BolgeXeber.Com » Dünya » Lamiyə Quliyevanın həbsdən buraxılmasının sirri-VİDEO

Lamiyə Quliyevanın həbsdən buraxılmasının sirri-VİDEO

21-02-2015, 10:43
Oxunub: 5 503 Lamiyə Quliyevanın həbsdən buraxılmasının sirri-VİDEOLamiyə Quliyeva azadlıqda; Sabiq nazir müavininin özünün istintaqa cəlb ediləcəyi istisna deyil; həbsdən çıxan qadın: “Onu Allaha tapşırıram...”

Xeyli vaxtdır mətbuatın gündəmindən düşməyən - Şəmkirin icra başçısı, daha sonra nazir müavini olmuş Aslan Aslanovun oğlunu öldürməkdə təqsirləndirilən Lamiyə Quliyeva fevralın 20-də azadlığa çıxdı.

Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsindəki hökm dəyişdirildi. Ötən məhkəmə iclasında olduğu kimi, dünən də prosesə 4 aylıq oğlu ilə birlikdə gələn L.Quliyeva elə məhkəmə zalından azadlığa buraxıldı.

Məhkəmə iclasında qərar elan olunmamışdan əvvəl dövlət ittihamçısı, Lamiyə Quliyeva, eləcə də onun xəsarət yetirdiyi iddia olunan keçmiş həbsxana nəzarətçisi Aysel Ağayeva ifadə verdi.

Dövlət ittihamçısı Abbas Abbasov bildirdi ki, L.Quliyeva barəsində CM-nin 317-ci maddəsi ilə çıxarılmış hökm dəyişdirilməlidir.

İş üzrə zərərçəkmiş qismində tanınan Aysel Ağayeva qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş nəzarətçisidir. O bildirdi ki, Lamiyə Quliyeva baş verən hadisədən sonra ondan bir dəfə də olsun üzr istəməyib: “Sən bilirsən ki, mənim bacım ölüb, uşağını mənə veriblər. Sən bu hadisəni törədəndə mənim də balam var idi. Sənə qarşı heç bir şəxsi-qərəzim olmayıb. Sən mənə ayaqqabı atdın, bağışladım, nalayiq sözlərlə təhqir etdin, bağışladım. Əgər həmin vaxt əynimdə hərbi geyim olmasaydı, yanmışdım. Allah məni balalarıma bağışladı. Səni də ana olduğun üçün bağışlayıram”.

L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev də hökmün dəyişdirilməsinin vacibliyini vurğulayıb. Vəkil bildirib ki, prokurorluğun bir neçə ildən sonra gecikmiş də olsa, cəzanın ağırlığına etiraz edib, hökmdən protest verməsi unikal hadisədir: “Həmin hökm qəbul edildiyi andan qanunsuz olub. Lamiyə Quliyeva baş verməyən bir cinayətə görə cəzalandırılıb. Həmin vaxt atılan çaynik Aysel Ağayevaya dəyməyib, ona hər hansı xəsarət yetirilməyib. Bu bir xəta olub. Hər cinayət həm də bir xətadır. Amma hər xəta cinayət deyil. Bu iclasda Lamiyənin uşağı ağlayır deyə, mən qısa danışıram. O uşaq dünyaya məhbəsdən deyil, azadlıqdan baxmalıdır. Lamiyə Quliyeva anadır. O, uzun illər əzab içində yaşayıb. Onun anası bu illər ərzində çox əziyyətlər çəkib”.

Vəkil həmçinin L.Quliyevanın başına gətirilənləri diqqətdə saxlayan media nümayəndələrinə, ona ötən il CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə verilmiş ittiham üzrə bəraət hökmü çıxaran Xətai Rayon Məhkəməsi və Ali Məhkəmənin hakimlərinə minnətdarlığını bildirdi.
Vəkilin çıxışı zamanı L.Quliyeva hönkürərək ağladı. Elə ağlaya-ağlaya da çıxışına başladı və baş prokuror Zakir Qaralova, onun müavini, bu iş üzrə hökmdən protest vermiş Namiq Əsgərova minnətdarlıq etdi: “Azadlıqdan məhrum ediləndə 15 yaşım vardı. O yaşda uşaqlar bir mübahisə olanda adətən ana-atalarına güvənir, onları qabağa verirlər. Mən isə elə bir mühitdə böyüdüm ki, hər zaman özümə güvəndim, heç kimi böyüklərimlə qorxuda bilmədim. 400-500 məhkumla bir yerdə yaşadım. Bir az əsəbi, çılğın olmuşam. Amma mənə çox haqsızlıq olub. İctimaiyyətdən xahiş edirəm, mənim hərəkətimi normal qəbul etsinlər. Mən əxlaqsız qadın deyiləm.

Bəli, həbsxanada ana oldum. Amma məni olanlara həyat, insanlar məcbur elədi. Buna görə insanlar günahkardır. Mən də azadlıqda ana olmağı istəyirdim. Mən 12 il hər gün, hər ay, hər il insanlarla dil tapmağa çalışmışam. 400-500 məhkuma bağışlanan, icazə verilənlər mənə münasibətdə belə olmayıb. Hər bir xırda səhvimə görə cəzalandırılmışam. Mənim cəzam 17 ilə çatdırıldı. 10 ay yatandan sonra yenidən mənə qarşı işlər qurulmağa başladı, yenidən ittiham edib cəzamı 19 il 6 aya çatdırdılar. Həmin vaxt bir həftə həmin hökm altında qaldım. Hər gün düşünürdüm ki, mən niyə yaşayıram? Bu illər ərzində məni atmayan təkcə anam oldu. Mənim yanıma gələn qohumlarımı övladlarını öldürtdürəcəyilə hədələyirdi. Mən güclü insanam. Mənə növbəti dəfə cəza verəndə müstəntiq dedi ki, sənə cinayət işi başlamışıq, üzünə duranlar var. Mən müstəntiqin yanından cəzaçəkmə müəssisəsinin həyətinə qaçdım. Orada hovuzun yanında müəssisə rəhbərliyi dayanmışdı. Onlara yalvardım, əllərindən tutub kömək istəyirdim. Məni tutub yenidən müstəntiqin yanına apardılar, üzümə də elə kömək istədiyim adamlar dayandı. İttiham elan edib, əllərimdən tutub sürüyə-sürüyə cəza kamerasına apardılar. Səhərə qədər orada ağlayıb ulamışam...”
Bu yerdə L.Quliyeva yenidən hönkürərək ağladı, hakimdən xahiş etdi ki, gəncliyi, ana olması, öz anasının çəkdiyi əziyyətlər nəzərə alınsın: “Nə olar, məni buraxın, çıxım gedim... yalvarıram sizə, buraxın gedim...”

Hakim Qədim Babayev L.Quliyevanı sakitləşdirərək müşavirə otağına yollandı. Geri qayıtdıqdan sonra hökmün dəyişdirildiyini elan etdi. Hakimin qərarı zaldakıların alqışlarına səbəb oldu. Qərara əsasən, CM-nin 317-ci maddə ilə Lamiyə Quliyevaya verilən cəzanın müddəti 4 il 6 aya endirilib. Bu müddət də başa çatdığı üçün L.Quliyeva məhkəmə zalından azadlığa buraxıldı.

L.Quliyeva azadlığa buraxılandan sonra elə məhkəmə binasında jurnalistlərə müsahibə verib:
- 2003-cü ildən mənimlə birlikdə həbsdə olan Vüqar Əliyevə də azadlıq arzulayıram. Allah onun da köməyi olsun. Bütün dustaqlara azadlıq arzulayıram. Azad gəzmək, azad nəfəs almaq, övladını azadlıqda böyütmək çox gözəl hissdir. İnsanlar çalışıb azadlıqlarının qədrini bilsinlər. Mən hər kəsə, xüsusən də bu çətinliklərdə bir böyük kimi əlimdən tutub, kömək edən vəkilim Fəxrəddin Mehdiyevə təşəkkür edirəm. Çox sağ olsun. Təkcə bir vəkil yox, mənə ata qayğısı göstərib. Eyni zamanda, Xətai Rayon Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, bu gün mənim azadlığa buraxılmağım barədə qərar verən hakim Qədim Babayevə minnətdarlığımı bildirirəm. 2003-dən bu yana çox ədalətsizliklərlə üzləşdim, başıma bir çox oyunlar gəldi, cəza üstünə cəzalar aldım. Şükür ki, bu gün dövlətin, ədalətli insanların sayəsində haqq gec də olsa, öz yerini tapdı. Mənə belə bir şans verildi ki, övladımı azadlıqda böyüdüm. Həyatda özüm o qədər zərbələr almışam ki, çalışacam övladımı bu cür zərbələrdən uzaq tutum.

Doğrudur, günahı olsa da, bir insan qətlə yetirilib. Amma ona görə bir insana ömürlük həbs cəzası vermək çox ağırdır. Adətən iki və daha artıq adam öldürən şəxslərə ömürlük həbs cəzası verilir. Mən Vüqara da azadlıq arzulayıram.

- Yeri gəlmişkən, həmin qətl üzrə hökmdə bu cinayətin səbəbi kimi torpaq üstündə baş vermiş qisasçılıq göstərilib. Bəs gerçək səbəb nə olub?

- O vaxt Aslan müəllim icra başçısı idi. Nüfuzlu bir insan idi rayonda. Ona görə də işi belə apardılar ki, guya düşmənçilik zəminində baş verib. Mən sadə bir ailənin qızı olmuşam. Bu işə görə mənimlə birlikdə cəza çəkən, keçmiş nişanlım Vüqar Əliyev də sadə bir ailənin oğlu olub. Bizim bu insanlarla nə düşmənçiliyimiz ola bilərdi ki? Sadəcə, o vaxt azyaşlı idim, mənim başıma faciə gəldi, o həddə çatdırıldı ki, o cinayəti törətmək məcburiyyətində qaldım. Bizim işimiz namus söhbəti olub. Həbsxanada ana olmağım insanlarda başqa fikir yaratmasın. Mən namussuz, əxlaqsız qadın deyiləm. Bu uşağı da ona görə dünyaya gətirdim ki, məni həyatda tutacaq, yaşamağa stimul verəcək bir şey olsun. İnsan on yeddi il cəza alanda bəlkə də özünü öldürüb canını qurtarardı. Amma mən yenə yaşamaq üçün mübarizə apardım.

- Övladınızın atası ilə bağlı müxtəlif söz-söhbətlər var. Siz bu haqda nə deyə bilərsiz?
- Mən onunla bağlı istintaqa məlumat vermişəm. İnanıram ki, istintaq obyektiv şəkildə gedəcək. Düzdür, bəzi iyrənc söz-söhbətlər gəzir, şayiələr yayılır. Amma mən inanıram ki, istintaqa verdiyim ifadə təsdiqlənəcək. Bu barədə artıq danışmaq istəmirəm. Çünki dediyim kimi, ifadəmi vermişəm və düzgün bir qərar gözləyirəm.

- Uşağınızın atası olduğunu iddia etdiyiniz şəxs də bildirir ki, sizinlə heç vaxt canlı ünsiyyətdə olmayıb, sadəcə sizə nə isə göndərib...

- Bu haqda deyilənlər cəfəngiyatdır. Əgər elə bir hal mümkün olsaydı, hamı heç ailə qurmadan ana olardı. Bu arada, ədalətli yazan, ədalətin bərpasına çalışan, məlumatı cəmiyyətə ədalətli şəkildə çatdıran insanların hər birinə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, çətin, darda olduğum vəziyyətdə mənə dayaq oldunuz, mənim sözümü dediniz. İctimaiyyətə çatdırdınız ki, illər uzunu özünə, ailəsinə qarşı zorakılıq olan bir insan var, başına oyunlar açılan bir Azərbaycan qadını var. Jurnalistlərin sayəsində insanların baş verənlərdən az da olsa, məlumatı oldu. Hər birinizə təşəkkürümü bildirirəm, çox sağ olun.

- Övladınızın atası ilə bağlı həm mətbuata açıqlama vermisiniz, həm də istintaqa ifadə. Hansı doğrudur?

- İstintaqa dediyimi mətbuata da açıqlamışam. Mən düzgün ifadə vermişəm. Oğlanın dedikləri cəfəng söhbətlərdir.

- Bundan sonra harada yaşayacaqsınız?
- Şəmkirdə. Uzun illərdir görmədiyim insanlar var, onları görməyə gedəcəm. Atamın məzarını ziyarət edəcəm. Yeri gəlmişkən, atam haqqında bəzi söz-söhbətlər yayılıb. Eynulla Fətullayev atam haqqında bəzi söhbətlər yayıb. Atamın keçmişinin məni indiki durumuma heç bir aidiyyəti yoxdur. Atamın da həyatı keşməkeşli olub, gənc olub, ətrafında, çevrəsində normal insanlar olmadığına görə taleyi belə olub. Mənim kişidən də qeyrətli, namuslu anamı işıqlandırsınlar. Bacımın gözəl ailəsini işıqlandırsınlar. Mənim gözəl ailəm olub. Cəmi on beş il azadlıqda olsam da, normal tərbiyə ilə böyümüşəm. Bu gün məni atamla vurmağa çalışan insanlar belə bir işə əl atmasınlar. Gec-tez haqq-ədalət öz yerini tapır, qurban olum Allaha. 2003-cü ildən məni ailəm Aslan Aslanovun sayəsində zorakılığa məruz qalıb, ondan yazsınlar. Məhbəsdə mənim başıma gələnlərdən yazsınlar.

- Buna görə Aslan Aslanov barəsində müvafiq orqanlara müraciət edəcəksiniz?

- Müraciət eləməyəcəm. Mən onu Allaha tapşırmışam. Allah onun cəzasını verəcək.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü L.Quliyeva A.Aslanovun oğlu Ruslanı qətlə yetirdiyinə görə 2003-cü ildə on il azadlıqdan məhrum edilmişdi. Daha sonra A.Aslanovun sifarişi ilə onun cəzası iki dəfə artırılıb.

2003-cü ildən həbsdə olan L.Quliyevanın ötən ilin oktyabrında həbsxanada uşaq dünyaya gətirməsi xəbəri təxminən iki ay əvvəldən başlayaraq mətbuatın müzakirə mövzusuna çevriləndən sonra Baş Prokurorun müavini Namiq Əsgərov 317-ci maddə üzrə 2010-cu ildə çıxarılmış hökmdən apelyasiya protesti verdi. Baş prokurorun müavini apelyasiya protestində cəzanın ağırlığını vurğulayaraq, hökmün dəyişdirilməsini istəmişdi.

L.Quliyeva ilə birlikdə qətli törətməkdə təqsirləndirilən keçmiş nişanlısı Vüqar Əliyev isə ömürlük azadlıqdan məhrum edilib və hazırda Qobustandakı qapalı həbsxanada saxlanılır. Qətl hadisəsi baş verərkən L.Quliyevanın cəmi 15 yaşı olduğundan ona isə 10 il həbs cəzası verilmişdi. Çünki Azərbaycan qanunvericiliyinə görə, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz.

Onu da nəzərə çatdıraq ki, “Lamiyə işi” üzrə bəlli faktlar ortaya çıxdıqdan sonra A.Aslanovun özünün həbs ediləcəyinə dair məlumatlar dolaşır. Hətta onun evinin bir dəfə mühasirəyə alındığı, axtarış aparıldığı bildirilir. L.Quliyevanın həbsdən azad edilməsi onun həbsinə, istintaqa cəlb edilməsinə doğru yaşıl işıq yandırmış oldu... (musavat.com)
Lamiyə Quliyevanın həbsdən buraxılmasının sirri-VİDEO
Lamiyə Quliyevanın həbsdən buraxılmasının sirri-VİDEO