BolgeXeber.Com » Analitika » Liftlərə ayrılan 10 milyon manatin taleyi...

Liftlərə ayrılan 10 milyon manatin taleyi...

16-12-2011, 13:55
Oxunub: 6 736
2009-cu ildə dövlət başçısının verdiyi sərancam əsasında, liftlərin təmirinə 10 milyon vəsait ayrıldı

Amma buna baxmayaraq, əhalinin lift problemi hələ də qalmaqdadır. Hətta Mənzil İstismar Sahəsinə narazılıqlarını bildirən vətəndaşların şikayətlərinə heç bir məhəl qoyulmur, onların yazdığı ərizələr cırıb atılır. Amma hər ayın sonu gələndə sakinlərdən lift pullarının verilməsi tələb edilir. Adambaşına 20 qəpik düşdüyü halda, hər evdən 2 manat pul alırlar. Nəzərə alsaq ki, əgər bir evdə 2 nəfər yaşayır və ayın çox hissəsini də lift işləmir, bəs nəyə görə həmin ailədən bu məbləğdə pul alınır? Əksər vaxtlarda işləməyən liftləri əlaqədar qurumlar təmir etmədiyindən, bunu da sakinlər öz maddi vəsaitləri hesabına edirlər. Baxmayaraq ki, bu Mənzil İstismar Sahəsi və liftlərin sazlığına cavabdeh qurumlar tərəfindən təmir olunmalıdır. Dövlət tərəfindən ayrılan pulların isə hara xərcləndiyi məlum deyil.Bakıda Sovet dövründə inşa edilmiş binaların əksəriyyətindəki liftlərin işləmə qabiliyyəti getdikcə zəifləyir. Əsasən doqquzmərtəbəli binalarda quraşdırılan bu cür liftlər istifadə müddətini başa vursa da, hələ də onları yenisi ilə əvəz etmək istəmirlər. Bu isə öz növbəsində çox ciddi problemlərin yaranmasına gətirib çıxarır. İstifadə müddəti bitmiş liftlərin tez-tez xarab olması və onlarda yaranan nasazlıqlar vətəndaşların ağ gününü qara əskiyə bükməklə bərabər, onların cibinə də mənfi təsir göstərir.Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, paytaxtda və ətraf qəsəbələrdəki doqquzmərtəbəli yaşayış binalarında liftlərin əksəriyyəti işləmir. İşləyən liftlərin çoxu da Allah ümidinə qalıb. Belə liftlərin motoru və "trosu" uzun illərdir işlədiyindən artıq öz funksiyasını itirməyə başlayıblar. Araşdırmalar nəticəsində aydın oldu ki, liftlərin nasaz işləməsi bir sıra hallarda faciəvi sonluqla başa çatıb. İstismar müddətinı başa vurmuş liftlərdən istifadə zamanı bir neçə sakin həyatını itirib. Liftdən istifadə edərkən onun "trosu"nun qırılması və alt hissəsinin qopması vətəndaşların hündür mərtəbələrdən zirzəmiyə düşməsinə, faciəvi şəkildə ölümünə səbəb olub. Göründüyü kimi, Sovet dövrünün yadigarı olan liftlərin vaxtlı-vaxtında təmir olunmaması və onların yoxlanmaması insanların həyatı bahasına başa gəlir. Liftlərdəki acınacaqlılıq təkcə texniki vəziyyətlə bağlı deyil. Bakı şəhər İcra Hakimiyyətinin liftlərlə bağlı şöbəsinin əməkdaşları liftlər xarab olanda sanki qeybə çəkilirlər. Lifti xarab olan vətəndaşlar məcbur qalıb öz aralarında pul yığaraq usta çağırırlar və liftin sıradan çıxan detalını alıb, onu təmir etdirirlər. Öz vəsaitləri hesabına ayda bir neçə dəfə lifti təmir etdirmək sözsüz ki, vətəndaşların imkanları xaricindədir. Sosial problemlərin bir tərəfdən sıxdığı azərbaycanlı ayda liftin təmiri üçün 25 manat sərf etsə, onda onun aylıq maaşının yarısı buna sərf olunar. Əlbəttə, bu hal vətəndaşları qane etmir. Onlar nasaz liftlərdən istifadə edərək həyatlarını təhlükə altında qoymaqla yanaşı, həm də göz görə-görə aldadılırlar. Bakının Sabunçu, Suraxanı, Yasamal, Nizami və digər rayonlarındakı Sovet dövründən qalan doqquzmərtəbəli binalarda bu gün liftlərin demək olar ki, çoxunda vəziyyət yuxarıda qeyd etdiyimiz kimidir. Bəs, nəyə görə buna nəzarət edən yoxdur? Hər ay vətəndaşlardan liftin təmiri adı altında yığılan pullar hara sərf olunur? Bakı şəhər İcra Hakimiyyəti nəyə görə bu məsələdə laqeyd münasibət sərgiləyir? Bu və hələ sırasını uzatmağımız mümkün olan suallar qarşısında yəqin ki, müvafiq rəsmilər arqument səsləndirə bilərlər. Bu sahədə çalışan mütəxəssislər isə məsələni daha geniş rakursdan izah edirlər. Ekspertlərin fikrincə, istifadə müddəti bitmiş liftlərin yeniləri ilə əvəz olunmasında dövlət özü birbaşa maraqlı olmalıdır: "Bakıda inşa olunan hündürmərtəbəli binalardakı liftlərin hamısı çox əladır. Amma köhnə binalarda liftlərin əksəriyyəti istənilən vəziyyətdə deyil. Bəzi vətəndaşlar həmin liftlərə minməkdən qorxurlar. İstifadə müddəti başa çatmış liftlər dəyişdirilməlidir. Bunda dövlət maraqlı olmalıdır. Hesab edirik ki, liftlərin dəyişdirilməsi mərhələli şəkildə həyata keçirilməlidir. Yəni birdən-birə bütün liftləri dəyişmək olmaz. Birinci ümumiyyətlə işləməyən liftlər, sonra isə nasaz liftlər dəyişdirilməlidir"

QAZETA ANALİTİK İNFORMASİYA MƏRKƏZİ