BolgeXeber.Com » Bölgə » Beyləqan təhsilində şok maxinasiyalar

Beyləqan təhsilində şok maxinasiyalar

28-02-2015, 17:42
Oxunub: 3 170 Beyləqan təhsilində şok maxinasiyalarTofiq Sadıqov saxta diplomlunu “qalib edib”

Qəzetimizin ötən saylarında biz dəfələrlə Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun öz işində yol verdiyi ciddi nöqsanlardan bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin materiallarda bildirilirdi ki, bu məmurun yol verdiyi qanun pozuntuları yerli ictimaiyyətin, xüsusən də pedaqoji heyətin narazılıqlarını son həddə çatdırıb. Kütləvi informasiya vasitələri tərəfindən fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri mütəmadi olaraq obyektiv tənqidə məruz qoyulan Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, redaksiyamıza daxil olan məlumatlarda yenidən rüşvətxorluq, mənimsəmə və digər korrupsiya hallarında ittiham olunur.Lakin bütün bu ifşaedici məlumatlara baxmayaraq bu məmur hələ də öz qanunsuz əməllərinə davam etməkdədir. Bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Tofiq Sadıqov hətta Maliyyə nazirinin göstərişi ilə bu yaxınlarda Beyləqanda aparılmış yoxlamadan da öz qazancı üçün yararlana bilib. Belə ki, mənbənin iddiasına görə Maliyyə Nazirliyinin yoxlamalarını “yola salmaq” üçün RTŞ müdiri hər müəllimdən 10, texniki işçilərdən isə 5 manat toplanmasına dair göstəriş verib. Məlumat üçün qeyd edək ki, hazırda Beyləqanın təhsil müəssisələrində 1982 nəfər müəllim, təxminən 300 texniki işçi çalışır. Bu isə yığılan pulun ümumi məbləğinin 20 min manatdan çox olduğunu deməyə imkan verir. Mənbənin bizə verdiyi məlumata görə, Tofiq Sadıqov fürsəti boşa verməyərək yığdığı qanunsuz pullardan heç kimə “pay” verməsə də, onu Təhsil Nazirliyində çalışan bir şəxslə yarı bölməyə məcbur olub. Buna səbəb isə RTŞ müdirinin yeni qanunsuz “yığımı” haqda nazirlikdəki həmin şəxsin xəbər tutması olub. Digər tərəfdən isə, bir müddət əvvəl ölkə mətbuatında bu məmurun əslində tutduğu vəzifəyə müvafiq ali təhsilinin belə olmadığına dair məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun diplomu saxtadır və o, bu sənədi 1979-cu ildə əldə edib. Mənbənin sözlərinə görə, həmin diplom birüzlüdür. Yəni, adi kağız parçasından bir o qədər də fərqlənmir. Bu xüsusda bizim aldığımız məlumatda isə bildirilirdi ki, sözügedən saxta sənəd əldə edilən zaman Tofiq Sadıqov həbsdə olub. Belə olduğu halda, təbii ki, bu RTŞ müdirinin hər hansı qanunsuz əməlinə təəccüblənmək lazım deyil. Elə bu yaxınlarda Elvin Abbasov adlı saxta diplomlu başqa bir “müəllimin” də Tofiq Sadıqovun səyləri nəticəsində “Ən yaxşı müəllim””müsabiqəsinin qalibi olması əslində adi hal kimi qəbul olunmalıdır. Qəzetimizin ötən saylarından birində biz artıq bu insident barədə müəyyən açıqlamalar təqdim etmişdik. Dərc etdiyimiz materialda göstərilmişdi ki, bir müddət bundan əvvəl Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplom alınmışdır. Bundan sonra isə saxta diplom sahibi olan Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013/2014-cü tədris ilində “Ən yaxşı müəllim””müsabiqəsinə qatılmışdır. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub. Bu maxinasiya isə Tofiq Sadıqova və Vaqif Abdullayevə saxta diplomun düzəldilməsi üçün 8 min manat, Elvin Abbasovun Beyləqan rayon 6 saylı orta məktəbinə tarix müəlllimi vəzifəsinə işə qəbulu üçün 3 min manat, müsabiqədə iştirakına görə 6 min manat və nəhayət “qalibin” mükafatlandırıldığı 5 min manat da daxil olmaqla ümumilikdə 22 min manat qazandırıb... bizimdovr.az