BolgeXeber.Com » Siyasət » Rəsul Quliyevin tərəfdarları hazırlığa start verdilər

Rəsul Quliyevin tərəfdarları hazırlığa start verdilər

16-12-2011, 18:20
Oxunub: 5 133 Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası uzun fasilədən sonra toparlanmağa, təşkilati işlərini davam etdirməyə başlayıb.

Partiyanın mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, dekabrın 18-də məclis üzvləri, təşkilat sədrləri və fəalların iştirakı ilə partiyanın konfransı keçiriləcək. Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında saat 12-də başlayacaq konfransda əsas müzakirə mövzusu partiyanın lideri Rəsul Quliyevin elan etdiyi Müqavimət Hərəkatının yaradılması olacaq. Bununla bağlı partiya üzvlərinin, fəalların fikirləri dinləniləcək, müvafiq qərarlar veriləcək.

Partiyadan onu da bildiriblər ki, konfransda müxalifət daxili inteqrasiya barədə müzakirələrin aparılması da gözlənilir.

Qeyd edək ki, ACP lideri Rəsul Quliyev bir neçə gün əvvəl xalqa müraciət edərək hakimiyyətə qarşı müqavimət hərəkatı yaratmaq niyyətini elan edib. İki gün əvvəl isə Azərbaycandakı saytlardan birinə müsahibəsində 2013-cü ilin prezident seçkilərində iştirak etmək və bu seçkilərin qalibi olmaq əzmini bəyan edib.