BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycan əleyhinə casusluq edən 1 nəfər müəyyənləşib

Azərbaycan əleyhinə casusluq edən 1 nəfər müəyyənləşib

16-12-2011, 12:40
Oxunub: 5 364 Elçin Quliyev: “Xaricdə silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 nəfəri tapmışıq”

Bu il Azərbaycan sərhədçiləri tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil dəstə zərərsizləşdirilib.

Bolgexeber.com-un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində (DSX) 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qurumun rəisi, general-leytenant Elçin Quliyev bildirib. E. Quliyevin sözlərinə görə, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs və terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyənləşdirilib.

Hesabat dövründə axtarışda olan 1307 şəxs DSX-nin əməkdaşları tərəfindən tutulub, 434 nəfərin ölkədən çıxışı qadağan edildiyi üçün Azərbaycandan çıxmasına icazə verilməyib. 251 nəfər isə ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycana buraxılmayıb.