BolgeXeber.Com » Media » Jurnalist Avropa Məhkəməsinə müraciət edib

Jurnalist Avropa Məhkəməsinə müraciət edib

13-12-2011, 09:35
Oxunub: 4 899 Ramid İbrahimov hüquqlarını Avropa Məhkəməsində bərpa edəcək

“Bizim Yol” qəzetinin reportyoru Ramid İbrahimov Bakı Appelyasiya Məhkəməsinin qərarından Avropa İnsan Haqqları Məhkəməsinə şikayət etdi. Bu barədə Bolgexeber.com-a Media Hüquqları İnistitutunun vəkili Zibeydə Zəkəriyyəyeva məlumat verib.

Qeyd edək ki, Ramid İbrahimov 12 fevral 2011-ci ildə Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən onu döyən və təhqir edən, jurnalist fəaliyyətinə mane olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163.2-ci (vəzifəli şəxslərin jurnalistin qanuni peşə fəaliyyətinə mane olması) maddəsiylə cinayət təqibi başlanması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Aksiyanı kənardan müşahidə edən, məlumat toplayan, hadisələrdən mobil telefonunun kamerasına çəkən jurnalistə qarşı XDMX-nin əməkdaşları daha amansız olublar. Ərizəçini döyüb, təhqir ediblər, mobil telefonunu və jurnalist vəsiqəsini əlindən alıblar. Aksiyaçıların Baş Prokurorluqda qəbulu zamanı jurnalist də şikayətçilər sırasında baş prokuror Zakir Qaralovla görüşüb. Qəbulda Baş Prokurorla yanaşı Daxili İşlər Nazirinin müavini cənab Vilayət Eyvazov və Baş prokurorun birinci müavini cənab Rüstəm Üsubov iştirak ediblər. Şikayətini bildirdikdən sonra jurnaistin əşyaları geri qaytarılıb.

Ərizəçi hadisə baş verən günü Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə ərizə yazıb. Bölmənin təhqiqatçısı Fazil Mahmudov 22 fevral 2011-ci il tarixli bu qərarında heç bir əsaslandırma aparmadan cinayət işi başlanmasını rədd edib. Jurnalist təhqiqatçının bu qərarından 20 may 2011-ci ildə Səbail rayon məhkəməsinə şikayət edib, qərarı ləğv etməyi və hadisənin səmərəli araşdırılması üçün tədbirlər görülməsini xahiş edib.

Səbail rayon məhkəməsi 27 may 2011-ci ildə ərizəçinin şikayətini əsassız hesab edib. Təhqiqatçının qərarını dəstəkləyən məhkəmə qərarını əsaslandırmayıb, sadəcə təhqiqatçının istinad etdiyi Səbail RPİ-nin 9-cu PB-nin məktubuna istinad edib, ərizəçinin təqdim etdiyi arqumentləri götür-qoy etməyib, qiymətləndirməyib.
Ərizəçi Səbail rayon məhkəməsinin 27 may 2011-ci il tarixli qərarından 30 may 2011-ci ildə apellyasiya şikayəti verib. Ərizəçi şikayətində birinci instansiyada irəli sürdüyü arqumentləri yenidən təkrar etməli olub, əlavə olaraq bildirib ki, Səbayil rayon məhkəməsi onun şikayətində göstərdiyi arqumentlərə və vəsatətlərə heç bir münasibət bildirməyərək əsaslandırılmamış qərar verib. Ərizəçi şahidlərin dindirilməsi və təhlükəsizlik kameralarının lentlərini alıb araşdırmağı apellyasiya məhkəməsindən də xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi 06 iyun 2011-ci ildə apellyasiya şikayətinə baxıb, ərizəçinin şikayətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarını sadəcə təkrarlayıb. Ərizəçinin apellyasiya şikayətindəki arqumentlərinə, o cümlədən hadisənin ərizəçinin vəsatətlərinə heç bir münasibət bildirməyib. Apellyasiya Məhkəməsi də öz qərarını əsaslandırmayıb.