BolgeXeber.Com » Siyasət » Deputat Astan Şahverdiyev rəqiblərinə pul təklif edir

Deputat Astan Şahverdiyev rəqiblərinə pul təklif edir

4-10-2010, 03:35
Oxunub: 7 020

O, müsavatçi rəqibinə namizədliyini geri götürmək üçün 50 min manat təklif etdi

Redaksiyamıza daxil olan məlumatlara görə, hakimiyyət müxalifəti seçki kampaniyasından kənarda saxlamaq üçün ən müxtəlif üsullardan istifadə etmək qərarına gəlib. Blok şəkilində parlament seçkilərində iştirak etmək üçün 60 namizədin qeydə alınması tələb olunur. 60 namizədi qeydə alınan blok televiziya debatlarında iştirak etmək hüququ qazanacaq. Lakin hakimiyyət debatların olmasını arzulamır. Ona görə də, müxalifətin, hətta psevdomüxalifətin bloklarınının belə qeydiyyata alınmasında maraqlı deyil.

Hakimiyyətin yuxarı eşelonunun verdiyi siyasi qərara əsasən bir sıra dairələrdə müxalifət namizədlərinin qeydə almayacaq. Artıq 93 saylı Tərtər seçki dairəsindən AXCP-Müsavat seçki blokunun namizədi Qabil Hüseyinli, həmin blokun Gəncədən namizədi Pərviz Həşimli, “Qarabağ” seçki blokunun 63 saylı Sabirabad seçki dairəsindən namizədi Razi Abbasbəylinin namizədliyi qeydə alınmayıb. Lakin beynəlxalq təzyiqlərin olacağını nəzərə alan hakimiyyət namizədlərin bir qismini pulla ələ almaq qərarına gəlib.

Son məlumata görə, hakimiyyət namizədliyini geri götürən müxalifətçilərə 50 min manat təklif edir. Müsavat Partiyasından olan mənbəmizin bildirdiyinə görə, hakimiyyət təzyiqlər qarşısında geri çəkilməyən namizədlərə pul təklif edib.

Belə ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Müsavat Partiyasının namizədi İzzət Məmmədov təzyiqlərə məruz qalıb. İlkin olaraq Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev şəxsən özü İ. Məmmədova zəng edərək görüşmək istədiyini bildirib. İ.Məmmədov görüşməkdən imtina etdikdə isə icra başçısı ondan namizədliyini geri götürməyi xahiş edib. Lakin müsavatçı namizəd icra başçısının xahişini rədd edib. Belə olan təqdirdə Milli Məclisin Cəbrayıl-Qubadlı Seçki Dairəsinin deputatı, YAP-ın rəsmi namizədi Astan Şahverdiyev İ. Məmmədovun evinə gedərək ondan namizədliyinin geri götürməsini xahiş edib. Xahişlər nəticəsiz qaldıqda isə İ. Məmmədovun qohumlarına təzyiqlər edilib.

Müsavat Partiyasında olan mənbəmizin bildirdiyinə görə, təzyiqlər nəticəsiz qaldıqdan sonra İ. Məmmədova namizədliyini geri götürməsi müqabilində 50 min manat təklif edilib. İ. Məmmədov təklifdən imtina etməklə bərabər, baş vermiş hadisə ilə bağlı Müsavat Partiyasının rəhbərliyinə məlumat verib. Mənbənin bildirdiyinə görə, artıq bu kimi təkliflərin sayı artıb və yaxın günlərdə bu faktlarla bağlı “AXCP-Müsavat” bloku rəsmi açıqlama verəcək.