BolgeXeber.Com » Müsahibə-Reportaj » Qalib Ağayev: “Asif Məhərrəmov AzerRosdan istefa versə də, daxildə dağıdıcı fəaliyyətini davam etdirir”

Qalib Ağayev: “Asif Məhərrəmov AzerRosdan istefa versə də, daxildə dağıdıcı fəaliyyətini davam etdirir”

2-02-2015, 20:00
Oxunub: 5 153 "Maliyyə imkanlarına baxmayaraq AzerRosun qəzeti çıxmır"

Son günlər Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı Təşkilatının (AzerRos) ətrafında qalmaqallar səngimir. Bolgexeber.com bildirir ki, bununla əlaqədar "Bizim Yol"-un əməkdaşı Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı Təşkilatının sədri Qalib Ağayevlə həmsöhbət olub.

- Qalib müəllim, AzerRosda baş verənləri parçalanma adlandırmaq olarmı?

- Əslində parçalanma 2013-cü ilin 25 yanvarında baş verdi. Bu təşkilatın fəallarının xəbəri olmadan qurultayda təşkilata zorla yeni rəhbərlik, yeni idarəetmə üsulu, yeni qaydalar qəbul etdirildi. Dövlət vəzifələrində və biznesdə uzun müddət uğurla çalışmış Abbas Abbasov-Asif Məhərrəmov tandeminin ictimai təşkilatlarda, xüsusən diaspor təşkilatlarında iş təcrübəsinin olmadığı ilk günlərdən görsənməyə başladı. Təşkilata və burada illərini sərf edən insanlara uyğunlaşmaq əvəzinə, hamını özlərinə, yeni müəyyənləşdirdikləri qayda-qanunlara tabe etdirməyə, müxtəlif formada təsirlər etməyə çalışaraq bacarıqsızlıqlarını göstərməyə başladılar. Baxmayaraq ki, qurultayda Ağsaqqallar Şurasına təşkilatın sədrinin seçilməsi məsələsində yalnız tövsiyələrlə çıxış etmək etmək səlahiyyəti verilmişdi. Elə qurultaydaca bu şuranın rəhbəri təşkilatın prezidenti vəzifəsinə Asif Məhərrəmovu, müzakirə olunmadan, səsə qoyulmadan təyin etdi və bununla da təşkilatın yeni qayda-qanunlarla idarə olunacağına işarə etdi. Əgər bu qayda-qanun yeni yaradılan təşkilat üçün tətbiq edilərdisə, o zaman keçərli olardı. Amma AzerRosun sərbəst işləmək, cürbəcür çətin vəziyyətlərdən çıxmaq təcrübəsi yaranmış, demokratik, kollektiv fikirlə hesablaşmaq ənənələri qoyulmuş, diaspor fəaliyyətinin müxtəlif sahələrində təcrübəli mütəxəssislər, təşkilat rəhbərləri formalaşmışdır. Üzvlər bu təşkilatın işində təmənnasız şəkildə, vətənpərvərlik göstərərək, Vətənə məhəbbət hissilə, Vətənə olan borcunu ödəmək düşüncəsi ilə çalışır və təşkilatın ənənələrinə hörmətlə yanaşırdılar. Bunların hamısı xüsusi yanaşma tərzi tələb edirdi. Çox əfsuslar olsun ki, Asif Məhərrəmov elə ilk yığıncaqda özünü ictimaiyyətçi, Vətəninə bağlı bir şəxs kimi deyil, polis idarəsindəki məmur kimi aparmağa başladı. Bu təşkilatın formalaşmasında böyük əziyyətləri olmuş adamlara və burada çalışanlara onun tabeçiliyində olduqlarını hər addımda hiss etdirməyə başladı. Baxmayaraq ki, elə ilk iclasda onun səhv yolda olduğu xüsusi vurğulandı. İlk əvvəllər hamı AzerRosun mənzil qərargahına gəlirdir: kimisi kömək etmək, kimisi təşkilatın işinə yararlı olmaq, Vətəni üçün təmənnasız əməyini, onun imkanlarından düzgün istifadə edilməsini təklif edirdi. Təəssüf olsun ki, hər dəfə kimlərsə təşkilata yeni ideyalarla gəldikcə rəhbərlik insanların fikirlərinə məhəl qoymur, yeni komandanın və yeni iş prinsipinin gətirildiyini ictimaiyyətə zorla yeridir, ictimaiyyətdən məsafə saxlamağa başlayırdı. Kimsə rəhbərliyə təkliflə gəlirdisə, həmin insana qarşı təhlükəli rəqib kimi baxılır və belə hal təkrar olduqca o insanlar arzuolunmaz şəxslər siyahısına salınırdı.
Problemlər üzə çıxdıqca çalışırdıq bunu təcrübəsizliklə əlaqələndirək, fikirləşirdik ki, vaxt ötdükcə hər şey qaydasına düşəcək. Sonra problemlərlə əlaqədar Ağsaqqallar Şurasının sədri Abbas Abbasova şifahi, yazılı müraciətlər oldu. Heç bir müsbət dəyişiklik baş vermədi, əvəzində Məhərrəmov özünü daha sərt və kəskin aparmağa başladı. Kollektivdə psixoloji gərginlik yarandıqca insanlar təşkilatdan uzaqlaşmağa başladı. Birgə əməkdaşlıq, layihələrin həyata keçirilməsi təklifləri eşidilmədi. Regionlar öz işlərini özləri görür, Federal təşkilatın rəhbərliyi isə fəaliyyətini hamı haqqında informasiya, danos, şantaj materialları yığmaqla davam etdirirdi. Bununla onlar öz təsirlərini artırmaq və özlərinin lider olduqlarını ictimaiyyətə zorla qəbul etdirmək fikrini həyata keçirməyə başladılar. Kollektivdə ab-hava çox kəskin dəyişir, maliyyə imkanlarına baxmayaraq AzerRosun qəzeti çıxmır, regionlarla iş aparılmır, AzerRosun saytı iki nəfərə həsr olunur, rəhbərlik siyasətə, yanlış olaraq Azərbaycanın daxili işlərinə qarışaraq insanları özündən uzaqlaşdırmağa başlayır. Ağsaqqallara, çoxuşaqlı ailələrə, əlillərə, valideynsiz böyüyən uşaqlara, miqrantlara qayğı və diqqət edilmir. Təşkilatın fəallarına Azərbaycanı təmsil edən başqa təşkilatların, Azərbaycan səfirliyinin tədbirlərində iştirak etmək, görüşmək qadağan edilir. Buna əməl etməyən hər bir fəalın hərəkəti müzakirə olunur. 2013-cü ilin aprel ayından təşkilatın rəhbərliyi Azərbaycanla, milli bayramlarımızla və xalqımızın tarixində yaşanmış faciələrlə, tanınmış azərbaycanlıların, şair və yazıçılarımızın həyat və yaradıcılığı ilə bağlı tədbirlər təşkil etmir. Bu da təbii olaraq Rusiya azərbaycanlılarında bu təşkilatın rəhbərliyinə qarşı çoxlu suallar yaradır, lakin nə bu suallar müzakirə edilir, nə də gərginliyi aradan qaldırmaq üçün hansısa addım atılır.

- Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin müraciətini necə qiymətləndirirsiniz?

- Çox yerində və vaxtında edilmiş müraciət kimi qiymətləndirirəm. Bilirsiniz RAFMMM-nin Nizamnaməsi təkcə sıravi üzvlər üçün yazılmayıb. Federal Sovetin qərarı təşkilatın rəhbərliyi tərəfindən rədd olunur, icra edilmir və qərarların RAFMMM-in saytına yerləşdirilməsinə icazə verilmir. Bu azmış kimi regionlara zəng edilir və tapşırılır ki, qurultaya gəlməsinlər. Bu məktublar məndə də var. AzerRosun rəhbərliyinə sual vermək istəyirəm ki, (çünki bunlarla burada görüşmək olmur) siz əgər işləmisinizsə, milli tədbirlər keçirmisinizsə, Rusiya azərbaycanlılarının sizin işlərinizdən xəbəri varsa və bəyənirlərsə, sizi dəstəkləyirlərsə niyə siz qurultaya getmək istəmirsiniz, niyə bu qədər qurultayın keçirilməsinə əngəllər yaradırsınız? Siz hansı haqla təşkilat komitəsini təşkilatın ofisinə buraxmırsınız? Sizə bu səlahiyyəti kim verib? Bu ofis əgər RAFMMM-dirsə, sizin təşkilat komitəsinin üzvlərinin yanından gəlib salam vermədən ofisə vəsiqə yazan xanıma hökmlə "mənim icazəm olmasa, heç kəsi buraxmayın" deməyiniz, özünüzü polis şöbəsində hiss etməyiniz deyilmi?

- Sizin AzerRosun istefa vermiş prezidenti Asif Məhərrəmovdan narazılığınızın kökündə nə dayanır?


- İşi bilməmək, millətinin qələbələrinə sevinə bilməmək, paxıllıq, öz milli adət-ənənələrini bilməmək, insanların vətənpərvərlik ruhunu təzyiqlər vasitəsilə qırmaq, təşkilata zərbə vurmaq, parçalamaq. Yəni öz əvvəlki peşəsinə sadiq qalaraq köhnədən öyrəndiyi pis vərdişləri yaddan çıxara bilməmək.

- Bu yaxınlarda Asif Məhərrəmovun iclas çağırması, lakin yetərsayın olmaması səbəbindən biabır olması barədə xəbər yayılmışdı. Bu məlumat nə dərəcədə həqiqətdir?


- Bundan əvvəl də bir neçə dəfə Federal Sovetin 14 noyabrdakı qərarını ləğv etmək üçün FS üzvləri ilə görüşlər keçirmiş, bəzilərindən razılıq almışdır. Ona görə 25 dekabrda "sizə yeni vəsiqələr veriləcək və yeni il öncəsi görüşək" sözlərilə təşkil olunan FS yığıncağına gəlməkdən imtina etdilər. 26 dekabrda isə Məhərrəmov tələsik olaraq Moskva vilayətinin Ximki şəhərində kitab təqdimatı adı ilə Moskva vilayətindəki rayon rəhbərlərini dəvət edib (bizi - regional təşkilatın rəhbərliyini dəvət etmədən) yarımməxfi görüş keçirdi. Burada o təşkilatın dağıdılması planlarını müzakirə edərkən təşkilat rəhbərləri rədd cavabı vermişlər. Məhərrəmov guya ki istefa verib, amma dağıdıcı fəaliyyətini hələ də davam etdirir. Şəhərlərdə, rayonlarda gəzərək regional təşkilatın rəhbərliyinə qarşı sənədlər toplayır, şantaj və qorxutma yolu ilə bir neçə təşkilat rəhbərini öz iyrənc oyununa qata bilib.

- Abbas Abbasov baş verənlər barədə hansı fikirdədir? Nə üçün müdaxilə etmir?


- Mən də başqa təşkilat rəhbərləri kimi Abbas Abbasovun gəlişinə təşkilatın imkanlarının ölçüyəgəlməz dərəcədə genişlənməsi ehtimalı kimi baxırdım, planlar qururduq işlərimizin genişləndirilməsi üçün. Çünki uzun illər təşkilatımız Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, səfirlik tərəfindən baxılmaz olmuşdu. Bu təşkilatın işinə doğma vətənimizdə qiymət verilmirdi. Buna baxmayaraq təşkilat inkişaf edir və milli dayaqlara söykənərək tədbirlər keçirirdi. Milli maraqlarımızın dəstəklənməsi, Qarabağ probleminin qaldırılması, Azərbaycan politoloqlarının Moskvaya dəvəti, onların Moskvada rus ictimaiyyətinə, politoloqlarına tanıtdırılması, Azərbaycanın mövqeyinin Rusiyada müdafiə olunması aparıcı işimizə çevrilmişdi. Burada azərbaycanlıların çox istifadə etdiyi bir misal var: "Bey svoix, çto bı çujie boyalis". Yəni "Özününkünü döy ki, özgələr qorxsun". Bizim təzə rəhbərlik bu şüarla işləyir. Abbas müəllimə məlumat verdikdən, söhbət etdikdən, görüşlərimizdən sonra vəziyyət düzəlmək əvəzinə daha da gərginləşirdi. Bu günlərdə baş verənlər və bu işlərin təşkilində Abbas müəllimin təcrübəli hüquqşünasının şəxsən iştirakı belə əsas verir ki, biz ölçümüzü götürək və hər şeyi öz adı ilə çağıraq. İndi sualınıza özünüz də cavab verə bilərsiniz.

- Demək olarmı ki, baş verənlər "Milyarderlər İttifaqı"nın zəiflədilməsinə hesablanmış proseslərdir?

- "Milyarderlər İttifaqı" adlı təşkilatın adı var, özü yoxdur. Sizə səmimiyyətlə deyə bilərəm ki, biz ilk gündən təşkilatın düz yolda olmaması, səriştəsiz bir şəkildə idarə olunması, lazımsız işlərlə məşğul olması barədə fikirlərimizi ilk gündən bildirmişik. Bu barədə Ağsaqqallar Şurasının rəhbərinin adına yazılmış məktublarımız da var.
Açıq desək, təzə komanda gələndə informasiya yayıldı ki, onların gəlişi Azərbaycan Respublikasının rəhbərliyinin göstərişi ilə olub. Ona görə də qurultay zamanı və ondan sonra çoxsaylı sualların yaranmasına baxmayaraq, onlar gündəmə gətirilmədi. Biz onların təşkilatı parçalamaq planlarını üzə çıxaranda insanlar inanmaq istəmirdilər. Müəyyən vaxtdan sonra, təşkilatın işləri Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənməyə başlayanda, təşkilatın rəhbərliyinin siyasətlə məşğul olduğu üzə çıxdıqda, təşkilatdan şəxsi məqsədlər üçün istifadə olunduğu məlum olanda təşkilat daxilindən insanlar münasibətlərini bildirməyə başladılar.
Hər bir azərbaycanlı vətəni ilə fəxr edir, doğma elinə olan məhəbbətini onun inkişafına çalışan təşkilatların işində yararlı olmağı ilə bildirir. Əgər təşkilatın fəalları öz vətəninə gəldikdə qohum-əqraba onların mühacirətdəki işini müxalifət kimi qəbul edirsə, bu dözülməzdir. Necə yəni? Bu insanlar vaxtını, əməyini, pulunu təmənnasız olaraq vətən yolunda qurban verir, amma belə qiymətləndirilir. Normal bir şəxs vətəninə düşmən kəsilə bilməz. Min illik tariximizdə babalarımızın arzusu bizim dövrümüzdə həyata keçib, müstəqil dövlətimiz yaranıb. Bu isə hamımızın fərəh, şərəf və etiqad yerimizdir.
Bizim təşkilatlarımız hər zaman müstəqilliyini saxlayıb və inanıram ki, yenə də saxlayacaq. Təşkilatın gördüyü işlərin sırasında milli adət və ənənələrimizi, dilimizi qorumaq, yaşatmaq, Rusiya azərbaycanlılarının maraqlarını, onların yaşamını, təhsilini, layiqli vəzifələrdə təmsil olunmasına dəstək vermək ümdə yer tutur. Əsas işimiz Rusiya və Azərbaycan dostluğunun, əlaqələrinin inkişafında töhfə verməkdir.
Bolgexeber.com