BolgeXeber.Com » Şou-Biznes » Qədir Rüstəmovun komadan çixmamasinin səbəbi aydin olub

Qədir Rüstəmovun komadan çixmamasinin səbəbi aydin olub

5-12-2011, 12:25
Oxunub: 5 987 Xalq artistində herpes virusu aşkarlanıb

40 gündən artıqdır ki, İstanbulun “Acıbadem” xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində olan Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Qədir Rüstəmovun şüurunun ayılmamasının səbəbi kimi herpes virusu göstərilir.

Bu barədə APA-ya açıqlama verən sənətkarın həyat yoldaşı Fatma Rüstəmov, xanəndənin səhhətində irəliləyiş olmadığını deyib. O bildirib ki, Qədir Rüstəmovun orqanlarının işləməsi, qan dövranın fəaliyyəti onları ümidləndirir: “Oğlum Rüstəm də Türkiyəyə gəlib və Qədirin yanına gedib onunla danışırıq. Mən dəfələrlə onun əlini tutmuşam, yaxşılaşdığını demişəm, oğlum da ümidverici sözlər deyir və o bu sözlərə reaksiya verir. Daxili orqanları da, beyni də işləyir və bu bizə ümid verir. Həkim də bildirir ki, Qədirin bütün orqanizmini qaydaya salıb və problem yalnız şüurunun ayılmamasındadır”.

F. Rüstəmova bildirib ki, Qədir Rüstəmovun şüurunun özünə gəlməməsinin əsas səbəbi kimi radiaktiv müalicə götürməsi göstərilirdi, amma bu günlərdə bunun əsas səbəbi məlum olub: “Həkim bildirdi ki, bunun əsas səbəbi herpes virusunun aşkarlanmasıdır. İndi bu problemin nə zaman həllini tapacağını bilmirik. Amma qərar vermək olduqca çətindir və biz ən ağır günlərdə belə ümidimizi üzmürük. Həkim də bildirir ki, Qədir yaşamaq istəyir və bunun üçün bütün orqanizmi mübarizə aparır. Qədir ölmək istəmir, o sağalacaq”.