BolgeXeber.Com » Şou-Biznes » Müğənnilər toya manatla, yoxsa dollarla gedəcək?

Müğənnilər toya manatla, yoxsa dollarla gedəcək?

23-02-2015, 18:00
Oxunub: 3 508 Müğənnilər toya manatla, yoxsa dollarla gedəcək?“Manat nə qədər dəyərdən düşsə də, o bizim manatımızdır və biz yenə də onu sevirik”

Dolların qiymətinin qalxması ölkədə gəginlik yaradıb. Vətəndaşlar manatın son məzənnəsini öyrənmək üçün valyuta dəyişmə məntəqələrinə axışırlar. İnsanlar daha çox manatı dollara dəyişməyə cəhdlər edir. Hazırda bir çox valyutadəyişmə məntəqələrində dollar və manatın alqı-satqısı dayandırılıb.
Ölkədəki bu vəziyyət bütün sahələrə öz təsirini göstərməkdədir. Bazardakı məhsul və ərzaqların qiymətləri süni şəkildə 30-40%-dək artırılıb.
Bəs görəsən müğənnilərimiz toy qiymətlərini atıracaqlarmı, onlar toylara dollar, yoxsa manatla gedəcəklər?
“Yeni Müsavat”ın əməkdaşı bununla bağlı olaraq ölkədə tanınan bir neçə müğənnilər arasında sorğu keçirib.
Müğənni bəstəkar Cabbar Musayev toy qiymətlərində dəyişiklik etməyəcəyini bildirib:
“Azərbaycanda hansı müğənni dollarla toya gedər? Bu günəcən manatla işləmişik, bundan sonra da belə olacaq. Manat nə qədər dəyərdən düşsə də, o bizim manatımızdır və biz yenə də onu sevirik. Hamımız bilirik ki, zamanında ətraf ölkələrdə iqtisadiyyatda infilyasiya olarkən, bizdə manat uzun müddət öz qüvvəsini saxlaya bildi. Bu bizim üçün böyük bir şərəfdir.
Qiymətlərə heç bir dəyişiklik etməyəcəyik. Lakin vəziyyət daha da gərginləşərsə bu haqda biz müğənnilər də artıq ciddi düşünməli olacayıq. Lakin inanamırıq ki, manatın aşağı düşməsi bundan sonra da davam etsin”.
Müğənni Könül Kərimova isə bu barədə hələ ki, düşünmədiyini deyib:
“Heç kim bilmir ki, sabah başına nə iş gələcək. Belə gəlmişik belə də gedəcəyik. Yəni, şəxsən mən qiymətlər də heç bir dəyişiklik etməyəcəm, bu barədə hələ ki, düşünməmişəm. Niyə dollar? Əvvəllər manatla işləyirdik, bu gün də belə olacaq”.
Əməkdar artist Nüşabə Ələsgərli vəziyyətlə bağlı müğənnilər arasında da çaşqınlıq yarandığını bildirib:
“Manatın bu qədər düşməsi cəmiyyətdə hər kəsə təsir etdiyi kimi biz müğənnilərə də təsirsiz ötüşməyib. Həl ki, bir qərar verə bilmirik. Başqalarında olduğu kimi müğınnilər arasında da çaşqnlıq yaranıb. Bildiyimə görə bu məsələ ilə bağlı dövlət məmurları iclas keçirməlidirlər. Nəticəni biz də gözləyirik”.
Bəstəkar-müğənni Elza Seyidcahan hər iki tərəfi güzəştə getməyə çağırıb:
“Bu 3-4 gün ərzində baş verən hadisədir. Baxacağıq, insanlar necə, biz də o cür işləyəcəyik.
Təbiii ki, həmişəki kimi hər şeyə tablaşıb güzəştlərə getməliyik. Xalq vəziyyəti yaxşı başa düşür. Buna görə də onlar bizi, biz də onları anlamalıyıq”.
Qeyd edək ki, bir neçə gündür ki, ölkədə “manat faciəsi” yaşanır. Son olaraq Mərkəzi Bank fevralın 23-nə 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsini isə 1,1950 AZN kimi müəyyən edib. Həmçinin Mərkəzi Bankdan bildirilib ki, dollarının rəsmi məzənnəsi fevralın 24-dək 1,05 manat səviyyəsində olacaq.