BolgeXeber.Com » Müsahibə-Reportaj » Millət vəkili məcburi köçkünləri təhqir etdi

Millət vəkili məcburi köçkünləri təhqir etdi

23-11-2011, 22:15
Oxunub: 6 425 Etibar Hüseynov: «Xırda-para evlərini qoyub gələnlər indii villa sahibidir və qazpulu vermək istəmir»

İmamverdi İsmayılov: «Jurnalistsən, amma danışığını bilmirsən»

Bahar Muradova: «Hər kəs danışdığı sözün məsuliyyətini dərk etməlidir»

Noyabrın 23-də Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunarkən deputatlar arasında mübahisə baş verib. Deputat Etibar Hüseynov müzakirələr zamanı çıxış edərək Azərbaycanın Milli qəhrəmanların statusunun artırılmasını təklif edib. Deputat eyni zamanda bildirib vaxtilə müharibədən qabaq qaçıb Bakıya gələn bəzi məcburi köçkünlər indi villalarda yaşayırlar. Amma kommunal xidmətlərə görə ödənişin vaxtı gələndə onlar müxtəlif vəsiqələr təqdim edib pul verməkdən yayınırlar. Ancaq Milli qəhrəmanların ailələrinin qazı, işiğı, suyu cüzi məblığə görə kəsilir. Etibar Hüseynovun bu sözləri Qarabağ bölgəsini təmsil edən deputatlar Astan Şahverdiyev və İmamverdi İsmayılovun etirazına səbəb. Zəngilan-Qubadlı dairəsindən deputat seçilmiş İmamverdi İsmayılov yerindən üzünü Etibar Hüseynova tutaraq “yekə oğlansan, özün də jurnalistsən, amma ağzının danışığını bilmirsən” deməklə ona etirazını bildirib.
Bir qədər sonra Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdəki büdcə müzakirələri zamanı deputatlar Etibar Hüseynovla İmamverdi İsmayılovun dialoquna münasibət bildirib. O, Etibar Hüseynovu danışdığı sözün məsüliyyətini dərk etməyə çağırıb: «Bura Milli Məclisdir. Burada hər kəs öz danışdığı sözün məsuliyyətini dərk etməlidir. Müxtəlif rayonlardan olan qaçqın və məcburi köçkünlər Bakıya şəhəri görmək üçün gəlməyiblər. Məcburiyyət qarşısında qalıblar, münaqişə baş verib və ona görə onlar buradadırlar. O hissləri yaşamayan insanlar onları heç vaxt başa düşə bilməz. Qaçqın ailəsinin burada özünə şərait yaradıb villa tikməsi pis hal deyil. Bununla o dövlətin yükünü azladıblar».
B.Muradova eyni zamanda qacqınların qazpulu, işıqpulu verməmələrinə münasibət bildirirək qeyd edib ki, bu gün kommunal xərcləri ödəməkdən yayılan çoxlu imkanlı şəxs var ki, onlara qarşı geniş mübarizə aparmaq lazımdır. Etibar Hüseynovun Milli qəhrəmanların statusunun artırılması ilə bağlı təklifinə cavab olaraq B.Muradova deyib: «Milli qəhrəmanlarla bağlı narazılığınız, təklifiniz varsa, konkret olaraq layihə formasında verin, biz baxıb qiymətləndirirək. Milli qəhrəmanlarla bağlı status var, onların statusu qanunvericiliklə müəyyən olunub və hesab edirəm ki, bu sahədə heç bir problem yoxdur».

Qubadlı-Cəbrayıl seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev də çıxışında millət vəkili Etibar Hüseynovun bəzi məcburi köçkünlərin Bakıda mülkləri olduğunu və işıq pulu verməməsi barədə söylədiyinə münasibət bildirib. O deyib ki, qaçqınlar Milli Məclisin qarşısına gəlmək istəyiblər, amma o, buna icazə verməyib. Astan Şahverdiyev Etibar Hüseynova xəbərdarlıq edib: “Mən o insanlara dedim ki, həmin deputatın cavabını biz burada verəcəyik. İnanıram ki, bu deputata səs verən şəxslər onun bu çıxışından sonra səs verdiklərinə görə xəcalət çəkəcəklər. Cəbrayıl rayonundan olan qohumlarımın hamısı məcburi köçkündür. Bura şou məclisi, millət vəkilləri də şoumen deyil”. Spiker Oqtay Əsədov deyib ki, Etibar Hüseynov cavandır: “Astan müəllim, siz ağsaqqalsınız, bunu böyütmək lazım deyil”.
Millət vəkili Fəttah Heydərov da həmkarı Etibar Hüseynovun qalmaqallı çıxışına toxunub: «Bizim cavan deputatımız regionlardan Bakıya gələn insanlarımız haqqında bir ifadə işlətdi. Bir fəlakət nəticəsində Ermənistandan və Qarabağdan gələn insanlardan danışıldı. Məncə, həmin ağır vaxtlarda digər regionlardan da Bakıya gələnlər oldu. Cavan deputatımızın bağışlanmasını qəbul etmək olar”