BolgeXeber.Com » Media » Rafiq Tağı ilə bağlı daha bir bəyanat

Rafiq Tağı ilə bağlı daha bir bəyanat

24-11-2011, 15:55
Oxunub: 4 485 “Yeni Nəsil” Jurnalistlər Birliyi Rafiq Tağının ölümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “2004-cü il noyabr ayının 23-də Azərbaycanda son 20 ildə qətlə yetirilmiş jurnalistlərin sayı ona çatdı. Tanınmış jurnalist və yazar Rafiq Tağı naməlum şəxs tərəfindən bıçaqlandıqdan dörd gün sonra xəstəxanada keçindi.

Rafiq Tağının mətbuatda çıxışları dəfələrlə gərgin ictimai müzakirələrə səbəb olub. Bu, çoxlarında etiraz doğursa da, demokratik cəmiyyətin mühüm elementlərindən biridir: hətta ən qıcıqlandırıcı formada ifadə edilmiş fərqli fikrə də dözümlə yanaşmaq, çoxluq tərəfindən qəbul edilmiş əxlaq normaları baxımından yanlış hesab edilən ideyaların qarşısına güllə ilə, bıçaqla, qandalla deyil, sözlə çıxmaq lazımdır.

Biz əminik ki, Rafiq Tağıya hücum onun peşə fəaliyyəti ilə əlaqədardır. Jurnalistlərə qarşı şəxsi motivlərlə sui-qəsdlər təşkil edilmir. Azərbaycanda peşə fəaliyyəti ilə bağlı öldürülmüş on jurnalistin hamısının qətlinin arxasında siyasi motivlər dayanır.

Rafiq Tağıya hücumun kimlər tərəfindən təşkil olunması barədə müxtəlif ehtimallar irəli sürülür. Bu ehtimalları araşdırmaq, Rafiq Tağının qatilini və qətlin sifarişçilərini tapıb üzə çıxarmaq ölkənin hüquq-mühafizə orqanlarının ümdə vəzifəsi olmalıdır. Əks təqdirdə, bu cinayətə görə məsuliyyətin bir qismi də hakimiyyətin üzərinə düşəcək. Təkcə ona görə yox ki, hökumət bütün açılmamış cinayətlərin məsuliyyətini bölüşməlidir. Həm də ona görə ki, son illərdə çoxsaylı fiziki təzyiqlərə və sui-qəsdlərə məruz qalmış jurnalistlərə qarşı hücumların tam əksəriyyəti üzrə cinayətkarlar cəzasız qalıblar və biz Rafiq Tağının qətlini bunun məntiqi nəticəsi kimi qəbul edirik. Cəzasızlıq mühiti sözün düşmənlərini yeni cinayətlərə həvəsləndirir”.