BolgeXeber.Com » Müsahibə-Reportaj » İnsan alveri ilə məşğul olan 2 qrup zərərsizləşdirilib

İnsan alveri ilə məşğul olan 2 qrup zərərsizləşdirilib

1-12-2011, 13:00
Oxunub: 4 879
DİN idarə rəisi: “Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan insan alverçisi Pakistanda vəfat edib”

Bu barədə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev Bakıda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirədə çıxışında bildirib.

C. Şıxəliyev qeyd edib ki, Azərbaycanda bu sahədə kifayət qədər mükəmməl qanunvericilik bazası formalaşdırılıb: “Bəzən Azərbaycanda insan alveri qurbanlarının sayının artması ilə bağlı ABŞ Dövlət Departamentinə səhv məlumatlar ötürülür. Mən bu barədə səfir Metyu Brayza ilə müzakirələr aparmışam. ABŞ səfirliyinə və digər beynəlxalq təşkilatlara bizimlə yaxından əməkdaşlıq etdiyi üçün təşəkkür edirəm”.

C. Şıxəliyev vurğulayıb ki, Azərbaycanda insan alverinə qarşı çox ciddi mübarizə aparılır. Bu istiqamətdə görülən tədbirlər nəticəsində tikinti sahəsində 4037 reyd keçirilib, nəticədə əmək istismarı qaydalarının pozulması faktı aşkar edilməyib. C. Şıxəliyev qeyd edib ki, bəzi beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda azyaşlı uşaqların pambıq və tütün istehsalı sahəsində məcburi əməyə cəlb edildiyi barədə məlumatlar yer alıb: “Tərəfimizdən 10-a yaxın rayonda monitorinq aparılıb, lakin azyaşlı uşaqların məcburi əməyə cəlb edilməsi faktları aşkar edilməyib”.

İdarə rəisi bildirib ki, bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Bundan başqa, bu il ölkədə 27 nəfər insan alveri qurbanı müəyyən edilib. Beynəlxalq axtarışda olan 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 17 nəfər beynəlxalq axtarışdadır. Bir insan alverçisi bu yaxınlarda Pakistanda vəfat edib. Bu il həmçinin məcburi əməklə bağlı isə 2 cinayət faktı qeydə alınıb.