BolgeXeber.Com » Ölkə » Kərəm Həsənovun “çirkli pulları” harada “yuyulur”?

Kərəm Həsənovun “çirkli pulları” harada “yuyulur”?

21-02-2015, 19:34
Oxunub: 11 664 Kərəm Həsənovun “çirkli pulları” harada “yuyulur”?Beynəlxalq Bankın Cəlilabad filialında təkcə komitə sədrinin deyil, onun deputat qardaşı Malik Həsənov və rayonun icra başçı Əziz Əzizovun da saxlanc yeridir

Azərbaycanda məmurların iri oliqarxa çevrilməsi və böyük kapitala sahib olmaları sirr deyil. Elə bu səbəbdəndir ki, offşor hesablarda milyardlarla dollar vəsaitin gizlədildiyi, ayrı-ayrı nazir və ya komitə sədrinin böyük sərvətlərə malik olmalarına dair məlumatlar həddindən artıq yayğındır.

Ölkənin ən aparıcı oliqarx-məmurlarından biri də Dövlət Əmlakının İdarəedilməsi Komitəsinin sədri Kərəm Həsənovdur. Həsənovun iri tikinti şirkətləri, böyük bizneslərinin olduğu da sirr sayılmır. Bu məsələdə komitə sədrinin şəriki olaraq qardaşı, deputat Malik Həsənov da ad çıxarıb. Sumqayıtdakı əksər zavodların sahibi kimi ad çıxarmış sözügedən şəxsin xeyli sayda mühafizəçi ilə gəzdiyi də məlum məsələlərdəndir.

Maraqlıdır ki, Malik Həsənovun mühafizəçilərinin sayı 200 nəfərdən çoxdur. Halbuki bu qədər mühafizəçi onun qardaşı Kərəm Həsənovda belə yoxdur. Komitə sədrinin deputat qardaşının kimdən bu qədər qorxduğu isə hələlik naməlumdur.

Qeyd edək ki, oliqarx məmurlar qazandığı pulların bir qismini Azərbaycanda iri bizneslərin yaradılmasına sərf edirsə, böyük bir qismini də xaricdəki hesablara yönəldirlər. Həmçinin bu pulların «qara» və ya «çirkli» olması səbəbindən bir sıra problemlər yaşadıqları da istisna deyil. Ona görə də, həmin vəsaitləri əvvəlcə «yumaq» lazım gəlir, sonra isə reallaşdırmaq.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, Kərəm Həsənovun «çirkli pulları»nı «yuyan» əsas müəssisə Beynəlxalq Bankın Cəlilabad filialıdır. Xalası oğlu Xalis Abbasovun rəhbəri olduğu filialda təkcə komitə sədrinin deyil, həmçinin Malik Həsənov və Cəlilabadın icra başçısı Əziz Əzizovun da pulları «yuyulur». Mənbənin bildirdiyinə görə, hər il yüz milyonlarla dollar vəsaiti asanlıqla «təmizləməyi» bacaran filial rəhbəri, bunun müqabilində «payı»nı alır.

Maraqlı məqamlardan biri də odur ki, Beynəlxalq Bankın Cəlilabad filialı ilboyu bircə dəfə belə istehlak krediti vermir. Bu filialın yaradılmasının səbəbkarı kimi də komitə sədri göstərilir və bildirilir ki, məqsəd «çirkli pulları» «yuduqdan» sonra onları xaricə transfer etməkdən ibarətdir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Kərəm Həsənovun pullarını xaricə daşıyan və ya ötürənlərin, habelə Cəlilabadda hansı obyektlərə sahib olması, rayondakı iri obyektləri qohumlarının adına özəlləşdirməsi, İran-Azərbaycan qaz kəmərinin borularını çıxartdıraraq satdığın dair geniş məlumatları yaxın günlərdə oxuya biləcəksiniz.