BolgeXeber.Com » Müsahibə-Reportaj » “Bakıda o qədər peşəkar killer var ki…”

“Bakıda o qədər peşəkar killer var ki…”

2-12-2011, 11:25
Oxunub: 5 076 “Bakıda o qədər peşəkar adamöldürən var ki, pulunu ver öldürsün. Bu həmişə belə olub. Sovet hökumətinin vaxtında da belə dəstələr olub, indi də var, gələcəkdə də olacaq”.

Bu sözləri keçmiş baş prokuror, açılmayan ölüm işləri üzrə mütəxəssis Murad Babayev yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı “Bizim yol” qəzetinə verdiyi müsahibədə deyib. Maraqlıdır ki, bir vaxtlar oxşar açıqlama ilə DIN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov da çıxış etmişdi. Həmin vaxt H.Məmmədov bildirmişdi ki, o hələ “osminoq”un bir ayağıdır, azadlıqda daha təhlükəli cinayətkar dəstələr var.

Hüquqşünas Qurban Məmmədov isə deyir ki, Murad Babayev kimi ciddi bir adam belə bir açıqlama verirsə, demək, vəziyyət həqiqətən belədir: “Murad Babayev Azərbaycanın keçmiş baş prokuroru olub və kifayət qədər ciddi adamdır. O, belə bir söz deyirsə, demək, nəyəsə söykənib deyir. Onunla tamamilə razıyam. Yadınıza başqa bir məqamı salmaq istəyirəm. Heydər Əliyev 93-cü ildə hakimiyyətə gələndən sonra Dövlət Təhlükəsizlik Komitəsində ilk görüşü oldu. Orada belə bir söz işlətdi ki, Əjdər Xanbabayev mənim dostum olub və bilirəm ki, onun ölümünü bu idarədən təşkil etmişdilər. Yəni, açıq şəkildə bildirdi ki, Azərbaycanın təhlükəsizlik orqanında adamöldürmə təşkil olunur. Amma bu çıxışdan sonra həmin orqanın əməkdaşlarından heç kim həbs olunmadı. Hacı Məmmədov olayı isə göstərdi ki, Daxili Işlər Nazirliyində də belə qruplar var”.

Q.Məmmədov deyir ki, belə şəxslər həm dövlət orqanlarında, həm də cinayətkar aləmdə var: “Pulla adam öldürənlər var ki, sonra cəsədi qaynadırlar ki, əti sümüyündən ayrılsın. Murad Babayev tamamilə haqlıdır. Bunun da səbəbi Azərbaycandakı qanunsuz hakimiyyətdir. Azərbaycan normal idarə olunmur deyə, bu cür adamların meydana gəlməsinə münbit şərait yaranır”.