BolgeXeber.Com » Bölgə » Cəlilabadlılar namizədi yumurta atəşinə tutacaqlar

Cəlilabadlılar namizədi yumurta atəşinə tutacaqlar

3-10-2010, 17:15
Oxunub: 6 017

Cəlilabadlılar Kərəm Həsənovun qardaşına "toy tutmaq" fikrindədirlər

Bu seçkilərdə bəzi məmur qohumlarının iştirak etdiyi dəqiq məsələdir. Onların sırasında Dövlət Əmlakını İdarəetmə Komitəsinin rəhbəri Kərəm Həsənovun da qardaşı var. Malik Həsənovun namizədliyi 67 saylı Cəlilabad şəhər seçki dairəsindən YAP tərəfindən irəli sürülüb.

Qeyd edək ki, "Azinkoholdinq" tikinti şirkətinin rəhbəri olan Malik Həsənovun hakim partiyanın siyahısına düşməsində şübhəsiz qardaşının böyük rolu olub. Amma Həsənovu Cəlilabadda heç də xoş seçki kampaniyası gözləmir. Həmin xoş olmayan hallardan biri də budur ki, deputatlığa namizədi əhali ilə keçirəcəyi görüşlərdən birində yumurta atəşinə tutacaqlar. Və bununla da ona etirazlarını çatdıracaqlar.

Məlumatlara görə, cəlilabadlıların belə aqressiv bir addım atmalarına səbəb olacaq bir sıra amillər var. Həmin amillərdən biri Kərəm Həsənovun qohumlarının onun adından istifadə edərək, rayonda at oynatmalarıdır. Hətta bir il bundan əvvəl Kərəm Həsənovun yaxın qohumlarından biri yüksək sürətlə qırmızı işığı keçdiyi üçün saxlanıldığına görə, iki polis əməkdaşı işdən çıxarılmışdı. Bundan başqa, komitə sədrinin adamları ilə deputat Aydın Həsənovun qohumları arasında da az qala silahlı toqquşma baş verəcəkmiş. Buna səbəb kimi isə Cəlilabadda "İran bazarı" kimi tanınan iri ticarət obyekti uğrunda gedən mübarizə göstərilirdi.

Digər bir amil isə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsi göstərilir. Verilən məlumatlarda deyilir ki, keçmiş nazirin həbsində Kərəm Həsənovu günahkar bilən cəlilabadlılar onun hərəkətlərini qınayırlar. Eyni zamanda, Fərhad Əliyevdən sonra Cəlilabada təhkim olunmuş Kərəm Həsənovun rayon üçün heç nə etməməsi bu qınağı, qıcığa çevirib. Nəticədə, qərara alınıb ki, komitə sədrinə etirazlarını bildirmək üçün onun deputat olmaq istəyən qardaşı Malik Həsənovu yumurta atəşinə tutsunlar.

Məlumatlara görə, bu aksiyanın harada və nə vaxt olacağı bəlli deyil. Amma bilinən budur ki, həmin addım keçiriləcək görüşlərdən birində baş verəcək.