BolgeXeber.Com » Media » Qətldən sonrakı ağrılar...

Qətldən sonrakı ağrılar...

19-12-2011, 00:00
Oxunub: 4 273 Nəticə bəlli olmayana qədər çox insanlar dalaqlarını itirib öləcəklər

Yazıçı Rafiq Tağı öldü, yoxsa öldürüldü? Bu çox düşündürücü və cavabı bir neçə mülahizəyə yol açan sualdır. Mülahizələr dəqiq olmaya bilər. Ancaq məsələnin yalnız bir görünən tərəfi var – o da Rafiq Tağının ölümüdür. 7-dən 77-yə qədər hamı yazıçının öldürüldüyünü deyir. Bu
versiya bir çoxları tərəfindən qəbul olunur. Ancaq onu kim öldürüb? Rafiq Tağı çoxmu təhlükəli idi? İran öldürüb? Yaxud İran bıçaqlayıb, Belə bir olayın məhz bu dönəmdə baş verməsində maraqlı olan çevrələr fürsətdən istifadə edib onu qətlə yetirib? Bəlkə sifariş başqa dairələrdən gəlib? Hər şey ola bilər. Sadəcə, xronoloji ardıcıllığa diqqət yetirmək lazımdır və hadisələri soyuq başla analiz edəndə ehtimal da olsa, yazıçının ölüm fərmanının haradan gəlməsinin üzərinə işıq düşə bilər...Bu ilin noyabr ayının əvvəlində ABŞ-ın Yaxın Şərq Siyasəti İnstitutunun terrorizmə qarşı mübarizə və kəşfiyyat proqramının direktoru doktor Metyu Levit “İran əməliyyatları: Amerika torpağında terror” mövzusunda məruzə ilə çıxış edərkən çox vacib
məqamlara işıq salıb: “İran son illər Azərbaycan, Türkiyə və Misirədək nəhəng məkanda fəaliyyət göstərirlər. İran yaraqlılarının terror əməliyyatları “Əl-Qüds ordusu” təşkilatının üzvləri ilə birgə həyata keçirilir. “Əl-Qüds ordusu” xaricdə, ilk növbədə Azərbaycanda və
Türkiyədə bir neçə uğursuz cəhd həyata keçirib. Onun Hizbollah ilə əməkdaşlığı belə düşünməyə əsas verir ki, qrupun imkanları və təcrübəsi yoxdur” bu sözlərin müəllifi cənab Metyu Levitdir.
Ekspertlər bu çıxışdan sonra “İran Azərbaycan da daxil olmaqla bir neçə ölkədə terror həyata keçirəcək” mülahizələrini irəli sürdülər. Bir neçə gündən sonra isə Rafiq Tağı bıçaqlandı. Baxışlar məlum istiqamətə yönəldi. Hadisəni tərədən məlum olmasa da, sifarişçi təxminə gəldi...Başlayaq bıçaqlanmadan. 7 bıçaq zərbəsi alan yazıçı hadisə yerindən evinə kimi gəlməyi bacarır. Yalnız bundan sonra təcili yardıma məlumat verilir. Bir neçə saatlıq əməliyyatdan sonra yazıçı sağalır. Yanına hər kəs buraxılır – jurnalistlər, dostlar, qohumlar və başqaları. Bircə gün reanimasiyada qalır, sonra ümumi palataya köçürülür. Müsahibə almaq o qədər asan olur ki... Yazıçı müsahibələrinin birində belə deyir: “Son yazım “İran və qloballaşma qaçılmazlığı”dır. Bəlkə də o yazıya görədir. Bəlkə. Çünki ona təhqiramiz şərhlər yazmışdılar... Çox güman ki, mütəşəkkil şəkildə təşkil ediblər kimlərsə. Bunun arxasında radikal dindarlar, yaxud İran
agenturası dura bilər. Çünki bu, oğurluq deyildi. Məni qarət etmək məqsədi güdülmürdü. Məqsəd ancaq qətlə yetirmək idi”. Göründüyü kimi yazıçı BƏLKƏ ilə danışır. O da çoxları kimi ehtimal edir. “İran və qloballaşma qaçılmazlığı”nda (buradan oxu: http://www.azadliq.org/content/article/24387134.html) söhbət nədən gedir? O, yazıb: “Müasir İran – asanlıqla dağılası mifdir. İsraili yer üzündən silməyə çağıran, nəhəng kəşfləri ilə bəşəriyyəti gələcəyə tullamış, peyğəmbərlər milləti yəhudilərə daim nifrət aşılayan,
Nürnberqdə Beynəlxalq Hərbi Tribunalın, hətta indiyəcən yəhudilərə təzminat ödəyən almanların da, tanıdığı Holokostu heç cür tanımaq istəməyən, imam Mehdi sahib-əz Zamanı İran ərazisində şəxsən özü qarşılamağa hazırlaşan bir dövlət başçısına, konkret olaraq Mahmud
Əhmədinejada, ya bahar bayramı Novruzu islama uyğun saymayan, edam olunandan sonra təqsirsizliyi-günahsızlığı bilinənlərin birbaşa cənnətə gedəcəyini bəyan edən, qadına boşanmaq hüququnu kişinin cinsi alətinin yoxluğu sübuta yetirildiyi halda tanıyan, inkişafı çoxarvadlılıq yolu ilə - həşərat kimi çoxalmaqda görən, öz millətlərinin belə yazıb-oxumaq haqqını tapdalayan dini ölkə rəhbərlərinə qətiyyən ağıl sahibi demək olmaz”.Və yaxud başqa bir yerdə “İran kimi totalitar dövlətlər yada düşdükcə, qloballaşmanın vacibliyinə, onun qaçılmazlığına bir daha əmin olursan. Qloballaşma artıq fəsadlar törətməkdə olan mədəniyyətləri lüzumsuz edir. İrandakı
hərbi təkəbbür doğuran, insanları təhdid edən mədəniyyət bəşər sivilizasiyası üçün atavizm sayılmalıdır” - bu cümlələri qeyd edir. Məqalədə həmçinin “Müstəqil Azərbaycan Respublikasına İrandan gələn təhdidlər gülünc görsənir. Dediyim kimi, İran bizi barı
korşalmış bir mədəniyyətləsə də yox, zoru ilə təəccübləndirir” fikirləri də yer alıb. Bəli, Rafiq Tağının qeyd etdiyim cümlələri çox sərtdir. Ancaq onun bundan da sərt yazıları olub. “Avropa və biz” buna misal ola bilər. Əgər öldürmək lazım idisə, o vaxt niyə öldürülmədi? İran o vaxt daha rahat idi. Bu qədər təhlükə yox idi. Və ən əsası Rafiq Tağıya edilən istənilən bir sui-qəsd DAHA ÇOX HAQQ QAZANDIRILACAQDI. Çünki...Həm də türmədə idi. Hər şey olduqca sadə və rahat idi. Ancaq olmadı, öldürülmədi. Bəs, indi niyə? Axı, bıçaqlanandan sonra belə hər şey öz axarı ilə gedirdi? Nədən hökumət heç bir ciddi profilaktik tədbir görmədi? Nəzarəti gücləndirmədi? Bəli, Rafiq Tağını bıçaqladılar, yaşatdılar, lazımı sözü aldılar və
öldürdülər – kim, necə və nə cür, bu başqa söhbətin mövzusudur. Yazıçının bıçaqlanması və müəmmalı şəkildə vəfat etməsi ölkədə baş verən bir sıra ictimai-siyasi əhəmiyyət daşıyan olaylarla eyni vaxta təsadüf edir. Məhz bu amil - ”din versiyası”nı birmənalı qəbul etmək üçün yetərli deyil. O da doğrudur ki, İran Azərbaycanda aranı qarışdırmaq istəyir. Bu istiqamətdə ardı-arası kəsilmədən informasiyalar da yayılır. Hətta Tehranın “Eurovision 2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsinə imkan verməyəcəyi də iddialar içərisindədir. Olayın qəsdən törədilib İrana yaxın dindarları həbs etmək, Tehranın buradakı şəbəkəsinə ciddi zərbə endirmək üçün planlaşdırıldığı da iddialar sırasında yer alır. İndi başqa bir sual ortaya çıxır. Niyə məhz Rafiq Tağı? Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mediaforum.az (buradan oxu: (http://www.mediaforum.az/az/2011/11/25/ƏLİ-HƏSƏNOV-RAFİQ-TAĞI-AZƏRBAYCAN-HAKİMİYYƏTİ-040116229c00.html) saytına verdiyi açıqlamasına diqqət yetirək: “Rafiq Tağı istər jurnalist, istərsə də, başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi”. Bu açıq-aydın bir mesajdır. Hakimiyyətlə problemi olmayan adam BİZLİK DEYİL deməkdir. Bu həm də o nəticəyə gəlib çıxır ki, hakimiyyəti sərt tənqid edən şəxsə qarşı çox aqressivdir. Əli Həsənov insanları dolayı yolla ipin ucunu başqa yerdə axtarmağı məsələhət görür. Yəni, insanlar BİLMƏLİDİR Kİ, RAFİQ TAĞI HAKİMİYYƏTİ TƏNQİD ETMİR. Həm də cəmiyyət “HÖKUMƏTİN RAFİQ TAĞINI ÖLDÜRMƏK ÜÇÜN ƏLİNDƏ ƏSASI YOXDUR” düşüncələrini həzm etməlidir.Bəli, Rafiq Tağı hakimiyyəti tənqid etmirdi. O mövhumata, cəhalətə qarşı idi. Onun ən son yazısı da buna əyani sübutdur. Baxışların İrana dikilməsi üçün Rafiq Tağı çox PERSPEKTİVLİ sayıla bilərdi. Çünki hakimiyyəti tənqid edən adamın hətta İrandan ölümünə fətva gəlməsi və reallaşdırılması belə gözlərin sonda hökumətə zilləməsinə gətirib çıxaracaqdı. Bütün hallarda hamı “BU İNSAN HAKİMİYYƏTİ TƏNQİD EDİRDİ, ONU İRAN YOX, HAKİMİYYƏT ÖLDÜRDÜ” anlamına gətirəcəkdi. Məhz buna görə, Rafiq Tağı seçildi. Dini, İranı tənqid etdiyi üçün...Yazıçını kim öldürdü? Bu sual aktual olaraq qalacaq. O vaxta qədər ki, qatillər tapılacaq. O vaxta qədər ki, bunun hansı məqsəd(lər)lə törədildiyi üzə çıxacaq...Bütün hallarda Rafiq Tağı öldürülməkdən qorunmalı idi. O, QORUNMADI VƏ YAXUD QORUMAQ İSTƏMƏDİLƏR… Rafiq Tağının sonuncu “döyüşü” Mirzə Ələkbər Sabirlə oldu. Sabir ciyərini verdi, Rafiq isə dalağını, düzəlmədilər ki, düzəlmədilər...

Ramin DEKO