BolgeXeber.Com » Müsahibə-Reportaj » Deputat “Azərsun Holdinq”lə bağlı şayiələrdən danışdı

Deputat “Azərsun Holdinq”lə bağlı şayiələrdən danışdı

2-12-2011, 20:10
Oxunub: 5 216 Mətbuatda “Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozal və onun biznesinin hakimiyyət tərəfindən guya qara siyahıya salınması və çökdürülməsinə start verildiyi bildirilir.

Deputat Çingiz Qənizadənin təmsil olunduğu 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin ərazisində holdinqin bir neçə müəssisəsi, o cümlədən də regionda ən böyük şəkər zavodu yerləşir. Baş verənlərinlərlə bağlı “Qafqazinfo” saytına acıqlama verən deputat Çingiz Qənizadə aşağıdakıları bildirib:

“Həqiqətən də mənim seçildiyim dairədə yerləşən İmişli rayonunda “Azərsun Holdinq”in şəkər zavodu var. Bu müəssisədə 3 növbə üzrə 1000-dən çox insan çalışır. Və bu 1000 nəfərin ailə üzvlərinin sayını 4-5 nəfərdən götürsək zavodun 4-5 min insanı dolandırması deməkdir. Bundan başqa minlərlə hektar ərazidə vətəndaşların əkib-becərdiyi şəkər çuğunduru zavod tərəfindən qəbul olunur. Məncə bunun nə demək olduğunu yaxşı anlayırsınız. Bütün görüşlərim zamanı şahidi olmuşam ki, əhali bu müəssisənin onlara yaratdığı şəraitdən çox razıdırlar” .

Deputatın sözlərinə görə, bu ilin may ayında çənab Prezident İlham Əliyevin İmişliyə səfəri zamanı rayonda holdinqin bir neçə yeni sexinin təməli də qoyulub. Bu isə yüzlərlə iş yeri deməkdir: “Şəxsən mən Goozal bəyi çox da yaxından tanımıram. “Azərsun Holdinq”lə qəzetlərdən birinin məhkəmə çəkişməsi getdiyi zaman Monitorinq Qrupunun üzvləri olan hüquq müdafiəçiləri ilə birlikdə görüşərək tərəfləri barışdırmışıq. O zaman bizə imkan yaradıldı ki, onun haqqında qəzetdə yazılan yazıların nə qədər doğru və ya yalan olduğunu aydınlaşdırmaq üçün holdinq müəssisələrində monitorinq keçirdək, orada çalışanlarla görüşək və söhbət edək. Biz, Bakı Yağ Fabriki, Bakı Çay Fabriki, Xaçmazda yerləşən Qafqaz Konserv Zavodunda olduq, yüzlərlə fəhlələrlə görüşdük. Hamı onlar üçün yaradılmış şəraitdən və əməkhaqqından razılıqlarını bildirirdi. Bu gün də fəhlələrə əməkhaqqından əlavə gündə 1 bir dəfə isti yemək, fasilə vaxtı isti çay, ayın sonunda isə hər birinə ərzaq yardımı verilir.

Müşahidələrdən görünür ki, Abdolbari Goozal bəy sırf biznes fəaliyyəti ilə məşğuldur, siyasətdən uzaqdır, Azərbaycan iqtisadiyyatına fayda verməklə ölkənin iqtisadi gücünün artmasında və çiçəkləməsində öz töhfəsini verən şəxslərdən biridir. Qəzetlərin birində gedən məlumatlarda isə “Azərsun Holdinq”in və Abdolbari Goozal bəyin fəaliyyətinin hakimiyyət tərəfindən guya qara siyahıya salınması məlumatı jurnalistin təxəyyülündən başqa bir şey deyil. Orada qeyd olunur ki, Abdolbari Goozalın payçısı olduğu Azərbaycan Sənaye Bankının Park Bulvar ticarət mərkəzindəki filiallarından biri bağlanır. Məgər bir filialın bağlanması əsas verirmi ki, böyük bir holdinq və onun rəhbəri haqqında bu cür fikirlər mətbuata çıxarılsın. Bu cür həqiqətə söykənməyən yanlış fikirlər sahibkarların işgüzar fəaliyyətinə və imicinə xələl gətirən məqamlardır. Bu böhtan və qərəzdir. Bu isə məhkəmə məsuliyyəti yaradan faktdır.

Mən çox arzu edərdim ki, “çayxana” söhbətləri tələm-tələsik mətbuata çıxarılmasın. Çox təəssüf ki, Azərbaycanda belə hallar tez-tez olur”