BolgeXeber.Com » Ölkə » Korrupsiyaya bulaşmış şəbəkə... – Suraxanıda nə baş verir?

Korrupsiyaya bulaşmış şəbəkə... – Suraxanıda nə baş verir?

22-02-2015, 12:15
Oxunub: 4 749 Korrupsiyaya bulaşmış şəbəkə... – Suraxanıda nə baş verir?Və ya “cəngəllik qanunları” ilə idarə olunan rayon...

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “Bakıelektrikşəbəkə”nin Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Prezidentin digər sərəncamı ilə Balababa Rzayev yeni yaradılmış qurumun başçısı təyin edildi. Bir çoxları ümid edirdi ki, yeni rəhbərlik bu sistemdə ciddi islahatlar aparacaq və məmur özbaşınalığına son qoyacaq. Amma hələ ki, bunun işartıları görünmür.

Görünən odur ki, qurumunun adının dəyişdirilməsi və yeni rəhbərliyin təyinatı, təhvil-təslim işlərinin aparılması və qurumda yeni idarəçilik sisteminin qurulması indiyə qədər korrupsiyaya bulaşmış “Bakıelektrikşəbəkə”nin bəzi ərazilərdində şəraitdən sui-istifadə hallarının baş verməsinə gətirib çıxarıb. Belə ki, şəbəkənin Suraxanı rayonunda özbaşınalıq və qanunsuzluq hökm sürməkdədir. Əvvəllər olduğu kimi baxımsızlıq və sahibsizlik mühiti yaşayan rayonda vəziyyət dözülməz haldadır.

Asiya.az xəbər verir ki, bu barədə Suraxanı rayon sakinləri Arqument.Az-a bildiriblər ki, “Bakıelektrikşəbəkə” ASC-nin Suraxanı rayon Enerji Təchizatı və satışı idarəsində qanunsuzluq və özbaşınalıq əvvəlki illərlə müqayisədə daha da ağırlaşıb. ASC-nin rayon idarəsinin rəisi Abdulla Əliyev isə qanunlara məhəl qoymur. Əslində, baş verən problemlər onu heç maraqlandırmır da. İdarə rəisi yeni rəhbərliyin “kadr islahatları dalğası”nın onu da “vuracağını” nəzərə alaraq korrupiya və rüşvətxorluq hallarının artmasına şərait yaradıb, bununla da öz “yarımçıq işləri”ni tamamlamaq istəyir. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, Abbas Fətəliyev 10-da (telefon: 478 37 18, 478 37 19) yerləşən idarədə qanunlara və vətəndaşlara biganəlik göstərilir.

Sakinlərin sözlərinə görə, idarə son bir neçə ayda heç bir abunəçilərə enerji borcları ilə bağlı heç bir rəsmi sənəd (bildiriş) göndərməyib. Amma ötən gün rayonun Hövsan və digər qəsəbələrində xəbərdarlıq etmədən sayğacları donduraraq sakinlərin elektrik enerjisini kəsib. Ötən gecə bir çox mənzillərdə, qışın soyuq çağında vətəndaşlar qaranlıqda keçirmək məcburiyyətində qalıblar. Hətta borclarını ödəyən sakinlər də Yeni Günəşlidə yerləşən baş idarəyə zəng edib elektrik enerjisinin verilişini bərpa etməsini tələb etsələr də, onlara bildirilib ki, axşam saatlarında bu, mümkün deyil, yalnız sabah bərpa oluna bilər.

Sakinlərin əksəriyyəti Arqument.Az-a bildirir ki, bir neçə aydır onlara borclarla bağlı bildiriş və xəbərdarlıq gəlmir. Belə halda onlar işığa olan borclarının da nə qədər olduğunu bilmirlər. Bundan başqa, bəzən sakinlərə şişirdilmiş rəqəmlər köhnə qalıq borcları kimi təqdim olunaraq əlavə pul ödəmələrinə şərait yaradılır. Vaxtaşırı isə “koda düşmüş” və tez-tez xarab olan sayğaclara görə onlardan əlavə pul tələb olunur: “Ötən gün Hövsanda baş vermiş problemlə bağlı Yeni Günəşli qəsəbəsində yerləşən idarəyə zəng edib problemin nə zaman həll olunacağını dəqiqləşdirmək istədik. İdarənin 478 37 -20 nömrəli telefonuna zəng etdik. Oradan bildirdilər ki, problemlə bağlı sahə rəisi (nəzarətçi də olduğunu deyrlər.red) Malik (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxslə əlaqə saxlayaq. Malik adlı şəxsin 050 580 35 72 nömrəli telefonuna zəng edib problemlə maraqlandıq. O, bu məsələ ilə bağlı köməkçisi – mühəndis Sarvan adlı şəxslə əlaqə saxlamağımızı dedi. Sarvan adlı həmin şəxsin 050 733 33 31 nömrəli telefonuna zəng etsək də, o, problemin ancaq bir gün sonra həll olunacağını bildirdi. Yenidən baş idarəyə zəng etsək də, oradan da normal cavab ala bilmədik. Evlərimizdə körpə uşaqlar var. Əksər hallarda evləri qızdırmaq üçün elektrik sobalarından, avadanlıqlarından istifadə edirik. Bizi çox ağır durumda saxladılar”.

Göründüyü kimi, dövlət qurumu “ötür-ötür” oyunu oynamaqla problemlərin həllindən yayınır, bundan isə məhz sakinlər əziyyət çəkir.

Əldə etdiyimiz digər məlumata görə, Abdulla Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Satış departamenti direktorunun müavini Ələkbər Əliyevin yaxın qohumlarındadır. Bundan başqa, onun Suraxanı rayonunun icra başçısı İlqar Abbasovla da yaxın münasibətləri var. Ona görə də heç bir şikayətə məhəl qoymur, rəhbəri olduğu dövlət qurumunu özəl müəssisəsi kimi idarə edir. Məhz onun yarıtmaz və saymazyana münasibətinin nəticəsidir ki, Hövsan sakinlər Malik və Sarvan adlı iki şəxsin əlində biçarə qalıblar.

Sakinlər isə ümid edirlər ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni rəhbəri Balababa Rzayev bu rayonda baş verənlərə biganə qalmayacaq, baş verən özbaşınalığa son qoyaraq korrupsiyaya bulaşmış məmurları cəzalandıracaq. Həmçinin sakinlər sözügedən idarə ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət edəcəklərini istisna etməyiblər. Artıq onlar qış aylarında elektrik enerjisinin verilməsi ilə bağlı “cana doyduqlarını” deyirlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.