BolgeXeber.Com » Gündəm » AZAL-ın işçisi 254 min dollarla tutuldu

AZAL-ın işçisi 254 min dollarla tutuldu

11-12-2011, 11:00
Oxunub: 5 245 Növbə rəisinin müavini bu pulu gömrükdən gizli keçiribmiş

MTN və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Bakı-Moskva aviareysi ilə hərəkət etmək istəyən Azərbaycan vətəndaşının üzərinə baxış keçirilib.

Əməliyyat zamanı Bakı-Moskva aviareysi ilə hərəkət etmək istəyən Azərbaycan vətəndaşı Emin Ramazanov gömrük nəzarətindən keçəndən sonra təyyarənin göyərtəsində saxlanılıb. Qanunvericiliyə uyğun olaraq hal şahidlərinin iştirakı ilə onun əl çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxış zamanı həmin çantadan hər biri 100 ABŞ dolları nominalında olmaqla 2538 ədəd (253 min 800 dollar) əskinaz aşkar olunaraq protokol əsasında götürülüb.

İlkin araşdırma zamanı E.Ramazanov izahatında bildirib ki, çantasından aşkar olunan 253800 dolları təyyarəyə keçirməkdə ona “Azərbaycan Hava Yolları” QSC (AZAL) Aviasiya Təhlükəsizliyi İdarəsinin növbə rəisinin müavini Rəşadət Vəliyev kömək edib. Belə ki, Binə aeroportunun məhdud girişli steril zonasındakı sanitariya qovşağında AZAL-ın Aviasiya Təhlükəsizliyi İdarəsi növbə rəisinin müavini Rəşadət Vəliyev pulu öz üzərində səhər saatlarında gömrük nəzarətindən gizli keçirəndən sonra onu E.Ramazanova veribmiş. Faktla bağlı təhqiqat aparılır.