BolgeXeber.Com » Media » Daha bir jurnalistə təhlükə var

Daha bir jurnalistə təhlükə var

9-12-2011, 15:20
Oxunub: 3 470 Naməlum adamlar Seymur Həziyevi axtarıblar

2011-ci il martın 26-da fiziki zorakılığa məruz qalan jurnalist, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyev danışaraq yenidən izləndiyini deyib: “Bu gün səhər naməlum adamlar məni Ceyranbatan qəsəbəsində axtarıblar. Mart ayında oğurlanmağımdan öncə də belə hal baş vermişdi. Mən bu hadisəni həyatım üçün təhlükə hesab edirəm”.

Seymur Həziyevi martın 26-da qara maskalı 6 nəfər naməlum adam oğurlayaraq döyüb. Onu gecə vaxtı evinə gedərkən yaşadığı Ceyranbatan qəsəbəsində döyə-döyə mikroavtobusa mindiriblər. Avtomobildə jurnalistin başına maska keçirib yenə döyüblər. Təxminən 20-25 dəqiqə yol qət edərək onu bir evə gətiriblər. Naməlum şəxslər jurnalisti palçıqda sürüyüblər, videoya çəkiblər, sonra gətirib bir yerdə küçəyə tullayıblar. Jurnalisti döyənlər ona “ağıllı olmağı, camaat necə yaşayırsa, elə yaşamağı” məsləhət görüblər. Bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin döymə maddəsi üzrə cinayət işi başlandığı və məsələnin Daxili İşlər Nazirliyinin nəzarətində olduğu bildirilir.

Dekabrın 9-da “Media forum” saytına açıqlama verən Seymur Həziyev fiziki zorakılığa məruz qaldıqdan sonra bir neçə dəfə naməlum şəxslərin onu axtardığını bildirib: “Azadlıq” qəzetində bununla bağlı məlumatlar gedib. Məncə, indi proseslər təkrarlanır. O vaxt da hansısa mülki geyimlilər gəlib qəsəbə camaatından məni soruşmuşdu. Yenidən eyni hadisə baş verir. Bu dəfə təsadüfən qohumlarımdan bir nəfər də orada olub”.

Jurnalist vurğulayıb ki, həyatına qarşı təhlükə hiss edir: “Azərbaycanda baş verən hadisələr onu göstərir ki, belə axtarışların axırı yaxşı olmur. Mənim kiminləsə şəxsi düşmənçiliyim yoxdur. Əgər məni axtaran şəxslərin pis niyyəti yoxdursa, məni məndən soruşa bilərlər. Jurnalistəm, iş yerim məlum və telefonlarımız bəlli. Əgər onlar hansısa qurumu, rəsmi instansiyanı təmsil edirlərsə, yaşayış yerimin ünvanı dövlətin rəsmi orqanlarında mövcuddur”.

Seymur Həziyev son axtarış hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə zəng etdiyini vurğulayıb: “Mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadəyə məlumat vermişəm. Hazırda Bakıda olmadığım üçün rəsmi ərizə ilə müraciət etməmişəm. Şəhərə qayıdan kimi yazılı müraciətim də olacaq”.

Jurnalist mart ayında baş verən hadisə ilə bağlı araşdırmanın heç bir nəticəsi olmadığını da qeyd edib: “O vaxt da bildirmişdim ki, araşdırmadan heç bir nəticə gözləmirəm. Çünki Azərbaycanda buna oxşar heç bir hadisənin üstü açılmayıb. Ümid edirəm ki, son müşahidə etdiklərim növbəti bir cinayətlə nəticələnməyəcək. Polis və ya təhlükəsizlik orqanları bu hadisələrə bir əlac tapacaqlar. Ya da bu işlərin arxasından qaçacaqlar. Sözün açığı, artıq sözüm qalmayıb. Əgər bir adama qarşı hər il ardıcıl belə hadisələr baş verirsə, hadisəni törədənlərin məqsədi onu aradan götürməkdir”.