətdən 45-50 milyon manat vəsait alır”. Bolgexeber.com-un məlumatına görə, bunu “Bizim yol” qəzetinə ünvanladığı müraciətdə AzTV-nin keçmiş əməkdaşı, rejissor Bəsti Şiriyeva deyib. 30 ilə yaxın müddətdə sözügedən telekanalda çalışdığını, çox uğurlu mədəni-maarifləndirici verilişilər hazırladığını qeyd edən rejissorun sözlərinə görə, bütün bunlara baxmayaraq QSC sədri Arif Alışanov 2009-cu ilin oktyabrında saxta əmçrlə onu işdən çıxarıb, əmək kitabçası və son haqq-hesabını isə bu günə kimi verməyib.

Müraciətdə yazılır: “Saxta əmrin (31.03.2008-ci il) mövcudluğu mənə 2009-cu ilin 19 oktyabrında bildirildi. Mən mənhkəməyə müraciət edəndən sonra Arif Alışanov məhkəmələrə saxta, hüquqi dəyəri olmayan “sübut”lar təqdim etdi və sonra “müstəqil” hakimləri ələ aldı. 2010-cu ilıin dekabrın 3-də mən məhkəməyə əmək kitabçamın və son ayın maaşının verilməsi haqqında müraciət etdim. Bundan xəbər tutan kimi AzTV-nin kadrlar şöbəsinin müdiri mansur Bayramov əmək kitabçamı göndərəcəyini bildirdi. Etiraz etdim ki, kitabçanı məhkəməyə göndərsinlər. Lakin ünvanıma göndərdilər. Nəhayət bu il yanvarın 27-də məhkəmə iclasında Səbail məhkəməsinin hakimi Rauf Əhmədov mənə əmək kitabçamı zorla götüzdürmək istədi. Hakim bilərəkdən Alışanova tərəfkeşlik edir”.

B. Şiriyevanın sözlərinə görə, iş o yerə çatıb ki, hətta Apelyasiya məhkəməsinin hakimləri və sədri Natiq Abbasov mülki işə tikilən məhkəmə protokokllarını dəyişdirir və AzTV sədri, yaxud onun kuriyeri ilə məhkəmədən kənar görüşüblər. Nəticədə hazırda Mədəniyyət kanalının sədr müavini olan İlham Rəhimlinin də yardımı ilə A. Alışanovun xeyrinə qərar çıxarılıb. Hətta kassasiya şikayəti vermə müddəti, məhkəmə hakimlərinin A. Alışanova tərəfkeşlik etməsi ucbatından keçib.

Xanım rejissor AzTV sədrinin Dövlət Sosial Müdafiə Fonduna saxta maaş cədvəlləri göndərdiyini də iddia edir: “50 milyon manmat büdcəsi olan bu kanalda işçilərin əksəriyyəti maaş almır, çoxlarına maaş yazılır, amma verilmir. Yaxud fpnda saxta maaş cədvəlləri göndərilir ki, guya işçilərə əmək haqqı verilir. Ona görə də Alışanov bu saxtakarlıqların miqyasını bildiyi üçün məhkəməyə maaş-qonorar cədvəlləri, əmək müqaviləsi. Işə xitam vermək haqqında saxta əmrlərin əslini göndərməkdən çəkinir. Bütün bunlarla bağlı Avropa Məhkəməsinə müraciət göndərdim. Lakin 2010-cu ildə Azərpoçtun Az1000 saylı şöbəsi Avropa Məhkəməsinə göndərdiyim ərizəni ünvana çatdırmayıb və hətta ərizəmin ünvana çatıb-çatmaması haqda hüquqi dəyəri olan bir sənəd də təqdim etmir. Heç bir süni əngələ baxmayaraq, bu yolda Avropa Məhkəməsinə qədər gedəcəm”.

Şikayətçinin sözlərinə görə, A. Alışanov AzTV-nin sayı minlərlə olan keçmiş peşəkar kollektivini darmadağın edib: “Bu gün köhnə kollektivdən 100-200 işçi qalıb, onları da işləməyə qoymur. Alışanov özəl telekanalların yetişdirdiyi kadrları AzTV-yə gətirməklə gözə kül üfürür”.

B. Şiriyeva qeyd olunan məsələ ilə bağlı Prezident Aparatında aidiyyəti şəxslərin qəbulunda olub. O, mübarizəsini davam etdirəcəyini və “dələduz, saxtakar, hakimlərlə əlaqəyə girərək onları qanun pozuntularına vadar edən” Arif Alışanovdan haqqını tələb edəcəyini bəyan edir.

Qeyd edək ki, bu mövzuyla bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.