BolgeXeber.Com » Media » Rafiq Tağının qardaşı istintaqdan şikayət edir

Rafiq Tağının qardaşı istintaqdan şikayət edir

7-12-2011, 18:50
Oxunub: 3 937 “Xaricə getmək üçün hələ müraciət etməmişik”

Qətlə yetirilmiş yazıçı Rafiq Tağının qardaşı Rafael Tağı “Azadlıq” radiosuna müsahibə verib. O deyib ki, dekabrın 3-dən bəri istintaq qrupu Rafiq Tağının ailə üzvlərindən və yaxınlarından ifadə alıb: “Bizə istintaqla bağlı hər hansı açıqlama verməyiblər. Deyirlər ki, istintaq sirridir. Hamımızdan ifadə alıblar. Həm hadisə günü baş verənlər, həm Rafiqin xəstəxanada rəhmətə getməsi, həm də özü haqda suallar verirlər”.

Rafael Tağı əlavə edib ki, Daxili İşlər Nazirliyi Rafiq Tağının ailəsinə mühafizə ayırıb: “Dekabrın 2-dən polislər günün 24 saatı evin qarşısında dururlar”. Onun sözlərinə görə, ailə üzvləri təhlükəsizlikləri ilə bağlı narahat olsalar da, xarici ölkədən sığınacaq istəməyiblər: “Biz dövlətə müraciət etmişik ki, təhlükəsizliyimizi təmin etsin. Xaricə getmək üçün hələ müraciət etməmişik”.

Yazıçı Rafiq Tağı noyabr 19-da Bakıda bıçaqlanıb və noyabrın 23-də müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır.